İyulun 13-də Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku (Dan Iancu) və səfirliyin diplomatik müşaviri Mihaela Yanku Azərbaycan Milli Kitabxanasında olublar.
Qonaqları Milli Kitabxananın direktoru Kərim Tahirov qarşılayıb. İki ölkə arasındakı yüksək səviyyədə uğurlu qarşılıqlı əlaqələrdən bəhs edən K.Tahirov sentyabr ayında Bakıda keçiriləcək V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Rumıniyanın iştirak edəcəyini alqışlayıb. Eyni zamanda, sərgi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Milli Kitabxanası arasında imzalanması planlaşdırılan Anlaşma Memorandumundan danışan direktor bu sənədin hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini və Rumıniya Milli Kitabxanasının fondunda mühafizə olunan Azərbaycana dair əlyazmalarının və digər materialların öyrənilməsinə yol açacağına inandığını deyib.
Daha sonra səfir Dan Yanku sərgi ilə bağlı Rumıniya Milli Kitabxanasından gələcək olan nümayəndə heyətini maraqlandıran sualları diqqətə çatdırıb. O qeyd edib ki, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Rumıniya Milli Kitabxanası 3 nəfərlik nümayəndə heyəti ilə - Rumıniya Milli Kitabxanasının baş direktoru, İnstitusional inkişaf şöbə müdiri və Kolleksiyaların təşkili şöbəsinin müdiri iştirak edəcəklər. Həmçinin, sərgi-yarmarka çərçivəsində təşkil olunacaq "Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: Kitab, mütaliə, innovasiyalar" adlı beynəlxalq elmi-praktik konfransda İnstitusional inkişaf şöbə müdirinin məruzə ilə çıxış edəcəyini bildirib. Direktor Kərim Tahirov qonaqları maraqlandıran bütün sualları ətraflı cavablandırıb.
Görüş zamanı professor K.Tahirov Rumıniya Milli Kitabxanasında Azərbaycana dair bir sıra qiymətli əlyazmaların olduğunu, lakin mütəxəssis olmaması səbəbindən onların araşdırılmadığını və kataloqlaşdırılmadığını qeyd edib. O, gələcəkdə Rumıniya Milli Kitabxanasına bu məsələ ilə bağlı iki nəfər mütəxəssisin göndərilə biləcəyini, həmin əlyazmaların araşdırılmasının həm Azərbaycan Milli Kitabxanası üçün, həm də Rumıniya Milli Kitabxansı üçün böyük əhəmiyyət kəsb etdiyini və bunun iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirəcəyini bildirib.
Sonda Azərbaycan Milli Kitabxanası tərəfindən qonağa "Azərbaycan Milli Kitabxanası Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində) və "Azərbaycan. Xalçaları dünya muzeylərində"(ingilis dilində) və Azərbaycan minatürləri (ingilis dilində) kitabları hədiyyə verilib. Səfir də həmçinin, rumın dilində kitabları Milli Kitabxanaya hədiyyə edib və görüşdən məmnunluğunu bildirib.
Şahanə MÜŞFİQ