|
|
|
|
Şair Səlim Babullaoğlu, Türkiyə Yazıçılar Birliyinin dəvəti ilə, dekabrın 20-dən 22-nə kimi Qazaxıstanın Türküstan şəhərində keçirilən “Türk dilinin XII Beynəlxalq Şeir Şöləni”ndə iştirak edib.
Türkiyə və Qazaxıstan Yazıçılar Birlikləri və Xoca Əhməd Yəsəvi adına Beynəlxaq Türk-Qazax Universitetin təşkilatçılığı ilə gerçəkləşən Şeir Şöləni çərçivəsində bir çox şeir qiraətləri mərasimlərinə və ədəbiyyat panellərinə qatılan S.Babullaoğlu eyni zamanda Xoca Əhməd Yəsəvi adına Beynəlxaq Türk-Qazax Universiteti Kentau İnstitutunda onunla keçirilən görüşdə iştirak edib. Görüşdə İnstitutun müdiri professor doktor Kamalbek Berkimbayev, institutun kafedra müdiri Umur Berkan Atikol, universitetin müxtəlif millətlərdən olan tələbələri, o cümlədən, orada təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər.
Görüşün təşkilatçısı və moderatoru tanınmış gənc türk yazar, tərcüməçi, Kentau İnstitutunun dekan müavini Ömər Mehmetzadə S.Babullaoğlunu tələbələrə təqdm edib, onun yaradıcılığı və fəaliyyəti haqqında geniş məlumat verib.
Səlim Babullaoğlu Azərbaycan ədəbiyyatı barədə çıxış edib, tələbələri klassik dövrdən başlayaraq müasir dövrünə qədər Azərbaycan şeiri haqqında məlumatlandırıb.
Daha sonra diskusiya şəklində davam edən görüşdə qonaq dinləyicilərin suallarını cavablandırıb. Tələbələri daha çox müasir ədəbiyyatımız, onun türk dünyası ölkələri, xüsusən Qazaxıstan ədəbiyyatı ilə qarşılıqlı əlaqələri və bu kimi mövzular maraqlandırıb. Keçmişə nisbətən indi türkdilli ölkələr arasında ədəbi əlaqələrin daha yaxşı səviyyədə olduğunu deyən şair bunun zamanla daha da inkişaf etdirilməyə ehtiyacı olduğunu da vurğulayıb.
Tədbirdə S.Babullaoğlu öz şeirlərini də oxuyub.
Görüşdə iştirak edən Xoca Əhməd Yəsəvi adına Beynəlxaq Türk-Qazax Universitetinin azərbaycanlı tələbəsi, gənc şair Ruslan Dost Əli çıxış edərək Səlim Babullaoğlu yaradıcılığı, onun çağdaş Azərbaycan ədəbiyyatındakı yeri və rolu haqqında danışıb, şairin “Absurd” adlı şeirini səsləndirib.
Görüşün sonunda S.Babullaoğluna qazax milli geyimi və kitablar hədiyyə edilib. Qonaq özü də tələblərə müəllifi olduğu kitablarını hədiyyə edib. Şair Qazaxıstanın yerli kanalı "İkar TV”yə müsahibə verib.
“Türk dilinin Beynəlxalq Şeir Şöləni” indiyədək Bakı da daxil olmaqla Almatı, Bişkek, Kazan, Girnə, Prizren, Aşqabad, Bursa, Akməscid, Strasburq və bir çox başqa şəhərlərdə təşkil edilib.
Şeir şöləni dünən öz işini yekunlaşdırıb.
Şahanə MÜŞFİQ