|
|
|
|
Haqqında söhbət açdığımız alim hidrologiya sahəsində respublikamızda, eləcə də onun hüdudlarından uzaqlarda böyük nüfuz sahibi olmuş, coğrafiya elmləri doktoru, professor, uzun müddət Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri vəzifəsində çalışmış Maqbet Ədil oğlu Məmmədovdur.
Rusiya Federasiyası Su Təsərrüfatı Akademiyasının üzvü M.Ə. Məmmədov 150-dən çox elmi və metodiki əsərin, o cümlədən, 3 monoqrafiyanın, 4 dərsliyin, 2 dərs vəsaitinin və 10-dan artıq elmi-metodiki vəsaitin müəllifidir. O, ilk dəfə Azərbaycan dilində "Hidromexanika", "Qurunun hidrologiyası", "Ümumi hidrologiya", "Azərbaycanın hidroqrafiyası, "Hidrometriya" və "Hidroloji hesablamalar" adlı dərslik və dərs vəsaitləri nəşr etdirmişdir. Bir neçə beynəlxalq elmi layihənin rəhbəri olub.
M.Ə.Məmmədov 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnib. 1958-1962-ci illərdə "Kür-Araz Su Tikinti" idarəsində baş mühəndis, 1965-1971-ci illərdə Azərbaycan Su Problemləri Elmi-Tədqiqat İnstitutunda mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1962-ci ildə Moskva Mühəndis İnşaat İnstitutunun əyani aspiranturasına daxil olub, 1967-ci ildə "Asılı gətirmələr nəql edən axının ortalaşdırılmış lokal xassələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb. 1971-ci ildən Bakı Dövlət Universitetinin Fiziki-coğrafiya kafedrasında, 1973-cü ildən isə Hidrometeorologiya kafedrasında dosent vəzifəsində çalışıb, 1984-cü ildə Leninqradda "Qafqaz çaylarının maksimal su sərflərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1986-cı ildə professor elmi adını almışdır. M.Ə.Məmmədovun doktorluq dissertasiyası müasir elmi-texniki tərəqqinin nailiyyətləri və texnologiyalarla bağlı olduğundan onun elmi-praktik nəticələri nəinki bizim ölkəmizdə, hətta bir çox yaxın və uzaq xarıcı ölkələrdə bəyənilərək elmi-təcrübi istehsalat sahələrində tətbiq tapmaqdadır.
Professor M.Ə.Məmmədov geniş sahəli elmi fəaliyyətlə məşğul idi. Onun əsas elmi-tədqiqat sahəsinə qurunun hidrologiyasının nəzəri-praktik məsələləri, hidroloji hesablama və statistik üsullar, çayların maksimal axım rejimlərinin tədqiqi, çay hövzələrinin idarə olunması, transsərhəd çayların su rejimi və deqradasiyasının azaldılması və sairə problem məsələlər daxildir.
M.Ə.Məmmədov 30 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmış və 14 il Hidrometeorologiya kafedrasına rəhbərlik edib. Azərbaycanda ilk milli hidrometeoroloq kadrların hazırlanmasında onun rolu əvəzsizdir. O, hidrologiya və hidravlika sahəsində 4 nəfər elmlər doktoru, 5 nəfər elmlər namizədi hazırlayıb.
M.Ə.Məmmədov 1976-cı ildən başlayaraq bütün Hidroloji Qurultaylarda və bir çox beynəlxalq elmi konfranslarda maraqlı məruzələrlə Azərbaycan hidrologiya elmini ləyaqətlə təmsil edərək, aktual və dolğun məruzələrlə çıxış etmişdir (Almaniya, İspaniya, Fransa, Rusiya, Çexiya, Bolqarıstan, İran, İslandiya və s.).
O, 1997-ci ildən YUNESKO-nun Beynəlxalq Hidroloji Proqram üzrə Azərbaycan Milli Komitəsinin sədri idi və ömrünün sonuna qədər bu vəzifəni yerinə yetirib. O, AMEA-nın Çoğrafiya İnstitutunda fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şurasının üzvü, BDU-nun Coğrafiya fakültəsinin, sonra BDU-nun Böyük Elmi Şuranın, Su Problemləri Elmi-Tədqiqat İnstitutunun, Milli Hidrometeorologiya Komitəsi Elmi-Texniki Şurasının üzvü idi.
2004-cü ildə Rusiya Su Təsərrüfatı Akademiyasına üzv seçilmişdi. Professor M.Ə.Məmmədov görkəmli alim olmaqla yanaşı, bir pedaqoq kimi BDU-nun professor-müəllim heyəti arasında böyük hörmət sahibi, tələbələrin isə sevimli müəllimi idi.
O, elmin müxtəlif sahələrindən geniş məlumatlı idi. Maqbet müəllim ona kömək və məsləhət üçün müraciət edən hər kəsi diqqətlə dinləyə bilir, onların problemlərini həll etməyə çalışırdı.
M.Ə. Məmmədov BDU-da hidrometeorologiya ixtisası üzrə təhsil alan tələbələrin nəzəri və təcrübi baxımdan müasir tələblərə uyğun hazırlanmasında böyük xidmətlər göstərib.
Maqbet Məmmədov 2004-cü il 14 sentyabrda vəfat edib.
Mənalı ömür yaşamış alim, pedaqoq və gözəl insan professor Maqbet Məmmədov daim xatirələrdə yaşayacaq və hörmətlə yad ediləçək.
Rza MAHMUDOV, coğrafiya elmləri doktoru, professor
Şəkər MƏMMƏDOVA, dosent