“Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlər xüsusilə iqtisadi sahədə inkişaf edir”.
APA-nın məlumatına görə, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers Kral Gününə həsr olunmuş ənənəvi mətbuat konfransında deyib.
O bildirib ki, kralın 50 illik yubileyinin bu il iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyinə təsadüf etməsi xüsusi önəm daşıyır.
Ötən il iqtisadi əlaqələrin əsasını kənd təsərrüfatının təşkil etdiyini söyləyən O. Kervers müvafiq nazirliklərin rəsmi nümayəndələrinin qarşılıqlı səfərlər həyata keçirdiklərini nəzərə çatdırıb: “Bu ilin əvvəllərində Haaqada Azərbaycan şirkətləri üçün kənd təsərrüfatı biznesi üzrə seminar təşkil edilib. Əsası ötən il qoyulmuş Azərbaycan-Niderland biznes şəbəkəsi iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək baxımından çox aktiv və faydalı olub”.
Səfir 17-19 may tarixlərində keçiriləcək Xəzər Kənd Təsərrüfatı Sərgisində Niderlandın Azərbaycanın tərəfdaş ölkəsi olacağını vurğulayıb. O, Niderland şirkətlərinin enerji, su resurslarının idarə olunması, ekologiya, limanların inşası, neft-kimya, gəmiqayırma, logistika və təhsil kimi sahələrdə aktiv fəaliyyət göstərdiyini açıqlayıb.
O. Kervers ikitərəfli münasibətlərin təkcə iqtisadi deyil, mədəniyyət, təhsil, idman və elm sahələrini də əhatə etdiyini, ölkəsinin Azərbaycanda qeyri-hökumət təşkilatları, özəl şirkətlər və sadə vətəndaşlarla əlaqələrin yaradılmasına da xüsusi önəm verdiyini deyib. Səfir Niderlandın Azərbaycanda bir neçə mədəniyyət tədbirinə dəstək olacağını söyləyib: “Biz məşhur Bakı Caz Festivalına dəstək olmuşuq. Ötən il Niderlandın “Deborah Carter” kvintetinin müxtəlif məkanlarda möhtəşəm çıxışı oldu. Bu il isə Hollandiyanın ən nüfuzlu caz bəstəkarı və musiqiçilərindən hesab olunan Michael Borstlapın Bakıya gələrək bizi öz çıxışı ilə feyziyyab edəcəyi gözlənilir”.
Səfir bu il Bakıda holland idmançıların çıxış edəcəyi idman yarışlarının keçiriləcəyini xatırladıb. Belə ki, iyun ayında hollandiyalı Max Verstappen Bakıda keçiriləcək “Formula 1” yarışına qatılacaq. Sentyabr ayında isə Hollandiya milli yığma komandası Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadınlar arasında Avropa voleybol çempionatında yarışacaq.