Mayın 30-da Norveçin “NORLA” təşkilatının nümayəndəsi Dina Roll-Hansen Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Görüş zamanı müxtəlif dövrlərdə mərkəz tərəfindən tərcümə və nəşr edilmiş Byörnstyerne Byörnson, Knut Hamsun, Henrik İbsen, Arvid Turqer Li, Tarey Vesos, Yusteyn Qorder kimi məşhur Norveç ədiblərinin əsərlərindən söhbət açılıb. Yaxın gələcəkdə “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Osloda nəşrinə dair məsələlər müzakirə edilib.
Başlıca məqsədi Norveç ədəbiyyatının dünyada təbliği olan NORLA təşkilatının fəaliyyəti barədə geniş məlumat verən qonaq bu istiqamətdə bir il ərzində 400-dən artıq layihə həyata keçirildiyini qeyd edərək, Azərbaycan-Norveç ədəbiyyatları arasında ədəbi körpülərin qurulmasında mərkəzlə əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırıb.