|
|
|
|
"Ukrayna Donbasdakı separatizmə son qoymaq üçün BMT sülhməramlılarının Rusiya ilə sərhəddə yerləşdirilməsini istəyir. Rusiya isə tam əskinə, həmin sülhməramlıların sərhəddə deyil, Ukrayna ordusu ilə separatçılar arasındakı ayırıcı xətdə yerləşdirilməsinə çalışır".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu iki yanaşma arasında ciddi fərq var: "Ukrayna beynəxalq sülhməramlı qüvvələrin sərhəddə yerləşdirilməsini iki səbəbdən istəyir. Birincisi, sülhməramlılar atəşkəsin separatçılar tərəfindən pozulmasına mane olmalıdırlar. İkincisi isə sülhməramlılar sərhəddə yerləşməklə Rusiyanın sərhəddən separatçılara qeyri-qanuni hərbi yardımına mane olmalıdırlar".
Mərkəz sədrinin fikrincə, Rusiya isə beynəlxalq sülhməramlıların Ukrayna ordusu ilə separatçılar arasında yerləşdirilməsini ona görə istəyir ki, münaqişəni uzun müddətə dondura bilsin.
E.Şahinoğlu qeyd edib ki, Ukraynanın beynəlxalq sülhməramlıların öz ərazisində yerləşdirilməsiylə bağlı əsas şərti isə sülhməramlıların tərkibində Rusiya hərbçilərinin olmamasıdır: "Haqlı istəkdir. Çünki Rusiya Ukraynadakı münaqişədə əsas tərəfdir. Rusiya həm Krımı ilhaq edib, həm də Donbasdakı separatçılara hər cür dəstək verir. Eyni vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə də aiddir. Dağlıq Qarabağ münaqişəsinin həllinin sonrakı mərhələsində bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub. Həmin qüvvələr icmalar arasındakı mümkün toqquşmaların qarşısını almalıdırlar. Ancaq Ukrayna kimi, Azərbaycan da bölgədə yerləşdirilməsi planlaşdırılan sülhməramlıların tərkibində Rusiyanın olmasını istəmir. Bunun 4 vacib səbəbi var. Birinci səbəb odur ki, SSRİ illərində Dağlıq Qarabağda hərbi baza erməni separatçılarını silahlandırıb. Separatçılar məhz həmin bazadan əldə etdikləri silah və hərbi texnikanın köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Bu, yaxın tarixdir. İkinci səbəb Rusiyanın Ermənistanın hərbi müttəfiqi olmasıdır. Üçüncü səbəb isə Rusiya sülhməramlıları Dağlıq Qarabağda yerləşsələr, bu bölgədən bir daha çıxmamamağa çalışacaqlar".
Politoloq bildirib ki, "Atlas" Araşdırmalar Mərkəzinin keçirdiyi kiçik sorğu da Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinin əleyhinə olduğunu göstərir: "Sorğuda iştirak edənlərin hər 10 nəfərindən 9-u Rusiya sülhməramlılarının əleyhinə olduğunu bildirib, 1 nəfər isə "lehinə" deyil, sadəcə mövzu barədə kifayət qədər məlumatlı olmadığını ifadə edib. Bu səbəbdən həm Donbasda, həm də Dağlıq Qarabağda sülhməramlıların hansı əsasda formalaşması məsələsində Azərbaycanla Ukrayna bir-birinə dəstək verməlidir. Hər iki dövlət sülhməramlıların tərkibində neytral dövlətlərin təmsil olunmasını istəyir".
Ceyhun ABASOV