Dünən AMEA Alimlər Evində Azərbaycanın tanınmış alimi və ədibi, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullanın gənc alimlərlə görüşü, həmçinin yeni çapdan çıxmış "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabının müzakirəsi keçirilib.
Görüşdə AMEA-nın Nizami adına Ədəbiyyat, Nəsimi adına Dilçilik institutlarının, eləcə də Folklor İnstitutunun əməkdaşları, filoloqlar və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun Gənc alimlər və mütəxəssislər şurasının sədri Nail Qurbanov K.Abdullanı və iştirakçıları salamlayıb, görüşün məzmunu haqqında məlumat verib.
K.Abdulla onun yaradıcılığına və yeni kitabına göstərilən maraq və diqqətə görə, AMEA rəhbərliyi başda olmaqla, hər kəsə təşəkkürünü bildirib. "Hər dəfə burada gənc alimlərlə görüşə böyük məsuliyyətlə gəlirəm", - deyən akademik "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabı haqqında məlumat verib: "Bu kitabın davamı hələ qeydlər şəklində yazılmaqdadır. Güman edirəm ki, bugünkü görüş və burada aparılan müzakirələr də bu mövzuda növbəti kitabın yazılmasına öz töhfəsini verəcək. "Kitabi-Dədə Qorqud" bizim dünyaya çıxışımızın mədəni-ədəbi istiqamətini formalaşdıran bir abidədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dastanın alman alimi Fridrix fon Dits tərəfindən tapılmasının 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilməsi haqqında sərəncam vermişdi. Bu, bir ölkə başçısının başqa xalqın aliminə verdiyi dəyərdən əlavə, "Kitabi-Dədə Qorqud"un önəmini göstərir".
Daha sonra görüş diskussiya şəklində davam edib. N.Qurbanov diqqəti kitabın adındakı "giriş" sözünə və "dan sökülən variantı" ifadəsinə çəkib. K.Abdulla bu haqda deyib: "Dastanın poetikasının araşdırılması 3 variantda düşünülmüşdü: dan sökülən, günortaç və qürub. Nə zamansa hər 3-ü də yazılar və bir kitab şəklində çap olunarsa, onda kitabın adındakı "giriş" sözü götürülər. Dan sökülən ilk variantdır. Burada dastandakı ən qədim çalarlar özünü göstərir. Kitabın rəngini də, çalışmışıq, "Dan sökülən"ə oxşadaq. Araşdırma nəticəsində görürük ki, qədim Afrika qəbilələrinə xas olan ayrıca qadın və kişi dilinin bəzi çalarları "Kitabi-Dədə Qorqud" dastanında da var. Bu da poetikliyin, obrazlılığın ilkin - dan sökülən variantıdır. Dan sökülən variantında proza və poeziya bir yerdədir. Düşünülmüş ikinci variantda, yəni "Günortaç"da bədii-poetiklik var, proza-poeziya bir-birindən ayrılır. "Günortaç" sözü də dastandan götürülüb. Qürubda isə artıq klassik poeziya mərhələsi gəlir".
Gənc alimlərin kitabdakı bir sıra müəmmalı hissələr və dastanın müəllifi haqqında suallarına K.Abdulla belə cavab verib: "Kitabın ən sonuncu hissəsini oxumusunuzsa, orada belə bir cümlə var: "Mütləq anlaşıqlı mətn, eyni zamanda mütləq əhəmiyyətsiz mətndir". Mənim tam anlaşılmaq istəyim yoxdur. Hətta hərdən elə qeydlərim olur ki, onu yenidən oxuyanda özüm belə başa düşmürəm. Başa düşməməyim problem deyil. Çünki bilirəm, nə zamansa o qeydin ab-havasına yenidən girəcəm və orada nə demək istədiyimi anlayacam. Elə sizdə də bu cür olacaq. Anlaşılmayan yerlər nə zamansa mütləq anlaşılacaq. "Kitabi-Dədə Qorqud"un müəllifi xalqdır. İlk şairlər özləri özlərini formalaşdırıblar. Necə ki, Homer yunanlar üçün mənəviyyatın, mədəniyyətin şah damarı, prinsipidir, Dədə Qorqud da oğuzlar üçün prinsipdir, şah damardır".
Dastandakı zaman, dövrlər haqqındakı suala cavab olaraq müəllif deyib ki, "Kitabi-Dədə Qorqud" kimi mətnlər anaxronik mətnlərdir: "Belə mətnləri bir zamana aid etmək mümkün deyil. Məsələn, Basatla Beyrəyi eyni mühitin adamı hesab etmək olmaz. Bu dastanda həm qədim dövrün, həm də orta əsrlərin elementləri var".
K.Abdulla gənc filoloqların kitaba göstərdikləri maraqdan məmnunluq duyduğunu ifadə edib: "Bu görüşdə ən çox ona sevindim ki, gənclər arasında belə adekvat oxucularım var. Düşünürəm ki, nə yaxşı, bu kitabı yazmışam. İnanıram ki, bu kitab gələcəkdə sizin yazacağınız məqalələrdə, araşdırmalarda, elmi tədqiqat işlərində mənbə kimi köməyinizə çatacaq. Bu görüşdəki müzakirə mənə çox lazımlı informasiyalar qazandırdı. Sevinirəm ki, indiki gənclərimiz "Kitabi-Dədə Qorqud"u bu qədər duya, hiss edə bilirlər".
Sonda K.Abdulla "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabının nüsxələrini gənc filoloqlar üçün imzalayıb.
Şahanə MÜŞFİQ