
“Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin həbsi həm dövlətimizə, həm də bütünlüklə müsəlman aləminə təhqirdir”.
APA-nın məlumatına görə, bu açıqlamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, professor Asif Rüstəmli Dünya Azərbaycanlıları Konqresinin tədbirində deyib.
A. Rüstəmli qeyd edib ki, X. Xalid peyğəmbərin nəvəsi Həzrəti Fatimənin doğum günü münasibətilə evdə keçirilən “Analar Günü” mərasimində iştirak zamanı saxlanılıb: “Təbrizdə onun qonaq getdiyi evə basqın olunub və o həbs edilib. Hadisə gecə saatlarında baş verib. Bu insanlığa da sığmır”.
A. Rüstəmli bildirib ki, X. Xalid 10 ildən artıqdır AMEA-da işləyir və səmimi, işgüzar xanım kimi tanınır.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid aprelin 30-da Təbrizdə saxlanılıb.



