|
|
|
|
Avrasiya Yazarlar Birliyinin nəşri olan “Qardaş qələmlər” dərgisinin aprel sayı işıq üzü görüb.
Dərginin budəfəki nömrəsi də həmişə olduğu kimi, baş redaktor Ali Akbaşın giriş yazısıyla açılır. Yazını Qərbi Trakiyadan Rahmi Alinin şeirləri izləyir.
Tatarıstandan baş redaktorun tərcüməsində Abdulla Tukayın yaradıcılığına, Ayaz İshakinin “Gözlənilən gəlin” hekayəsinə yer verilib.
Azərbaycandan Rəsmiyyə Sabirin şeirləri, Pərvinin Düsen Kaseinovun 70 yaşına həsr etdiyi təbrik yazısı dərc olunub.
Türkiyədən Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun “Türk dünyasında ortaq ünsiyyət dili: Türkiyə türkcəsi”, Əzizə Qayanın “Dərnək müəllimi olaraq Osman Çeviksoy”, Atalay Yağmurun “Qardaş nəfəsi”, Alper Şenadamın “Boynu bükük tovuz quşu” məqalələri, eləcə də Əzizə Qayanın Ülkü Taşlıovaya verdiyi müsahibəsi oxuculara təqdim olunur.
Qazaxıstandan Naqaşibek Kapalbekulının “Bir dəri, bir sümük” hekayəsi, Tursin Jurtbayın səfər təəssüratları, Başqırdıstandan Gülnaz Kutuyevanın “Siçan” hekayəsi maraq doğurur.
Özbəkistandan Hüsniyyə Pardayevanın “İncikliyin unudulduğu gün” hekayəsi yer alıb.
Krım-Tatar respublikasından Tair Krimovun İsmayıl bəy Qaspiralının araşdırmaçısı Ayvazov barədə yazısına yer verilib.
Paralel olaraq jurnalda ay ərzində təşkil olunan mühüm tədbirlər, ədəbiyyat və sənət aləmində baş verən yeniliklər işıqlandırılıb.
Cavid QƏDİR