|
|
|
|
“Türkologiya” jurnalının 2017-ci il üçün 1-ci nömrəsi nəşr olunub.
“Türkoloji irs” bölməsində Ağamusa Axundovun “Türk dillərinin məntiqi tipinin qurulması üzrə bir təcrübə” məqaləsi yer alıb.
“Ədəbiyyat və folklor” bölməsində Özkul Çobanoğlu “Dastan və ballada: türk və ingilis küçə dastanı ənənələrinin müqayisəli təhlili”ni verib.
Oljas Süleymanovun “Piramida üzərində şahin(türklər Qədim Misirdə)” yazısı “Tarix və etnoqrafiya” bölməsindədir.
Şinci İdo və Tülay Çulha “Yazılı abidələr” bölməsində “Karay Milli Kitabxanasında saxlanan əlyazmada istifadə olunmuş saitlər və işarələr”dən söz açıblar.
“Ağamusa Axundov - 85” adlı xüsusi rubrikada “Akademik Axundovun anadan olmasının 85 illiyi haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı” dərc olunub.
Həmin rubrikada Möhsün Nağısoylunun “Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi”, Rafael Hüseynovun “Ləyaqətlə yaşadım” deyə bilmək xoşbəxtliyi”, Şükrü Haluk Akalın “Ağamusa Axundovun xatirəsinə”, Məhəmməd Haridinin “Misirdə “Azərbaycan dili” ağacı əkən müəllimimiz Ağamusa Axundov haqqında xatirələrim”, Tooru Hayaşinin “Ağamusa müəllim haqqında xatirələr”, Mehman Musayevin “Türkologiyanın aktual problemləri və Ağamusa Axundov” məqalələri öz əksini tapıb.
“Türkoloji mərkəzlər” bölməsində Danuta Çmielovskanın “Varşava Universitetində türkologiya kürsüsü”, “Dəyirmi masalar” bölməsində Cəmilə Fətiyevanın “Türkologiya” jurnalının nəzdində növbəti seminar” yazıları verilib.
Füzuli Məcidlinin “Süer Eker, Ülkü Çəlik Savk. Təhlükədəki türk dilləri”, Aydın Ələkbərovun “Nizami Cəfərov. Türkologiyaya giriş”, Alfiya Yusubova və Elvira Dinməhəmmədovanın “Mustafa Önər. Kazan-Tatar türkcəsi sözlüyü”, Nazim Muradovun “Bilgəxan Atsız Gökdağ. Türklərin dünyası- Dil- Kimlik- Siyasət”, Qətibə Mahmudovanın “Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva. Maşın tərcüməsinin nəzəri əsasları” yazıları “Resenziyalar” rubrikasında işıq üzü görüb.
“Konfranslar” rubrikasında Elçin İbrahimov “Macarıstan günləri”ndən, Rəna Salahova “Qloballaşma dövründə linqvistika və linqvodidaktika nəzəriyyələri” problemlərinə həsr olunmuş beynəlxalq konfrans”dan məlumat veriblər. Rubrikada “II Beynəlxalq Türk Dili və Ədəbiyyatı Simpoziumu”, “III Beynəlxalq Dil Tədrisi və Təlimi Simpoziumu”, “Gənc tədqiqatçıların II Beynəlxalq Sosial Elmlər Konfransı” barədə informasiya da yer alıb.
Qəzənfər Kazımovun 80, Nuri Yücenin 75 illik yubileyi ilə bağlı yazılar “Personalia” bölməsində yerləşdirilib.
“Nekroloqlar” bölməsində Fəridə Əzizova Əliyar Səfərlinin, Əli Şamil isə Əhməd Süleymanovun həyat və yaradıcılıq yolundan bəhs ediblər.
MÜŞFİQ