Yaxın 2 il ərzində Azərbaycanda korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi ilə bağlı ölkə qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulub.
“Report”un məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.
Plana əsasən, aşağıdakı tədbirlərin görülməsi planlaşdırılır:
Qəsdən aldatma və dələduzluq hallarına əlavə olaraq, məhkəmə tərəfindən bağlanmış əqdin, əməliyyatın ədalətsiz olduğu və ya maraqların toqquşmasına gətirib çıxardığı vəziyyətlər daxil olmaqla, ləğv edilməsinin mümkünlüyünün təmin edilməsi (direktorun məsuliyyəti indeksi);
- İddiaçı tərəfin cavabdehdən işə dair bütün sənədlərin (konkret sənəd göstərilmədən) təqdim edilməsini tələb edə bilməsi qaydalarının müəyyən edilməsi (Səhmdarlar üçün məhkəmə proseslərinin asanlığı);
- Cəmiyyət tərəfindən səhmlərin əlavə buraxılışı zamanı səhmdarların avtomatik olaraq onları əldə etmək hüququnun təmin edilməsi (səhmdarların hüquqları indeksi);
- Müşahidə (Direktorlar) Şurası tərəfindən ayrıca audit komitəsinin yaradılmasının təmin edilməsi, dividendlərin verilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericilikdə müəyyənləşdirilmiş müddət ərzində səhmdar cəmiyyət tərəfindən dividendlərin ödənilməsinin təmin edilməsi, törəmə cəmiyyətin əsas cəmiyyətin səhmlərini (paylarını) almaq hüququnun qadağan edilməsi, səhmdar cəmiyyətlərdə səhmlərin 50%-nin satın alınması zamanı mövcud səhmdarlara tender təklifinin verilməsinin təmin edilməsi, Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Müşahidə (Direktorlar) Şurasının üzvünün səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin təmin edilməsi (mülkiyyət və nzəarət indeksi);
- Cəmiyyət tərəfindən öz Müşahidə (Direktorlar) Şurası üzvlərinin başqa cəmiyyətlərin şuralarındakı üzvlükləri və onların əsas iş yerləri barədə məlumatları açıqlanmasının təmin edilməsi, Cəmiyyət tərəfindən Müşahidə (Direktorlar) Şurasının və İcra Orqanının üzvlərinə ödənilən kompensasiya barədə məlumatların açıqlamasının təmin edilməsi, MMC-nin iştirakçılarının ildə ən azı bir dəfə toplaşmasının təmin edilməsi, MMC-nin 5% payına sahib iştirakçılarının iclasın gündəliyinə müzakirə mövzusu əlavə edə bilmək hüquqlarının təmin edilməsi (korporativ şəffaflıq indeksi);
Bu məqsədlə İnzibati, Cinayət və Mülki Məcəllələlər dəyişiklik edilməsi gözlənilir. Tədbirlərin icrası ilə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası məşğul olacaq.