Oktyabrın 28-də Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti tədbiri keçirilib.
Layihənin budəfəki qonağı şair, jurnalist, politoloq Elçin Mirzəbəyli olub. Binəqədi rayon Gənclər evindəki görüşdə GTM-in üzvləri, nüfuzlu universitetlərin tələbələri və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan GTM-in və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Elçin Mirzəbəylinin yaradıcılığından söz açıb. E.Mirzəbəylinin eyni zamanda ədəbiyyat, jurnalistika, rejissorluq, politologiya kimi mütəlif sahələrdə çalışdığını deyən F.Həsənzadə bunun səbəbi ilə maraqlanıb.
Gənclərlə görüşdən məmnunluq duyduğunu deyən Elçin Mirzəbəyli müxtəlif sahələrlə məşğul olması və əldə etdiyi uğurlar haqqında danışıb: "İnsan necə görünürsə, əslində odur. Ona qədərki olan bütün tarixçələr, əldə etdiyi uğurlar sadəcə bu obrazın aşkara çıxması üçün bir vasitədir. Müxtəlif sahələrlə məşğul olmaq təkcə insanın öz istəyi, meyli ilə bağlı olmur. Həyat da insanı bir sahədən digərinə ata bilər. Ancaq həyat səni müəyyən bir yerə atdısa, yol səni bu istiqamətə gətirdisə, bundan yeganə çıxış yolu düşdüyün yerdə özünü təsdiqləməkdir. Bunu kimsə üçün yox, özün üçün etməlisən. Yəni özünə "mən bunu elədim" - deyə bilmək üçün. Mənim də yollarımın haçalı olması və bu yollarda qazandığım müəyyən uğurların səbəbi odur ki, özümü özümə təsdiqləməyə çalışmışam. Bir tək ədəbiyyatda sübuta ehtiyacım olmayıb. Çünki bu, Allah vergisidir. Ədəbiyyata heç zaman peşə kimi baxmamışam. Şairlik vəzifə deyil. Mən bir ədəbiyyat adamı kimi öz içimdən gələn hisslərimi, duyğularımı yazmağa çalışıram".
Tədbirin gedişatında gənclər onları maraqlandıran sualları şairə ünvanlayıblar, görüş diskusiya şəklində davam edib.
Şair özünə ədəbi əcdad hesab etdiyi yazarlardan danışarkən deyib: "Mən ədəbiyyat adına nə oxumuşamsa, kimi oxumuşamsa, Nizamidən başlamış Pasternaka kimi, hamısını özümə müəllim hesab etmişəm. Ancaq ədəbiyyatda ardıcıllıq məsələsi bir az fərqli yanaşma tələb edir. Çalışmaq lazımdır ki, heç kimin ardıcılı olmayasan. Ona görə də müəyyən mərhələdə həm milli, həm də dünya ədəbiyyatını kifayət qədər çox mütaliə etmişəm. Amma bir zamandan sonra fəlsəfi əsərləri, Sartrı, Freydi, Nitşeni, Kamyunu və başqalarını daha çox oxumağa başladım. Bu əsərlər son nəticədə insanın xarakterinin, dünyagörüşünün formalaşmasına gətirib çıxarır. Əsas məsələ budur ki, ədəbiyyat sənə nə verir. Ona görə də mən artıq seçilmiş əsərləri oxuyuram. Söhbət ruhən yaxınlıqdan gedirsə, Azərbaycan ədəbiyyatından Nəsimini özümə daha yaxın hiss edirəm. Vaxtilə mənim elmi işim də sufizmlə bağlı olub. Buna görə onu araşdırırdım deyə, o fəlsəfəni başa düşməyə, içinə daxil olmağa çalışırdım. Mənim üslubumu araşdırmaçılar sərt modernizm kimi qiymətləndirirlər. Azərbaycanda bu üslubda yazan bir başqası yoxdur. O baxımdan kimə bənzədiyimi dəqiq bilmirəm. Şeiri texniki iş hesab etmirəm. Halbuki şeiri texnika ilə yazan şairlər var. Mən həmin an hansı fikir, hansı misra gəlirsə, onu yazıram. Ona görə də adətən şeirlərim qısa olur".
"Məşğul olduğunuz sahələrdən hansı sizə daha yaxındır" - sualına E.Mirzəbəyli cavab olaraq deyib ki, əslində, bunların hamısını birlikdə qəbul etmək lazımdır: "Rejissorluq, jurnalistika, ədəbiyyat yaradıcı sahələrdir. Buna görə də bir-birinə çox yaxındırlar. Politologiyanın əsasında isə analitika, yəni təhlil dayanır. Eləcə də rejissorluğun da əsasında bu var. Çünki rejissor da hansısa hadisələri şərh edir. Əgər bunların hamısında uğur qazandığım hesab olunursa, bunun yeganə səbəbi odur ki, bu sahələrin hər birini sevirəm. Əgər insan bir işlə məşğul olub, digərini sevdiyini deyirsə, onda deməli, o, birinci özü özünə xəyanət edir. Üç istiqamət mənim həyatımı təmin etdiyim fəaliyyət sahələrim, peşəmdir, ədəbiyyat isə peşəm yox, ruhi qidamdır".
Tənqid haqqında danışarkən şair deyib: "Dostlar çox zaman insana kənardan baxa bilmirlər. Hardasa o sevgi mane olur. Portret olaraq məni ən düzgün Əflatun Amaşov təsvir edib".
Daha sonra iştirakçılar şairin "Ya sevda bitəcək, ya daş bitəcək", "Səni gözləyirəm" və başqa şeirlərini səsləndiriblər.
Şair özü isə gənclərin istəyi ilə "Bizim bu şəhərdə heç kimimiz yox", "Elə darıxasan", "Fotolarda saralır saçımızın qarası", "Mən sənə Tanrının əmanətiyəm", "Bir gün mən olmasam" şeirlərini oxuyub.
Sonda şair imzalı kitablarını iştirakçılara hədiyyə edib.
Şahanə MÜŞFİQ