Tağı Əhmədov - bu ad bütün Azərbaycan xalqına tanışdır. Çünki xalq onu yaxın vaxtlara qədər tez-tez görürdü televiziya efirində, qəzetlərdə, jurnallarda demək olar, bütün kütləvi informasiya vasitələrində.
O tez-tez çıxışlar edir, jurnalistlərin suallarına cavab verirdi, hərdən əsəbiləşirdi, hərdən gülürdü; amma hamıya qulaq asırdı, cavab verirdi. Özü də fikirləşdiyini deyirdi, təmiz Azərbaycan dilində, bu xalqın öz danışıq dilində, ürəkdən, səmimi heç nəyi gizlətmirdi, yalan danışmırdı. Niyə? Çünki siyasət adamı deyildi Tağı müəllim. Axı siyasət (politikos) yunan sözüdür, özü də "yalan" deməkdir. Siyasətçilərin çoxu fikirlərində tutduqlarını demirlər, başqa şey deyirlər; bəziləri qorxur, bəziləri isə sadəcə əsl siyasətçidirlər, diplomatdırlar. Tağı müəllim bunların heç birindən deyil. Tağı Əhmədov xalqın içindən çıxmış və öz xəlqiliyini, səmimiyyətini saxlamış, onu itirməmiş Azərbaycan oğludur. O, kişi adamdır! Bunu təkcə mən demirəm, çoxları deyir. Bizdə necədir? Bir atalar misalında deyildiyi kimi, adətən "Yıxılana baltalı da, baltasız da", yəni vəzifədən çıxandan hamı qaçır, onun arxasınca hərə bir söz deyir. Ancaq tək-tük adamlar olur ki, onlar vəzifədən çıxandan sonra da həmin hörmətini saxlayır, bəlkə daha da hörmətli olur. Bir atalar misalımızda da deyirlər: "Kişi gərək atdan düşəndə, addan düşməsin". Bax, Tağı müəllim belə kişilərdəndir.
Deyəcəksiz, niyə mən belə tərifləyirəm Tağı müəllimi? Görəsən o mənə nə edib? Vallah, heç nə! Sadəcə mən də fikirləşdiyimi, gördüyümü, bildiyimi deyirəm. Gərək elə kimsə kiməsə nə isə eləsinmi? Mənə eləməyib, başqalarına eləyib, Vətəninə, torpağına, xalqına çox şeylər eləyib. Əsas da budur. Mən bircə misal çəkəcəm. Ağstafanın Poylu kəndinin bir tərəfi susuzluqdan, quraqlıqdan pis günə düşmüşdü. O yer həmin yerdir ki, orada Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə doğulub. İndi gəlin baxın ora! Tağı müəllim orada bir sərin artezian bulağı vurdurub, üstünü də düzəltdirib; mən həmişə kəndə gedəndə orada düşüb su içir, Tağı müəllimin atasına-anasına rəhmət, özünə və bizim qeyrətli bacımız Salatın Əhmədliyə cansağlığı diləyirəm. Eləcə də o yurdun sakinləri: hamının qapısı, bağı-bağçası yamyaşıl, yolların qırağı gül-çiçək. Hələ üstəlik Tağı müəllim hörmətli şairimiz Nəriman Həsənzadənin ata yurdunda, yolun qırağında ona ora gedəndə yaxşı istirahət etmək üçün bir gözəl ev də tikdirmiş ki, gəl görəsən.
Eləcə də vəzifədə olan vaxt həyat yoldaşı, gözəl yazıçı, alim, jurnalist elqızımız Salatın Əhmədli ilə birgə nə qədər xeyirxah işlər görmüşdür bu adam. Amma heç vaxt onlar bu işləri reklam etməmiş, heç kimə bildirməmişlər. Odur ki, bu gün Tağı müəllim hamımızın doğmasına, əzizinə çevrilmiş, bizimlə qaynayıb-qarışmış bir insandı, bir şəxsiyyətdi, bir kişidi. Bəli, vəzifə, var-dövlət insan üçün Allah tərəfindən ona verilmiş bir sınaq məqamıdır. Hamı ondan Tağı müəllim kimi istifadə etsə ona ölüm yoxdur; yox, kim ondan ancaq özü və özününkülər üçün istifadə edəcəksə, onda vay onun elə sağ vaxtı halına. Atalarımız bir də deyiblər: "Verdiyin sənindir, yığdığın özgənin". Tağı müəllim bunu yaxşı bilirdi və bilir. Tağı müəllim həm də romantikdir, gözəl şairdir, onun çoxlu sayda gözəl şeirləri və bu şeirlərə bəstələnmiş bir neçə gözəl mahnılar var.
Burada rus yazıçısı Konstantin Paustovskinin bir sözü yadıma düşür: "Romantik xasiyyət insana yalançı, ağılsız, qorxaq və qəddar olmağa imkan vermir". Əksinə, o, həmişə həqiqətpərəst, ağıllı, cəsarətli və xeyirxah olur. Tağı Əhmədov belə insandır, şəxsiyyətdir.
Tağı müəllim, mən sizə Ulu Tanrıdan can- sağlığı, beləcə qalmağı, həmişə belə uca olmağı, Salatın bacımızla daima qoşa uçmağı arzulayıram! 70 yaşınız mübarək!
Əlillərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması Azərbaycanın sosial dövlət modelinin mühüm komponentlərindəndir
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının günü-gündən yaxşılaşdırılmasıdır. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlərin ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdir.
Əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların ictimai həyatın bütün sahələrində bərabər hüquqlu iştirakına şərait yaradılması və layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ildən-ilə güclənən sosial siyasətinin mühüm tərkib hissəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gözdən əlillər üçün inşa etdirdiyi yaşayış binasının açılışı mərasimində Prezident İlham Əliyevin dediyi "Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar" fikri bu gün ölkədə əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən kompleks tədbirlərin əsas məramını ifadə edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil etdiyi halda Azərbaycanda əlilliyin səviyyəsi bundan 2,5 dəfə azdır. Belə ki, ölkə əhalisinin təqribən 6 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardan ibarətdir. Azərbaycanda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ölkə qanunvericiliyində və BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərin maddi təminatı da diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası və ya aylıq sosial müavinətlə təmin edilənlərin 36 faizə qədərini, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların isə 71 faizini məhz əlilliyi olan şəxslər təşkil edir.
Valeh NƏSİBLİ