Azərbaycan Avropa Şurasında üzv olduğu dövrdən daim təzyiq, ikili standartlarla üzləşib.
Müxtəlif dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin antiazərbaycan fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli məsələsində nümayiş etdirilən ikili standartlar və laqeydlik qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı aparılan çirkin gözdənsalma kampaniyası və digər məsələlər bunun bariz nümunələridir. Dövlətimizlə yanaşı, Türkiyəyə də müxtəlif vaxtlarda sərgilənən qeyri-səmimi münasibət, uydurma "erməni soyqırımı" məsələsində ortaya qoyulan ədalətsiz mövqe Avropa Şurasının islamofob meyllərin qalib gəldiyi, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrildiyini sübut edir. Təşkilatın müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdən dairələrin mənafeyinə xidmət etdiyi artıq şübhə doğurmur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən müstəqil daxili və xarici siyasət bəzi Qərb dairələrində və o cümlədən, Avropa Şurasında qıcıq doğurur. Azərbaycan müsəlman ölkəsi olduğuna görə islamofobiyanın gücləndiyi Avropa Şurasında xüsusi ittiham hədəfinə çevrilib. Ölkəmizin dünyadakı nüfuzu və regionda gedən proseslərə təsiri, oynadığı rol sözügedən qurumda antiazərbaycan və ermənipərəst dairələri ciddi narahat edir.
Bunun nəticəsidir ki, bu yaxınlarda Avropa Şurasının baş katibi Turbyern Yaqland Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 13-də Avropa Şurasına daxil olan ölkə səfirlərinin iclasında Yagland Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu, son nəticədə ölkənin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər. Bu, 2001-ci ildən Avropa Şurasının üzvü olan və təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir. Necə ola bilər ki, minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun?
Bu, baş katib Yaqlandın həm bəzi Qərb dairələri, həm də region ölkələrindən aldığı sifarişin nəticəsidir. Ona görə də Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Ümumiyyətlə, 2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə edib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb. Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. Bu gün İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən, islamofobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?! Avropa Şurasında Azərbaycana qarşı çirkin oyun quranlar düşünsünlər: Avropa Şurası Azərbaycana çox lazımdır, yoxsa Azərbaycan bu quruma? Azərbaycan bu qurumsuz da yaşaya və daha yaxşı yaşayıb inkişaf edə, Avropa isə Cənubi Qafqaz kimi strateji əhəmiyyət kəsb edən regionda güclü tərəfdaşını və beləliklə, öz maraqlarının təminatını itirə bilər. Buna görə də Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Azərbaycan region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir. Çünki istənilən halda, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və ümumiyyətlə, İslam dünyasına qarşı ədalətsiz mövqeyini, onları hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə qeyd edib ki, Avropa Şurası baş katibinin Azərbaycanla bağlı atdığı addımlar nə onun statusuna, nə də təşkilatın nizamnaməsinə uyğun gəlir: "Azərbaycan bu beynəlxalq təşkilatın siyasətini müəyyənləşdirən ölkələrdən biridir və öz üzərinə düşən vəzifələri tamamilə yüksək səviyyədə yerinə yetirir".
A.Mirzəzadə bildirib ki, Yaqlandın Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanda bir nəfərlə bağlı qəbul etdiyi qərarı əsas götürərək ölkəmizi təşkilata üzvlükdən çıxarmaq bəradə çağırışı onun öz səlahiyyətlərini aşması deməkdir: "Birincisi, təşkilat rəhbərinin vəzifəsi təşkilat üzvləri üzərində prokuror nəzarəti həyata keçirmək deyil, onlarla işləməkdir. İkincisi isə Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarın düzgünlüyü və hüquqiliyi də müəyyən şübhələr doğurur və bu istiqamətdə Azərbaycan öz fəaliyyətini aparır. Bu siyasət əlbəttə ki, islamofobiya və antiazərbaycan mənbələrindən qaynaqlanır. Yaqland özünə hesabat verməlidir ki, o, özünü təşkilatın rəhbəri kimi, yoxsa Avropada müəyyən dairələrin maraqlarını həyata keçirən bir şəxs kimi aparır. Təbii ki, bu cür addımlar Azərbaycanla təşkilat arasında əlaqələri soyuda bilər. Bunun məsuliyyətini isə ilk növbədə Yaqland çəkəcək".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycana qarşı aparılan kampaniyanın bir neçə səbəbi var: "Buna səbəb olaraq korporativ, erməni lobbisi və diaspora ilə bağlı olan maraqları göstərmək olar. Şübhəsiz ki, əsas səbəb Azərbaycanın müstəqil siyasətdən çıxış etməsidir. Bildiyiniz kimi, səsləndirilən fikirlər və Azərbaycana qarşı təhdid tipli mülahizələrin əsasında faktlar dayanmır. Bu, hansısa ayrı-ayrı nüfuz müvəkillərinin tərtib etdiyi qondarma siyahılar əsasında ölkəmizə qarşı irəli sürülən ittihamlardır və bu prinsiplərin əsasında mahiyyət etibarı ilə heç bir önəmli faktor yoxdur".
Elçin Mirzəbəyli qeyd edib ki, bu kampaniyanın kökündə Azərbaycanın regiondakı güclərin, böyük dövlətlərin oyununda yer almaması dayanır: "Digər tərəfdən, Avropa Şurası, ATƏT və bu kimi digər qurumların missiyası, fəaliyyəti üzv dövlətlər arasında əməkdaşlığı genişləndirməkdən ibarətdir. Bu qurumlara heç kim hakimi-mütləq statusu verməyib. Onlar bu və digər məsələdə hakim kimi çıxış edə, hökm verə və hər hansı bir dövlətə qarşı sərt basqılar sərgiləyə bilməzlər. Onların yürütdükləri kampaniyaların özü belə, həm Avropa Şurasının, həm də ATƏT və digər beynəlxalq qurumların nizannaməsinə, məram və prinsipinə ziddir. Bu aspektdən də yürüdülən kampaniyanı ilk növbədə Azərbaycanın öz maraqlarına uyğun dövlət siyasəti yürütməsi, ayrı-ayrı xarici dövlətlərin, güc mərkəzlərinin regiondakı oyunlarda yer almaması ilə əlaqələndirmək olar".
Ceyhun ABASOV