Martın 28-də Bakı Avrasiya Universiteti nəzdində fəaliyyət göstərən “Avrasiya Oxucu Klubu”nda “Çağdaş Azərbaycan ədəbiyyatına xarici təsirlər: mənfi və müsbət təmayüllər” mövzusunda müzakirə keçirilib.
Yazıçı və tərcüməçi Nəriman Əbdülrəhmanlı ilə “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli müzakirədə qonaq qismində iştirak ediblər.
Tədbiri universitetin prorektoru Gözəl İbrahimova açıb. Qonaqları salamlayan prorektor universitetin hazırkı durumundan, tələbələrin təhsilə, mütaliəyə, bədii ədəbiyyata marağından danışıb, qonaqları bu təhsil müəssisəsində görməkdən şad olduğunu bildirib.
Daha sonra söz alan ali məktəbin professoru Ədalət Tahirzadə ədəbiyyatın insan həyatındakı önəmli rolunu, gənclərin mütaliə bazasının zənginləşməsinin vacibliyini vurğulayıb.
Seyfəddin Hüseynli çağdaş ədəbiyyatşünaslıq, tərcümə sektorundakı çatışmazlıqlar, ədəbi mühitin və prosesin müxtəlif cəhətləri barədə fikirlərini bölüşüb. Tələbələrin çoxsaylı suallarını cavablandıran S.Hüseynli ədəbiyyatda qaynaqlanma, təsirlənmə və plagiat anlayışlarından söz açıb, bunların fərqlərini izah edib. Müasir Azərbaycan ədəbiyyatının qərbə meyllənməsinə də toxunan baş redaktor bunu özlüyündə müsbət hal adlandırıb. Amma bu təsirlənmənin heyranlıq deyil, köklü araşdırma, əxzetmə səviyyəsində olanda daha yaxşı effekt verəcəyini və yararlı nəticə alınacağını qeyd edib.
Nəriman Əbdülrəhmanlı ədəbi yaradıcılığın və tərcümə sənətinin incəliklərindən danışıb, tələbələri maraqlandıran suallara ətraflı cavab verib. O, ölkədə tərcümə işi ilə bağlı yenilikləri, ədəbiyyatımızın təbliğinə dair məsələləri də diqqətə çatdırıb.
Müzakirəyə qatılanlardan Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Sənan Abbasov, həmçinin gənc yazar Sərxan Əziz, Cavanşir Muradov, Elməddin Cəbrayılov, Lamiyə Orucova, Leyla Kazımlı, Əfsanə Rəcəbova müasir Azərbaycan ədəbiyyatına münasibət bildirib, qonaqlarla fikir mübadiləsi ediblər.
Cavid QƏDİR