|
|
|
|
Oktyabrın 13-də Quba rayon Talabıqışlaq kənd orta məktəbində mərhum şair və jurnalist İzmirağa Töhmərlinin 65 illik yubileyilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Asif Məmmədov mərhum şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Qeyd edib ki, bu məktəbdə 17 il hərbi müəllim işləyən İ.Töhmərli 1980-ci illərdə "Gülüstan" ədəbi məclisinin sədri, ömrünün son illərində "Şəfəq" rayon qəzetinin əməkdaşı olub. Direktor bir müddət əvvəl - şairin doğum günündə doğmaları, məktəbin kollektivi və qələm dostları tərəfindən məzarının ziyarət edildiyini xatırladıb.
Sonra mərhum şairin iş yoldaşlarından "Şəfəq" rayon qəzetinin baş redaktor müavini Məzahir Məmmədov, fotomüxbir Nazim Məmmədov, məktəbin direktor müavini Gülağa Kərimov, müəllim Əşrəf Atayev, qələm dostlarından Şixəmməd Seyidməmmədov, Kərim Dünyamalı, şair-publisist Cabir Alpoğlu Albantürk çıxış edərək mərhum şairin yaradıcılığından, insani keyfiyyətlərindən danışıb, xatirələrini bölüşüblər. Məktəbin şagirdləri, yubilyarın nəvələri şairin şeirlərindən nümunələr səsləndiriblər.
Yubiley tədbirində İ.Töhmərlinin kitabları, şeirləri çap olunmuş ədəbi toplular, şeirləri, hekayələri və haqqında portret-məqalələr dərc edilmiş qəzet və jurnallardan ibarət stend də nümayiş olunub.
Mərhum şairi biz də ehtiramla yad edir və iki şeirini oxucuların diqqətinə çatdırırıq.
İzmirağa TÖHMƏRLİ
MƏN BELƏ YAŞADIM
Mən hamı kimi deyil,
Başqa donda,
başqa biçimdə böyümüşəm.
Mən əzab-əziyyətin içində doğulub,
Ayaqlarımın ucunda böyümüşəm.
Heç vaxt bəxtim gətirməyib,
Heç vaxt bəxtim olmayacaq.
Öləndə də qəflətən öləcəyəm,
Vəsiyyətə vaxtım olmayacaq.
Yarı dərviş, yarı vərdiş ömrü sürmüşəm,
Cəhənnəmin özünü Bakıda -
tələbə vaxtı görmüşəm.
Dünyaya öz münasibətim,
öz baxışım olub.
Tələbə dostumun gen pencəyinin içində
Televiziyada çıxışım olub.
Gecə-gündüz oxumaq-öyrənmək olub
Məqsədim, peşəm.
Bütün dərslərdən beş almışam - təkcə
İkiüzlülük, yaltaqlıq
"fənni"ndən kəsilmişəm.
Dostlarım deyir ki, nə olsun!
Fərsizəm, avamam, dişsizəm.
İki ali təhsil diplomuyla
Yeddi ildir işsizəm.
Həyatın hər üzünü görmüşəm,
Həyat məni hərtərəfli
Çəkib dişinə...
Mən də Cavid əfəndi kimi,
Sonuncu mənzilə gedən qatarda
Biletsiz sərnişinəm...
BƏHMƏNİN NAĞIL PAYI
Dərə ilə gedirdim,
Qabağıma dağ çıxdı.
Sıxdım dağın döşünü,
Süd yerinə yağ çıxdı.
Göy göydə, yer yerində,
Arzularım dərində,
Oturub bir sərində,
Qarpız kəsdim, ağ çıxdı.
Tutdum çayda axarı,
Qalxdım üzüyuxarı,
Gördüm gözüm ağarır,
Kiprik sandım, ox çıxdı.
Fikrim eldə, obada,
Gah yerdə, gah havada.
Bir quş tutdum yuvada,
Yumurtası lax çıxdı.
Dedim qalxım qayaya,
Fikrim yata, uyuya,
Dərdi atdım quyuya,
Minib qoçu sağ çıxdı...