|
|
|
|
Mayın 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü ilə “İstiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr olunmuş konfrans” keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə AMEA-nın əməkdaşları, tanınmış elm xadimləri, ədəbiyyatşünaslar və media nümayəndələri iştirak ediblər.
Kitabxananın direktoru Leyla İmanova qonaqları salamladıqdan sonra MEK-in yaradılması, fəaliyyəti və keçirilən konfransın məqsədi haqqında qısa məlumat verib.
AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Milli istiqlal şairi Əhməd Cavad: həyatı, mühiti, ədəbi estetik və sosial- siyasi görüşləri” məruzəsi ilə çıxış edib.
Daha sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı səfiri Ufuk Turganer, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli, S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi İdarəsinin direktor müavini Aslan Qasımlı və başqaları öz çıxışlarında şairin xatirəsini hörmətlə anaraq, onun Azərbaycan və ümumilikdə Türk dünyası mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.
Konfransda Ə.Cavadın həyat və yaradıcılığını əks etdirən qısametrajlı videoçarx nümayiş olunub.
Xalq artisti Nurəddin Mehdixanlı şairin “Susmaram” şeirini səsləndirib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmuş xüsusi təyinatlılar Natiq Mehdiyev və Ülfət Həsənov Ə.Cavadın Azərbaycan xalqının azadlığı yolunda öz qələmi ilə apardığı mübarizədən danışıb, onu bütün gəncliyə örnək göstəriblər.
Sonda istiqlal şairinin nəticəsi Cavad Axundzadə Əhməd Cavadın xatirəsini əziz tutduqları və bu yubiley konfransını keçirdikləri üçün AMEA rəhbərliyinə, iştirakçılara və çıxışçılara ailə adından təşəkkür edib.
Şahanə MÜŞFİQ