V Bakı Beynəlxalq Kitab - Sərgi Yarmarkası çərçivəsində sentyabrın 30-da M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasına bir sıra xarici ölkə kitabxanalarına məxsus nəşrlər hədiyyə olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyə, Böyük Britaniya, Misir, Rusiya, Malayziya, Bosniya, Moldova, Belarus və Özbəkistan Milli kitabxanalarının, habelə ABŞ-ın Los-Anceles Universiteti kitabxanasının direktorları və əməkdaşları iştirak ediblər.
Milli Kitabxananın direktoru Kərim Tahirov V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qatılan həmkarlarına bir daha təşəkkürünü bildirib. O, beynəlxalq kitab sərgi yarmarkası çərçivəsində keçirilən beynəlxalq elmi konfransın uğurlu keçdiyini bildirib, bütün çıxışçılara minnətdarlıq edib, belə tədbirlərin əhəmiyyətindən danışıb, tədbirlərdə həmkarlar arasında təcrübə mübadiləsi ilə yanaşı, sərgi-yarmarkanın sonunda milli kitabxanalar tərəfindən sərgidə nümayiş olunan kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmasının üstünlüklərini, tədqiqatçılar üçün böyük töhfə olduğunu qeyd edib.
Bütün iştirakçılar tədbirə dəvət aldıqlarına görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Sonra Moskva şəhərindən olan Beynəlxalq Kitabsevərlər İttifaqının təmsilçisi Lyudmila Şustrova öz şəxsi təşəbbüsü ilə sərgi-yarmarkada nümayiş etdirdiyi, Azərbaycan Milli Kitabxanasının fondunda olmayan 20 nüsxədən artıq kitabı Azərbaycan Milli Kitabxanasına təqdim edib.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və "Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: Kitab, mütaliə, innovasiyalar" adlı beynəlxalq elmi konfransda iştirak edən ABŞ-ın Koliforniya ştatının Los-Anceles şəhərinin UCLA - Universitet kitabxanasının əməkdaşı Devid Hörş Quba rayonuna gedib. Səfər çərçivəsində qonaq Qubanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə maraqlanıb, rayonun bir sıra tarixi və dini yerləri, mədəni abidələrilə tanış olub. Qonaq əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka baş çəkərək, ümummilli liderin abidəsini ziyarət edib.
Qırmızı qəsəbəyə səfər edən qonaq Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibinə daxil olan Qırmızı qəsəbə filial kitabxanasında olub, kitabxanada Azərbaycan və yəhudi dillərində olan kitablarla yaxından maraqlanıb. Quba şəhər MKS-nin direktoru Saməddin Nəsirov ona kitabxana barədə ətraflı məlumat verib və Los-Anceles UCLA - Universitet kitabxanasının Azərbaycan dilində olan fondu üçün bir neçə kitab hədiyyə edib.
Quba rayonunda amerikalı qonağı daha çox maraqlandıran Quba Soyqırımı Memorial Kompleksi olub və Devid Hörş bu kompleksi də ziyarət edib.