Dünən Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısında nazirliyin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Səyyar kitabxana” adlı layihənin növbəti mərhələsinə start verilib.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ATGTİ sədri Şahin İsmayılov iştirak ediblər.
Layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır. 2013-cü ildən həyata keçirilən layihə bu illər ərzində Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Şəmkir, Qəbələ, İsmayıllı, Naftalan rayon və şəhərlərində uğurla reallaşdırılıb, minlərlə oxucunu əhatə edib.
“Səyyar kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub. Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.
Tədbirdə çıxış edən nazir Azad Rəhimov bildirib ki, Azərbaycanın bölgələrində kitaba böyük maraq var. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin səyyar kitabxanası növbəti il yenidən bölgələrə yola düşür: “Bu, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə həyata keçiriliən layihədir. İlk ildən layihənin uğurlu olduğunu gördük. Səyyar kitabxana getdiyi bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Bizdə olan təhlillərə əsasən, artıq səyyar kitabxana ilə bağlı 15 minə qədər müraciət var. Müraciətlər ingilis, rus və Azərbaycan dillərində olan kitablarla bağlıdır”.
A.Rəhimov qeyd edib ki, hazırda səyyar kitabxanada 5 minə yaxın kitab var: “Kitabxanada 10 minə yaxın kitabın elektron versiyası da var. Oxucular elektron versiyaları yaddaş kartı vasitəsi ilə köçürüb, götürə bilər. Kitabxanada həmçinin, dərsliklər də var, ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər səyyar kitabxanadan onları əldə edə bilər”.
A.Rəhimov hazırda səyyar kitabxana ilə bağlı yeni layihənin hazırlandığını bildirib. Onun dediyinə görə, yeni layihəyə əsasən, oxucu səyyar kitabxanaya gəlmədən də həmin kitabları xüsusi rabitə vasitəsilə də öz evində oxuya bilər: “Bu il Balakən rayonunun Azərbaycanın gənclər paytaxtı elan olunduğuna görə, ilk olaraq səyyar kitabxana həmin rayona göndərilib. Son 5-6 ildə səyyar kitabxana bir çox regionlarda olub. Səyyar kitabxana hər rayonda 15-16 gün fəaliyyət göstərir. Bəzi hallarda rayonun böyük kəndlərində də olur”.
Nazir bildirib ki, rəhbərlik etdiyi qurum nəşriyyatlara müraciət edib: "Müraciət etmişik ki, səyyar kitabxanalara verilən kitabları gənclərə hədiyyə edə bilək. Yəni, gənclər kitabları alıb oxuyub qaytarmasınlar, həm də özlərində saxlaya bilsinlər".
S.QARAYEVA