Sentyabrın 29-da Bakıda görkəmli türkoloq-alim Nemət Kelimbetovun ana dilimizə tərcümə edilən “Türk xalqlarının qədim ədəbi abidələri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tərcümənin təşəbbüskarı Əməkdar İncəsənət Xadimi Çingiz Əlioğlu V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdim edilən kitabın məziyyətlərindən danışıb. Kitabın Qazaxıstan və bütün türk dünyasının elmi fikri üçün böyük əhəmiyyətə malik olduğunu deyən Ç.Əlioğlu bu elmi monoqrafiyanın tarixi dəyərini xüsusi qeyd edib.
Bildirilib ki, ötən 20 il ərzində qazax tarixini, XV əsr qazax xanlığının formalaşmasını daha dərin tarixi dövrlərlə zənginləşdirmək üçün müxtəlif cəhdlər edilib. Ancaq N.Kelimbetov müxtəlif zamanlarda türk dünyası regionunda yaşayan xalqlara aid ədəbi abidələrin formalaşmasının ümumi qanunauyğunluğunu tapmağa böyük cəhdlər göstərib. Əsl tədqiqatçı-alim kimi Nemət Kelimbetov qazax xalqının mədəni zənginliyinin dərin qatlarını ardıcıl, hərtərəfli araşdırıb.
Tərcüməçi Faiq Xudanlı kitab haqqında fikirlərini bölüşərək onun tərcümə edilmə prosesindən danışıb. Belə elmi monoqrafiyaların tərcümə edilməsinin çətin, eyni zamanda, şərəfli bir iş olduğuna diqqət çəkən F. Xudanlı alimin elmi yaradıcılığının önəmindən bəhs edib.
Tədbir kitabın müzakirəsi ilə davam etdirilib.