|
|
|
|
"Azərbaycan iki gün içərisində iki önəmli layihə ilə yadda qaldı. Birinci layihə Bakı-Tbilisi-Qarsdır. İkinci layihə şimal-cənub nəqliyyat xəttinin tikintisiylə bağlı idi".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolunun təntənəli açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri və Gürcüstanın baş naziri ilə yanaşı, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirak etməsi bu ölkələrin mallarını Bakı-Tbilisi-Qars yoluyla Avropa bazarlarına çatdırması istəyindən xəbər verirdi: "Dəmir yolunun çəkilişi 2007-ci ildə başladı və 10 il çəkdi. Tikintinin bu qədər uzanması Gürcüstan və Türkiyə ərazisindəki mürəkkəb relyeflə bağlı idi. Bu dəmir yolunu iqtisadi əhəmiyyəti böyükdür. Türkiyənin Bosfor boğazının dibi ilə dəmir yolu tikitisini başa çatdırması Pekinlə Londonu Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirəcək. Hələlik ilkin illərdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə 1 milyon sərnişin və təxminən 3.5 milyon ton yük daşınacaq. Sonrakı illərdə bu rəqəm artacaq".
Politoloq hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işlək olması üçün Çinin öz mallarının bir hissəsinin bu yolla Avropaya daşıması lazımdır: "Çin Avropaya ildə təxminən 500 milyon ton yük daşıyır. Bunlar iki yolla Avropaya çatdırılır. Birinci dəniz və okean yollarıdır. İkinci Rusiya ərazisindən keçən dəmiryoludur. Çinin Avropaya daşıdığı yükün cəmi 10 faizini Bakı-Tbilisi-Qars dəmiryoluna istiqamətləndirməsi kifayətdir ki, bu xətt tam gücüylə işləsin. Bakı-Tbilisi-Qars dəniz yollarından qısadır. Digər tərəfdən Rusiya xəttində ləngimələr var. Bundan başqa, Rusiya ilə Avropa dövlətləri arasındakı soyuq münasibətlər də Çin mallarının məhz Rusiya üzərindən Avropaya çatdırılmasında mənfi rol oynayır. Bu mənada Bakı-Tbilisi-Qars yolu Çin üçün münasibdir. Buna baxmayaraq, Çin rəsmiləri hələlik Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı açıqlama vermirlər. Pekin ehtiyatlı mövqe tutub. Bakı-Tbilisi-Qars dəmiryolunun cəlbedici olması üçün iki şərtin yerinə yetirilməsi vacibdir. Birincisi, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə yol boyu vahid tariflər tətbiq etməli və qiymətləri ucuz olmalıdır ki, bu, Çin şirkətlərinin Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artırsın. İkinci növbədə isə Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən yük daşımasında gecikmələrə yol verilməməli, yüklər dərhal dəmiryoluna çatdırılmalıdır".
Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasını keçirdiklərini xatırladan E.Şahinoğlu bildirib ki, Azərbaycandan indiyə kimi Türkiyəyə 10 milyard dollar, Türkiyədə isə Azərbaycana 11 milyard dollar sərmayə qoyulub: "Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 milyard dollara çatmalıdır. Prezidentlər iki ölkə arasındakı hərbi əməkdaşlığı da müzakirə etdilər. İlham Əliyev görüşdə dedi ki, "Azərbaycan Türkiyədən hərbi məhsullar alıb və alacaq". İlham Əliyev bununla iki ünvana mesaj göndərdi. Birinci ünvan əlbəttə ki, işğalçı Ermənistandır. İşğalçı dövlət bilməlidir ki, Azərbaycan müxtəlif ölkələrdən, o cümlədən, strateji müttəfiqi Türkiyədən silah almaqda davam edəcək. Avropaya da mesaj var ki, əgər Qərb dövlətləri Azərbaycana silah və hərbi texnika satmayacaqlarsa, bu, Azərbaycan üçün heç bir problem yaratmayacaq, Türkiyə kimi alternativ var".
Mərkəz sədri qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq iki istiqamətdə uğurla inkişaf edir: "Birinci istiqamət qeyd edildiyi kimi, Azərbaycanın Türkiyədən aldığı müasir silahlar və hərbi texnikadır. İkinci istiqamət isə iki müttəfiq dövlət arasında hər il mütəmadı keçirdikləri hərbi təlimlərdir. Bu təlimlər son illər Naxçıvanı da əhatə edir. Türkiyə NATO üzvüdür. Ona görə də Azərbaycan Ordusunun Türkiyə vasitəsilə NATO standartlarını mənimsəməsi vacibdir".
Bakıdakı tədbirdən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçirilən görüşünə toxunan politoloq bildirib ki, İlham Əliyev zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından və işğaldan danışıb, Azərbaycanın status-kvo ilə barışmayacağını bildirib: "İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə görüşdə də işğala diqqəti çəkib. Bu fikirlərin hər dəfə Tehranın və Moskvanın diqqətinə çatdırılmasına ehtiyac var. Çünki Rusiya və İran Ermənistanla əməkdaşlıq edir və bu ölkənin də regional layihələrdə iştirakının tərəfdarıdırlar. Ancaq rəsmi Bakı hər zaman Moskvaya və Tehrana xatırlatmaq məcburiyyətindədir ki, Azərbaycan torpaqları boşaldılmayana qədər Bakı Ermənistanın regional layihələrdə iştirakına icazə verməyəcək. Maraqlıdır ki, Tehran və Moskva Bakının bu arqumentinin əleyhinə çıxmır. Elə prezidentlərin Tehranda toplaşmalarının əsas məqsədi də o idi ki, Azərbaycandan keçən Şimal-Cənub dəmir yolunun tikintisinin mövcud vəziyyətini müzakirə etsinlər".
E.Şahinoğlu söyləyib ki, Rusiya və Azərbaycan ərazisində dəmir yolları işlək vəziyyətdədir, Azərbaycanla İranı birləşdirən dəmir yolu da inşa edilib: "İndi əsas məsələ İran daxilində dəmir yolunun tikintisini sürətləndirməkdir. Azərbaycan İran ərazisindəki Astara-Rəşt dəmir yolunun tikintisi üçün qonşu dövlətə 500 milyon dollar kredit ayırıb. Bundan başqa, 3 ölkəni başqa layihələr də birləşdirir. Bu, Rusiya, Azərbaycan və İran arasında enerji xətlərinin birləşdirilməsi və avtomobil yolunun inşasının tamamlanmasıdır".
Politoloqun fikrincə, Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələri Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq: "Bu layihələr işğalçı Ermənistanın təcridini daha da gücləndirəcək. Bu faktor da Azərbaycan üçün az əhəmiyyətli deyil. Ermənistan çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmiryolunu Ermənistandan uzatsınlar. Alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiyanın və İranın nə qədər Ermənistanla münasibətləri yaxşı olsa da, hər iki dövlət reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdilər. Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən maliyyə istəmədi, tam tərsinə, Gürcüstana və İrana kreditlər verdi ki, dəmir yollarının tikintisi sürətləndirsin. Əlbəttə, ilkin illərdə bu layihələrdən gəlir gözlənildiyi qədər böyük olmayacaq. Ancaq hər iki layihənin geosiyasi əhəmiyyəti böyükdür. Zamanla dəmir yolları tam gücüylə işlədikdə bunun geosiyasi təsiri daha çox hiss ediləcək.
Erməni şərhçilərin əksəriyyəti Bakı-Tbilisi-Qars dəmir yolunun işə başlamasını və Tehranda 3 dövlət başçısının şimal-cənub xəttinin işə salınmasının müzakirəsiylə bağlı görüşünü faktiki Ermənistanın məğlubiyyəti kimi dəyərləndirdilər. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması qonşu ölkə ətrafındakı mühasirəni gücləndirir və İrəvanı bütün qazanclardan məhrum edir. Bir erməni müəllif yazıb ki, müharibə əbədi deyil və bir gün Ermənistan da regional layihələrə qoşulacaq. Yaxşı istəkdir, ancaq bunun reallaşması üçün əsas şərt Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını boşaltmasıdır. İrəvan hələ ki, bunu yerinə yetirməyə hazır deyil. Deməli, Ermənistan regional layihələrə qoşula bilməyəcək və getdikcə kasıblaşacaq".
Ceyhun ABASOV