Azərbaycan Respublikası Baş nazirinin müavini, Xalq yazıçısı Elçin bu günlərdə 80 yaşı tamam olmuş Ramiz Məmmədzadəyə təbrik teleqramı göndərib.
Teleqramda deyilir:
"Hörmətli qələm dostum Ramiz Məmmədzadə.
Sizi, müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini anadan olmağınızın səksən illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Siz bu yubileyi şəxsiyyət kimi də, sənətkar kimi də alnı açıq, üzü ağ qarşılayırsınız. Sərfəli ömür yaşamış xeyirxah və sədaqətli bir insan kimi sizin səmimiliyiniz, sadəliyiniz, eyni zamanda vətənpərvərliyiniz ilə poeziyanız arasında üzvi bir vəhdət var və buna görə də sizin yaradıcılığınız bir küll halında səmimi yaradıcılıqdır. Sizin poeziyanızda falş yoxdur. Siz həm də əsl vətəndaş mövqeyi ilə seçilən görkəmli bir publisistsiniz.
Sizi bir daha ürəkdən təbrik edir, sizə yüz illiyinizi də bugünkü kimi səmimi və təzə-tər şeirlərinizlə qarşılamağı arzulayıram".