|
|
|
|
“Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər fəaliyyət istiqamətlərində olduğu kimi, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də elektron texnologiyalar üzərində qurulması təmin edilib”.
Bunu nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "525"ə açıqlamasında deyib. O bildirib ki, 2016-cı ilin 15 noyabrından əlilliyin təyinatının elektron infrastruktur üzərindən yalnız səhiyyə müəssisəsinin göndərişi əsasında ekspert-vətəndaş təması olmadan şəffaf aparılmasına keçid bir tərəfdən əlilliyi müəyyən olunan şəxslərin tibbi-sosial ekspert komissiyalarına gəlmədən əlilliklərinin qiymətləndirilməsi təmin olunub, digər tərəfdən isə əlillik təyin olunan şəxslərin sayı azalıb. Belə ki, cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə əlillik təyin olunanların sayı 44 faiz azalıb. O qeyd edib ki, ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə və tibbi-sosial reabilitasiya sistemi ilə əhatə olunması dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər aparılır.
Şöbə müdiri həmçinin deyib ki, ölkəmizdə əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasına yönələn mühüm proqramlar da icra olunur. Belə proqramlardan biri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatıdır. Prezident cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası olaraq bu təbəqələrdən olan 600 ailəyə artıq təmirli yeni mənzil və ya fərdi ev verilib.
E.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin ən müasir tələblərə uyğun qurulması yönündə də mühüm addımlar atılıb. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılaraq əlillərin istifadəsinə verilib. Ümumilikdə, nazirliyin 15 bərpa-müalicə müəssisəsi tərəfindən 2016-cı ildə 23,3 min nəfər, cari ilin yanvar-aprel aylarında isə 6,3 min nəfərdən çox əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. Nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri hər il 2 mindən çox sağlamlıq imkanları məhdud uşağı əhatə edir. Ötən dövrdə 1100 nəfərdən çox sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib və kursları başa vuranlara peşə sertifikatları verilib.
E.Babayev bəyan edib ki, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının etibarlı şəkildə təmin edilməsi, sosial təminatlarının artırılması yönündə həyata keçirilən tədbirlər qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.
Zaur CƏFƏROV