"Gəncənin şeiriyyət binası keçən il Bahadur Fərmanı, bu gün isə Rübaili itirməklə iki möhtəşəm sütundan məhrum oldu" - bu sözləri alim və şair Rübail Allahverdiyevlə vida mərasimində yazıçı Qərib Mehdi söylədi.
Ömrünün 77-ci ilində dünyaya gözlərini əbədi yummuş gəncəli ziyalı - baytarlıq üzrə professor, həmçinin Azərbaycan poeziyasının tanınan isimlərindən olan Rübail Allahverdiyevin gəncliyindən ömrününü son günlərinədək çalışdığı Azərbaycan Dövlət Aqrar Universitetinin binası önündə qoyulmuş cənazəsi ilə halallaşmağa yüzlərlə adam - Rübailin övlad və yaxınları, iş və sənət yoldaşları, dost və tanışları, onun elmimizə verdiyi töhfələrdən və söz xəzinəsindən hali olanlar yığışmışdı.
Rübaillə vidalaşarkən çıxış edənlər bu əsl ziyalı insanın elmi-pedaqoji, ictimai və ədəbi fəaliyyətində daim yüksək amallara sadiq olduğunu vurğuladılar, "Ürəyimdə üç ünvanın yeri var: Ulu Gəncə Şeyx Nizami, Xan Çinar!" deyən şairin öz ömrünü həm də Ana yurdun və onun dəyərlərinin vəsfinə həsr etdiyini xatırlatdılar.
"Dərd odda yanmayır, yansa nə dərdim-
Külünü dərdimə dərman edərdim.
Torpağa basdırdım dərdi ki, ölsün,
Cücərdi bar verdi - dərdim... nə dərdim".
Rübailin bu misrasını da onunla lap uşaqlıq yaşlarından dostluq etmiş həmkarı, qocaman professor Zaur Həsənov elə şairin özünə son vida sözləri kimi səsləndirdi. Alim-şair Rübail Gəncənin qədim "Səbzikar" məzarlığında dəfn edildi.
Zakir MURADOV
Gəncə