“Ulduz” jurnalının yeni - aprel sayı çap olunub.
Jurnalın budəfəki “ekspert”i Vaqif Yusiflidir.
Tənqidçi “Yaz debütü” yazısında ötən sayın eksperti, mərhum dramaturq Aydın Dadaşovu xatırlayıb.
Ekspert rəyini Cahandar Aybərin “özüylə söhbəti” və şeirləri izləyir.
“Nəsr” bölümündə Çinarə Ömrayın “Dörd divar”, Orxan İsmayılın “Düzbucaqlı”, Şahanə Müşfiqin “Asfalt çatı”, Tural İsmayılovun “15 qəpiklik nahar”, Tapdıq Türksoyun “Tutanhamon”, Qafar Cəfərlinin “Qəbir yeri” və İmir Məmmədlinin “Xeyir-şər məclisi” hekayələri yer alıb.
Bəhruz Xəlil, Namiq Dəlidağlı, Kəmaləddin Qədim, Gülnarə İsrafil və Azadə Novruzovanın poetik nümunələri “şeir vaxtı” bölümündə öz əksini tapıb.
“Tərcümə saatı”nda Arifə Arifqızının çevirdiyi Qazaxıstan yazıçısı Maruana Həmzəqızının “Sənsiz olmaz” hekayəsi, Əyyub Qiyasın tərcüməsində Özbəkistan şairi Sabit Mədəliyevin şeirləri və Müşfiq Şükürlünün çevirdiyi Ernest Jozef Simonsun “Tolstoyun əsərlərinə giriş” yazısı verilib.
Hicranın Aydın Dadaşovla “Gecikmiş müsahibə”si, Cavid Qədirin Daniel Kuinin “İsmayıl” romanı barədə “Əgər qorilla yoxa çıxıbsa...” resenziyası, Ayişə Nəbinin “Şeirlə şairin görüşü” essesi, Sara Selcanın “Faciəmizin şagirdləri, yaxud şagirdlərimizin faciəsi” yazısı və şeirləri də jurnalın bu sayındadır.
“Qısa fikirlər xəzinəsi” rubrikasında Cəlal Məmmədovun təqdimatında Mövlana Cəlaləddin Ruminin hikmətli kəlamları dərc olunub.
“Debüt” rubrikasında Mehman Rasimoğlu və Şəfaqətin, “Türk eli” rubrikasında isə Fikrət Çəliyin şeirləri verilib.
Banuçiçək Məhərrəmqızı “sənət” rubrikasında “Kamal Abdullanın əsərlərinin səhnə yozumu”ndan söz açıb.
“Tribuna”da professor Aynur Sabitovadır. Müəllif İngiltərənin erkən puritan dövrünün görkəmli xadimlərindən “Con Uintropun dini və ictimai-siyasi baxışları”nı şərh edib.
“Dərgidə kitab” layihəsinin budəfəki qonağı Günay Səma Şirvandır.
MÜŞFİQ