|
|
|
|
Məlum olduğu kimi, martın 5-də prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib. İki qonşu ölkə arasında əlaqələrin hərtərəfli inkişafı baxımından mühüm səciyyə daşıyan səfər zamanı dövlət başçısı İlham Əliyevlə İran prezidenti Həsən Ruhani məhdud tərkibdə görüş keçirdikdən sonra tərəflər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparıblar.
AZƏRTAC-ın məlumatına görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin əlaqələrin inkişafında böyük rolu olduğu qeyd edilib, ölkələrimiz arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra İlham Əliyev və Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. İki ölkə arasında "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.
İran prezidenti qeyd edib ki, son üç il ərzində Azərbaycan-İran əlaqələri yüksək səviyyədə inkişaf edib: "Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib. Son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla, hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir. Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır".
Azərbaycanın Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcəyini deyən H.Ruhani qeyd edib ki, iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq: "Hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir. İran İslam Respublikası Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək".
Tərəflər arasında danışıqların əsas mövzularından birinin də üçtərəfli əməkdaşlıq formatı ilə bağlı olduğunu deyən İran prezidenti bildirib ki, üçtərəfli əməkdaşlıq formatı - Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan gündəlikdədir: "Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Üç ölkənin dövlət başçıları səviyyəsində bu məsələ ilə bağlı toplantı da keçirilib. Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər davam etdirilməlidir".
Regionda baş verən hərbi toqquşmalara toxunan, terrorizmlə mabarizənin gücləndirilməsinin vacibliyindən danışan H.Ruhani deyib ki, Azərbaycanın və İranın regional məsələlərlə əlaqədar mövqeləri bir-birinə yaxındır: "Biz bu fikirdəyik ki, terrorist fikirlər və terrorist ideyalar bu bölgədə həmişəlik yox olsun. Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın". Ölkələrin ərazi bütövlüyünə hörmət edilməli, regiondakı münaqişələrin danışıqlar və diplomatik yollarla tənzimlənməli olduğunu qeyd edən İran prezidenti onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini tapacağına ümid edir.
Öz növbəsində prezident İlham Əliyev isə çıxışında qeyd edib ki, son üç il ərzində İran İslam Respublikasına üçüncü səfəri reallaşıb, bütövlükdə, bu illər ərzində prezident Ruhani ilə səkkiz dəfə görüş keçirib: "Bu, özlüyündə bir göstəricidir. Bu göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri çox uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət, ortaq din əsasında qurulub. Bu möhkəm təməl əsasında biz gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İran İslam Respublikasına minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır".
İki ölkə arasında iqtisadi sahədə əldə olunan bir sıra uğurlara toxunan dölvət başçısı qeyd edib ki, keçən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb: "Bu, əldə edilmiş razılaşmaların nəticəsidir. İmzalanmış bütün sənədlər həyatda öz əksini tapır və reallaşır. Təkcə keçən il mənim İrana və Prezident Ruhaninin Azərbaycana səfərlərimiz çərçivəsində 18 sənəd imzalanıb. Bu gün isə əlavə iki sənəd imzalanıb. Bu, əlaqələrimiz üçün möhkəm hüquqi baza yaradır".
Prezidentin İrana səfəri ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, səfər bir çox məqamları ilə mühüm əhəmiyyət daşıyır: "Səfər ABŞ-İran ziddiyyətlərinin yenidən kəskinləşdiyi və Vaşinqtonun 4 körfəz ölkəsindən ibarət ərəb NATO-sunun yaranmasına start verdiyi bir vaxtda baş verir. Xatırladım ki, Amerika özünə düşmən saydığı gücə qarşı birinci dəfə deyil ki, buna bənzər dördlük formalaşdırır. Yaxın Şərqdə SSRİ-nin önünü kəsmək üçün hələ 1937-ci ildə Saadabad anlaşmasıyla Türkiyə, İran, İraq və Əfqanıstanın yer aldığı bir birlik formalaşdırılmışdı. 1955-ci ildə isə eyni məqsədlə CENTO, yəni, Mərkəzi Andlaşma Təşkilatı yaradıldı ki, onun da yenə 4 üzvü vardı - Türkiyə, Pakistan, İran və İraq. Ancaq hələ o vaxtdan Vaşinqtonun yenə də SSRİ-yə, sonra isə regiondakı iddialı və böyük dövlətlər olan Türkiyə ilə İrana qarşı istifadə etmək niyyətliylə ərəb NATO-su yaratmaq planı vardı. Sadəcə ərəblərlə İsrail arasında savaş nəticəsində bu plan reallaşdırılmamış qaldı. İndi ərəb dövlətləri, özəlliklə də körfəzdəkilərlə İran arasında ziddiyyət İsraillə bu dövlətlər arasındakı ziddiyyəti ikinci plana keçirib. Körfəz ölkələrinin lideri rolunda çıxış edən Səudiyyə Ərəbistanıyla İsrail rəsmiləri arasında gizli danışıqların getdiyi və bu dövlətlərin müəyyən, ən çox da İranla bağlı məsələlərdə eyni mövqe sərgilədiləri kimsəyə sirr deyil. Belə bir vaxtda rəsmi Tehranın Azərbaycanla əlaqələri yaxşılaşdırması onun özünün maraqları baxımından önəmlidir. Azərbaycana gəldikdə isə, biz regionun aparıcı aktorlarından sayılan, bir çox xətlərlə bağlı olduğumuz İranla əlaqələrin qarşılıqlı fayda, anlaşma və hörmət üzərində qurulmasına çalışmışıq, bu gün də çalışırıq".
Deputat bildirib ki, Azərbaycan-İran əlaqələrinin yaxşılaşması hər iki ölkə üçün təkcə geosiyasi yox, geoiqtisadi baxımdan da olduqca əlverişlidir: "Məlum olduğu kimi, Çin özünün "Bir yol və Bir qurşaq" adlandırdığı qlobal nəqliyyat layihəsini reallaşdırmaq üçün böyük hazırlıq işləri görür. Bu layihə ''Yeni İpək Yolu'', ''Cənub İpək Yolu'' və ''XXI əsrin Dəniz İpək Yolu''nu özündə birləşdirir ki, kordinasiyalı sıx əməkdaşlıq Azərbaycanla İranı onlardan ikisində ''Yeni İpək Yolu'' və ''XXI əsrin Dəniz İpək Yolu''nda önəmli oyunçuya, qovşaq ölkələrə çevirə bilər. Onu da deyək ki, artıq son üç ildə Çin bu layihələrin reallaşması yönündə 50 milyard dollar xərcləyib. 2016-2020-ci illər arasında isə nəqliyyat infrastrukturuna nə az, nə çox, düz 2 trilyon 180 milyard dollar xərclənməsi planlaşdırılır ki, onun da böyük bir hissəsi məhz dediyimiz layihənin reallaşdırılmasına yönəlib".
S.Alıyevin sözlərinə görə, Azərbaycanın çəkdiyi həm şərq-qərb, həm də şimal-cənub dəmir yolu xətləri əslində Çinin bu qlobal layihəsinin tərkib hissəsi kimi çıxış edir və sadəcə həmin layihələri biz öz vəsaitimiz hesabına reallaşdırdığımızdan əsas söz sahibi rolunda da özümüz çıxış edirik: "Azərbaycanla İran həm İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü, həm də iki yaxın qonşu olaraq vurğuladığım kimi sıx, koordinasiyalı əməkdaşlıq nəticəsində şərqdən qərbə, şimaldan cənuba daşınan yüklərin əhəmiyyətli bir hissəsinin məhz iki ölkədən keçməsini təmin edə bilərlər ki, bu da milyardlarla gəlir deməkdir. Ötən il dekabrın 29-da Naxçıvandan Məşhədə, dünən isə Azərbaycan Astarasından İran Astarasına qatarların yola düşməsi bu yolda atılan ilk addımlardır. Astara-Astara və Naxçıvan-Məşhəd qatarları "dəmir qaranquşlar"dır".
Deputat onu da bildirib ki, səfər zamanı İran Prezidenti Ruhanin ölkəsinin Azərbaycanın torpaq bütünlüyünü dəstəklədiyini bildirməsi və bu zaman Dağlıq Qarabağ probleminin sülh yoluyla çözülməsinə tərəfdar çıxdıqlarını vurğulaması mühüm əhəmiyyət kəsb edən məqamlardandır: "Təbii ki, problemin sülh yoluyla həlli hamıdan çox Azərbaycanın marağındadır və 25 il dözərək danışıqlar aparması da bunun ən aydın göstəricisidir. Amma bu məsələ 25 yox, 5 ilə sülh yoluyla öz həllini tapa bilərdi. Bunun üçün ilk növbədə regionun böyük dövlətləri - Rusiya və İran BMT nizamnaməsinin 7-ci bəndindəki 39, 41 və 42-ci maddələrinə uyğun olaraq, işğalçı Ermənistana qarşı sanksiya tətbiq etməli, ən azından onu təcrid vəziyyətindən çıxarmağa çalışmamalıydılar. Azərbaycanla İran arasında iki ölkəni birləşdirən dəmir yolu xəttinin çəkilməsiylə başlanan yeni əməkdaşlıq mərhələsi dəmir xarakter daşıyarsa, Ermənistanla hansısa "balanslaşdırılmış" addımların atılmasına gedilməzsə, fikrimizcə, bu, Dağlıq Qarabağ probleminin cənab Ruhaninin vurğuladığı kimi sülh yoluyla həllini tezləşdirərdi".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin İrana səfəri iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafını gündəmə bir daha gətirib: "Cənub qonşumuza tətbiq edilən sanksiyalar yumşaldıldıqdan sonra İran region üçün aparıcı bazarlardan birinə çevrilməkdədir. 78 milyon istehlakçı, 1.459 trilyon dollar (PPP ilə) Ümumi Daxili Məhsul və 63 milyard dollarlıq idxalı ilə İran cəlbedici iqtisadi tərəfdaşdır. Azərbaycan ilə İran arasında iqtisadi münasibətlər hansı səviyyədə inkişaf edə bilər? Əvvəlla, iki ölkə arasındakı rəsmi ticarət dövriyyəsi mövcud münasibətlərin səviyyəsini xarakterizə etmir və təbii ki, bu dövriyyənin artırılması olduqca vacibdir. İki dövlət arasındakı ticarət dövriyyəsi cəmi 123 milyon dollardır və halbuki bu göstərici 10 il öncə yarım milyard dollardan çox idi. Deməli, ticari əlaqələrin genişləndirilməsi vacibdir. Azərbaycan bir sıra sənaye məhsulları ilə İran bazarına çıxış imkanı əldə edə bilər. İkincisi, İran turizm sahəsində ciddi tərəfdaş ola bilər. İranlılar üçün sekular Azərbaycan yalnız Novruz bayramında deyil, eyni zamanda ilin digər fəsillərində də cəlbedici turizm destinasiyasıdır. Bu isə real valyutanın ölkəyə daxil olması baxımdan əlverişlidir. Üçüncüsü, İran kiçik və orta miqyaslı sənaye sərmayəsində yaxşı tərəfdaş ola bilər. Əczaçılıq, avtomobil və eləcə də qida sənayesində başlanılan əməkdaşlıq buna misaldır. İranın xarici sərmayəçi kimi Azərbaycana qeyri-neft sektorunda investisiyalarının həcminin artırılmasına ciddi şəkildə ehtiyac var".
V.Bayramov hesab edir ki, Azərbaycan İrana investisiya etmək istəyən xarici sərmayədarlar üçün baza ölkəsi rolunu oynaya bilər: "Bir sıra Qərb şirkətləri əsas ofislərini Azərbaycanda yaratmaqla ölkəmiz üzərindən İrana investisiya yönəldilməsinə nail ola bilərlər. İran regional enerji və nəqliyyat dəhlizlərində Azərbaycanla tərəfdaşlıq edə bilər. Bütövlükdə, uzun müddət sankiyalara məruz qalan cənub qonşumuzun indi Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməsi imkanları heç də az deyil".
Ceyhun ABASOV