|
|
|
|
Bu gün İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri Əsgər Farsi Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.
Kitabxana haqqında qısa məlumat verən K.Tahirov Azərbaycan ilə İran arasında uzun illərdən bəri davam edən sıx dostluq və qardaşlıq əlaqələrindən, qarşılıqlı münasibətlərdən, son illərdə bu əlaqələrin daha da möhkəmləndirilməsindən danışıb. Azərbaycan Milli Kitabxanası ilə İran Milli Kitabxanası və Arxivi arasında əlaqələrdən danışan direktor son illər bu əlaqələrin bir az zəiflədiyini söyləyib. O, hər iki kitabxana arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalanmasında Mədəniyyət Mərkəzinin xidmətlərinin olacağına əmin olduğunu deyib. O bildirib ki, mərkəz ilə birgə qarşılıqlı tədbirlər keçiriləcək, müvafiq tədbirlərə dəvət olunacaqlar.
Mərkəzinin sədri Azərbaycana məsul vəzifəyə 3-cü dəfə təyin olunmasından, 14 il əvvəl gördüyü Bakının çox dəyişdiyindən, Azərbaycanın bu illər ərzində inkişaf edərək dünyanın modern dövlətlər sırasına daxil olmasından və hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışıb. Azərbaycanda İran Mədəniyyət günlərinin uğurla keçdiyini bildirən sədr Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə iyul ayında İranın paytaxtı Tehranda və İsfahanda Azərbaycan Mədəniyyət günlərinin keçiriləcəyini, İran Milli Kitabxanası və Arxivində miniatür kitab sərgisinin açılacağını söyləyib.
Sonda qonağa “Azərbaycan Milli Kitabxanası Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), və “Azərbaycan. Fotoalbom” (ingilis dilində) kitabları hədiyyə verilib.