|
|
|
|
"Ümumiyyətlə, Mehman Hüseynov kimilərini beynəlxalq təşkilatlar müdafiə etmir. Onu və onun kimi digərlərini xaricdəki müəyyən qeyri-hökumət təşkilatları (QHT) müdafiə edir. Maraqlananda isə həmin QHT-lərin bu çağırışlarında siyasi motivlərin olduğunu görərik".
Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, bu gün Mehman Hüseynov adlı şəxsin tutulması onların Azərbaycanla bağlı hansısa layihəsinin həyata keçməməsi, Azərbaycanla bağlı hansısa fikirlərinin reallaşmamasından irəli gəlir: "Bu şəxs konkret olaraq cinayət əməlinə görə həbs olunub. Amma nədənsə onun təhqir etdiyi insanların müdafiəsinə heç kəs qalxmır. Belə çıxır ki, Azərbaycanda Mehman Hüseynovlar üçün bir Cinayət Məcəlləsi, digərləri üçün ikinci bir Cinayət Məcəlləsi olmalıdır. Ümumiyyətlə, qanun qarşısında hamı bərabərdir. Heç kəs qanunu poza, cinayət əməlinə yol verə bilməz. Əgər cinayət əməlinə yol verdikdə hüquqi dövlət olduğumuza görə, əlbəttə, məhkəmə tərəfindən müvafiq cəzasını alacaq. Biz Avropadan demokratiyanı, insan hüquqlarını, qanunun aliliyini öyrənirik".
A.Mirzəzadə əlavə edib ki, inkişaf etmiş demokratik ölkələrdən bizə hansısa bir şəxsi təcili azad etmək tələbi gəldikdə onların çağırışları ilə bizim öyrəndiyimiz demokratiya bir-birinə düz gəlmir: "Yəni bu baxımdan mən istərdim ki, Mehman Hüseynov məsələsi siyasiləşdirilməsin və bu məsələyə siyasi qiymət verilməsin. Konkret olaraq onun hərəkətlərində cinayət əməli olub. Həmin cinayət əməlinə görə də Mehman Hüseynov həbs edilib".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə deyib ki, vətəndaş Mehman Hüseynov törətdiyi cinayət əməlinə görə həbs edilib və onun həbsini fəaliyyəti ilə əlaqələndirmək gülüncdür. Onun sözlərinə görə, Azərbaycanda nə siyasi, nə ictimai fəaliyyəti ilə bağlı həbs edilən yoxdur: "Azərbaycan dövlət qanunları ilə idarə olunur. Burda heç kim cinayət törətmədən həbs edilmir. Bəzi beynəlxalq və yerli təşkilatlar siyasi məhbus adı ilə alver edirlər. Konkret faktlarla tutulan insanları siyasi məhbus adlandırmaq istəyirlər. Bu qəbulolunmaz faktdır. Qanun hər bir vətəndaş üçün eynidir, heç kim bu qanunlardan kənar hərəkət edə bilməz. Sən jurnalist kimi fəaliyyət göstərə bilərsən, amma sənin vətəndaşdan artıq heç bir hüququn ola bilməz. Qanun hamı üçün qanundur və qanunların tətbiqi də hamı üçün eynidir. Kimsə cinayət törədəcəksə, qanunu pozacaqsa, təbii ki qanun qarşısında cavab verəcək. Jurnalistin əlahiddə səlahiyyətləri olmalıdır, kimsə bildiyini eləməlidir? Bu qətiyyən yolverilməzdir. Və həmin təşkilatlar birdəfəlik dərk etməlidirlər ki, Azərbaycanda siyasi məhbus yoxdur. O, konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb".
Millət vəkili Fazil Mustafa isə SİA-ya bildirib ki, Mehman Hüseynovun həbsinin siyasiləşdirilməsinin heç bir mənası yoxdur: "Bundan kimsə dövlət əleyhinə istifadə etməyə çalışmamalıdır". O bildirib ki, kimsə həbs olunubsa və nədənsə narazıdırsa, bunun üçün ölkədə hüquqi mexanizmlər var, apelyasiya, ardınca kassasiya şikayəti edib və Avropa Məhkəməsinə müraciət edə bilər: "Bu həbsin siyasiləşdirilməsinə heç bir səbəb yoxdur. Bu kimi məsələdən şou düzəltmək də yanlışdır".
Bu məsələdən sonra AŞPA-da Azərbaycan əleyhinə hansısa qətnamənin qəbul ediləcəyi ilə bağlı "milli şura"nın iddiasına gəlincə, millət vəkili deyib ki, onlar çox iddia edə bilərlər, ancaq bu inandırıcı deyil: "Avropa Şurasında bir nəfərə görə belə məsələlər gündəmə gətirilmir. İndiyə kimi belə hədələr olub, amma hüquqi müstəvidə həllə məşğul olsalar, daha doğru olar".
F.Mustafa onu da bildirib ki, bəzi beynəlxalq QHT-lər Azərbaycanın qaçqın problemi, Qarabağ münaqişəsi ilə bağlı deyil, konkret cinayət əməli ilə bağlı məsələyə görə hədələyici bəyanatlarla çıxış etməsi ikili standartlardan irəli gəlir: "Azərbaycana qarşı bu cür qurumlar qərəzli mövqedən çıxış edirlər. Bu kimi bəyanatlar Azərbaycan üçün ciddi əhəmiyyət daşımır. Biz çalışmalıyıq ki, ən azından hüquqi müstəvidə elə bir problemlərimiz olmasın və onlara da bəhanə verməyək. Amma bütün hallarda bu qərəzli mövqelərinə fikir verməli deyilik".
"Hər bir şəxs törətdiyi əməllərə görə məhkəmə qarşısında cavab verir. Mehman Hüseynov da etdiyi əməlinə görə həbs edilib". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, "hüquq müdafiəçiləri" Mehman Hüseynovun həbsi ilə əlaqədar ölkəmizə çağırış etməkdənsə, onun fəaliyyətini araşdırsınlar: "Azərbaycanda insan hüquqlarının tapdalanması ilə bağlı suallara ötən ilin sonunda ən yüksək səviyyədə, Azərbaycan Prezidenti tərəfindən cavab verilib. Sadəcə olaraq bəziləri diqqəti cəlb etməyə, bu məsələləri yenidən gündəmə gətirməyə cəhd edirlər. Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur. Ölkəmizdə heç kim sosial şəbəkələrdə yaydığı fikirlərə və ya ideyasına görə təqib edilmir, həbs olunmur. Sadəcə əməlində cinayət tərkibi olan hər kəs öz cəzasını çəkir".
Politoloq qeyd edib ki, məsələdən narazı olanlar yuxarı məhkəmə instansiyalarına müraciət edə bilərlər: "Azərbaycanda vətəndaşlar məhkəmələr vasitəsilə öz hüquqlarını müdafiə etmək hüququna malikdirlər. Bu baxımdan kimlərinsə ölkəmizin məhkəmə və hüquq sisteminin çıxardığı qərarları kölgə altına salmaq istəməsi yolverilməzdir. Azərbaycanda xeyli blogerlər var ki, onlar öz fikirlərini sərbəst şəkildə çatdırmaq hüququna malikdirlər".
AZAD