"Elmi mübadilənin güclənməsi Çin-Azərbaycan dostluğunun və əməkdaşlığının inkişafına, "Bir kəmər, bir yol" strategiyasının həyata keçməsinə təkan verir" başlıqlı məqalənin müəllifi, qəzetin Cənubi Qafqaz üzrə müxbiri Huang Qing (Xuanq Çinq) qeyd edir ki, Çin və Azərbaycan arasında dostluq əlaqələrinin sürətlə güclənməsi ilə bərabər, iki ölkə arasında elmi mübadilənin inkişafı daha da intensiv xarakter alaraq yeni elmi nailiyyətlərin qazanılması ilə yadda qalıb.
Elmi mübadilənin güclənməsi həm də iki xalqın bir-birini daha yaxından tanımasına zəmin yaradaraq iki xalq arasındakı dostluğu daha da dərinləşdirib, "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsində praktik rol oynayıb.
Müxbir hazırda Çin-Azərbaycan dostluq münasibətlərinin perspektivləri, Çin-Azərbaycan elmi mübadiləsinin genişlənməsi mövzusunda AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylidən müsahibə alıb. Akademik İsa Həbibbəyli bildirib ki, "Bir kəmər, bir yol" təşəbbüsü gerçəkləşdikcə, Çin-Azərbaycan elmi mübadiləsi daha da intensivləşir və aktiv şəkildə inkişaf edir: "Azərbaycan Avropa və Asiya qitələrinin kəsişdiyi nöqtədə yerləşir, Qərb və Şərq sivilizasiyasının qovşağı hesab olunur. Keçən illər ərzində Azərbaycan iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, multikulturalizmin təbliğində, bəşər sivilizasiyanın inteqrasiyasında böyük səylər göstərmişdir. 2016-cı il Azərbaycanda "Multikulturalizm ili", 2017-ci il "İslam həmrəyliyi" ili elan olunmuşdur. Azərbaycan Avrasiyada mədəniyyət körpüsü və qovşağı rolunu getdikcə artırmaqdadır. Qədim İpək yolu Çin və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdırıb. Hazırda hər iki ölkənin liderlərinin səyləri nəticəsində, Çin-Azərbaycan münasibətləri sürətlə inkişaf etməkdədir".
2015-ci ilin dekabr ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı iki ölkə arasında "İpək yolu iqtisadi kəmərinin birgə inkişafı haqqında anlaşma memorandumu", təhsil, dəmiryolları, nəqliyyat və digər sahələrdə əməkdaşlığa dair bir çox sənədlər imzalanıb ki, bu sənədlər iki ölkənin konkret sahələrdə əməkdaşlığı üçün özül zəmin yaradaraq konkret istiqamətləri müəyyənləşdirib. Akademik İsa Həbibbəyli mədəni əlaqələrin inkişafı üçün hər iki ölkənin elmi dairələrinin səylərinin vacibliyini vurğulayaraq qeyd edib ki, hazırda dövlətlərarası razılaşma əsasında təhsil və elm sahəsindəki müqavilələr uğurla həyata keçirilir: "Elmi mübadiləyə gəlincə, əməkdaşlıq sahəsində Elmlər Akademiyalarının nümunəvi fəaliyyətini göstərmək olar. Hazırda hər iki ölkənin Elmlər Akademiyalarının birgə səyləri nəticəsində ardıcıl şəkildə davam edən mübadilələr və qarşılıqlı səfərlər həyata keçirilməkdədir. Bir müddət öncə Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Vanqvey Quanqın rəhbərliyi altında nümayəndə heyəti AMEA-ya uğurlu səfər etmiş, hər iki ölkənin ən ali elmi təşkilatları bir çox sahələrdə razılığa gəlmişlər. Hazırda Çin və Azərbaycan elmi mübadilə və müzakirələr mühiti daha ardıcıl xarakter almaqdadır, daim aktiv nailiyyətlər özünü göstərməkdədir. Artıq hər iki tərəf konkret və detallı elmi tədqiqat proqramları hazırlayır. Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən çıxış edərək, Mərkəzi Asiya ölkələri ilə birgə "Bir kəmər, bir yol" təşəbbüsü üzrə elmi tədqiqatlar aparmaq üçün danışıqlar aparır, birgə əməkdaşlıq üçün konkret təkliflər irəli sürür, elmi tədqiqat layihələrini və planlarını müzakirə edir. Biz bu cür elmi tədqiqat layihələri çərçivəsində mübadilələrimizi genişləndirə, tədqiqatlarımızı dərinləşdirə və ölkələrimiz arasındakı hərtərəfli əlaqələrin inkişafına töhfə verə bilərik".
Vitse-prezident İsa Həbibbəyli vurğulayıb ki, hazırda AMEA Ədəbiyyat İnstitutunda ədəbi əlaqələrin güclənməsi yönündə geniş işlər görülür. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi çərçivəsində artıq burada Çin tədqiqatları mərkəzi fəaliyyət göstərir. Bundan sonra təşkilatlanma daha da güclənəcək və tədqiqatçıların sayı artacaqdır. Hazırda Azərbaycanda iki Konfutsi İnstitutunun fəaliyyəti sayəsində qədim və zəngin Çin mədəniyyətinin öyrənilməsində və tanıdılmasında məqsədyönlü tədbirlər həyata keçirilir. Elmi mübadiləni dərinləşdirmək məqsədi ilə Çin İctimai Elmlər Akademiyasının nəzdində Azərbaycanşünaslıq tədqiqat mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirən akademik İsa Həbibbəyli qarşılıqlı olaraq Azərbaycan ölkəsi Çin Xalq Respublikasında və Çin isə Azərbaycanda elmi əsaslarla öyrənilərək təbliğ olunmasını əhəmiyyətli hesab edir.
"Elmi mübadilənin güclənməsi Çin-Azərbaycan dostluğunun və əməkdaşlığının inkişafına, "Bir kəmər, bir yol" strategiyasının həyata keçməsinə təkan verir" məqaləsi "Çin gəncliyi" qəzetinin 31 oktyabr 2017-ci il tarixli nömrəsinin 5-ci səhifəsində dərc olunub.