|
|
|
|

İstədim bu yazını belə başlayam ki, bir vaxtlar mən də şeir yazırdım. Ancaq gördüm belə düz alınmır, adama deyərlər bəs nə oldu, indi niyə yazmırsan?
Bunu başqa sənətin, peşənin adamı deyə bilər. Misal üçün, dülgər deyər, bir vaxtlar qapı, pəncərə düzəldərdim, bənna deyər divar hörüb ev tikərdim, nalbənd deyər at nallayardım, bunun üçün isə gərəkdir ki, bir allah bəndəsi dülgərə deyə: - Mənə qapı, pəncərə düzəlt; bənnaya deyə: - Mənə ev tik; nalbəndə deyə: - Zəhmət olmasa, mənim bu atımı nalla... və Şair və ilaxır... Amma şeir yazmağı Allahın bəndəsi demir, Allah özü deyir. Allahın dediyi sözü isə yazmamaq əvvala günahdı, ikincisi də Allah ki, bir bəndəsinin beyninəmi, qəlbinəmi, ruhunamı bir fikri “yüklədi” onu dilinin, yaxud barmağının ucunda sözə çevirməyən adama Allahın qəzəbi tutar, onu sevdiyi insanların siyahısından çıxardar. İnsafən deyim ki, bu siyahıya adımın salınmamasında mənim özümün də Allahıma az köməyim dəyməyib. Nə vaxt nə deyib, yazmışam, gecə deyib, gecə yazmışam, gündüz deyib, gündüz yazmışam, ancaq xoşbəxtlikdən yazdıqlarımı üzə çıxardıb onun siyahısında yer olmağa can atmamışam, utanmışam. Çünki Allahın siyahısındakı sevib-seçdiyi bəndələrdən Nazim Hikmətlə, Rəsul Rza ilə, Mayakovski ilə, Əli Kərimlə tanışlığım çox erkən yaşlarımdan başlayıb və onların yazdıqları mənim ruhumda, dilimdə, hətta barmaqlarımın ucunda elə bir dad yaratmışdı ki, bu dadı başqa sözün dadına, illah da ki, öz yazdıqlarımın dadına dəyişə bilmirdim.
Günlərin bir günü Allahın siyahısında özümü görmədiyimə, yazdıqlarımı üzə çıxartmadığıma nə qədər sevindiyimi məndən qabaq Allahım özü gördü: Ramiz Müskanlı adlı cavan bir oğlanın nazik üzlü, balaca bir kitabı çıxdı və mən o kitabı alıb Filarmoniyanın bağında oxudum, qayıdıb bir də oxudum və min dəfə, milyon dəfə yaradanıma şükür elədim ki, nə yaxşı yazdıqlarıma şeir deyib üzə çıxartmamışam.
Bilirəm, indi bu sətirləri oxuyub fikirləşəcəksiniz ki, o boyda SÖZ ALLAHLARININ yazdıqlarını oxuyub yenə yazmısan, yazmağı özünə qadağan eləməmisən, cavan bir oğlanın balaca bir kitabı isə...
Doğru fikirləşirsiniz. Məsələ burasındadır ki, adlarını çəkdiyim söz Allahlarından Rəsul Rza ilə Əli Kərim dipdiri gözümün qabağında olsalar da, Allahın onların vasitəsilə bizlərə göndərdiyi sözləri-şeirləri təptəzə - Allahın nəfəsini hiss eləyə-eləyə oxusam da, bəzən öz səsləri ilə eşitsəm də, nə sirr idisə, Allahın sözündən çıxa bilmirdim... o deyirdi, mən də yazırdım...
Bu cavan oğlanın bu balaca kitabı isə məni Allahıma qarşı üsyana qaldırdı, nə dedi eşitmədim, eşitdiklərimi yazmadım, yazdıqlarımı isə üzə çıxartmadım... bir sözlə, adımın Yaradanımızın sevib-seçib ŞAİR elədiyi insanların siyahısına düşməsindən imtina elədim. Hələ üstəlik bir az incidim də o BÖYÜK YARADANDAN. Dedim, yaşdaşıq, bir şəhərdə yaşayırıq, eyni küçələrdə gəzib dolanırıq, eyni havadan uduruq, çox vaxt eyni hadisələrin içində oluruq, eyni sözləri, söhbətləri eşidirik, bəs necə olur ona bir söz deyirsən, mənə başqa söz, yoxsa SƏNİN dediklərini mən yaxşı eşitmirəm, düzgün başa düşmürəm... Nə bilim vallah, indi günah səndədirmi, məndədirmi deyə bilmərəm, bircə onu bilirəm ki, o cavan oğlan kimi yaza bilmədiyim üçün daha yazmayacam, üz vurma...
Bugünlərdə bir vaxtlar yazdıqlarımı vərəqləyirdim, gözüm hekayələrimin, publisistik yazılarımın çap olunduğu qəzetlərin, jurnalların arasında qaranlıqda sapsarı saralmış, 45 ildən də artıq bundan irəli yazdığım şeirlərə sataşdı. Götürüb oxudum və bu qərara gəldim ki, Ramiz Rövşən də daxil olmaqla Allahın sözünü biz insanlara çatdıran bütün şairlərdən üzr istəyib onlardan bəzilərini qaranlıqdan işığa çıxardım...
Çap eləyən də sağ olsun, eləməyən də, oxuyan da sağ olsun, oxumayan da, bəyənən də sağ olsun, bəyənməyən də... Nə edim, olanım budu.
Təsəllim isə budur ki, bu yazılara görə heç kim 71 yaşlı bir qocaya ŞAİR deməyəcək...
İnqilab HƏSƏNLİ
05.12.2017
Bəxtəvər Murovun başına...
Sevgi nəğmələri
Birinci nəğmə
Qonşu qızlar
xəbər apardılar
bu otaqdan o otağa.
Bir ana sevinci
öpüş-öpüş
dodaqlarına
hopdu qızların.
Bir ata vüqarı
çiyninə aldı
otağımızın tavanını,
qoluna girdi Murovun -
dayaq durdu dağa.
Neçə barmaq tuşlandı bizə -
yeni tayfa tapmış səyyahın
xəritəyə uzanan çubuğu kimi.
- Filankəsdir ey...
filankəsin
qızına vurulub.
Yerişimi oğurladı
sənə tuşlanan barmaqlar,
filankəsin oğlu
dəli olub ey...
ağ dəli
bunun dərdindən.
Əli əlimə dəyməyən
ayağıyla açdı qapımızı
guya ərk edir.
hər gələn başladı
səni mənə tanıtmağa
guya səni
məndən yaxşı dərk edir.
Hələ nə sən sevinirdin
gülüm, nə də mən,
bir Murov sevinirdi,
bəxtəvər Murovun başına -
özünə arxa tapıb!!!
İkinci nəğmə
Nəhəng bir linzaya dönüb,
kardonlu pəncərəm
otağıma daşıyır
Günəşi -
yaman işıqlaşıb
otağım.
Hər gecə gəlmə, quzum,
axı,
çox narahatdır
yatağım.
...Bircə baxış yükü
təbəssüm axmayıb
gözlərindən
gözlərimə.
Amma
hər gecə
qəhqəhəli gülüşlərinlə
sığal çəkirsən
yuxulu,
yumulu gözlərimə.
Neçə kərə
sahil boyu
qova-qova səni
çarpayıdan yıxılmışam yerə.
Yazıq anam:
elə bilir
“qara basır” oğlunu.
Hər gecə bərk-bərk
basdırır sağımı-solumu
yenə yıxılıram.
Eh...
çarpayıdan yıxılmaqdan
qorxmuram!
Üçüncü nəğmə
Dəstəyi qırılmış
telefon kimi
qoparıb atdın
ürəyimdən
özün-özünü.
Tikmə yollarıma gözünü,
gəlməyəcəyəm!..
Nə köhnə dünyama
qayıda bilirəm,
nə təzə dünyamda
yerim var artıq.
Salamat qal
yuxulu çarpayım,
salamat qal!
Mən gedirəm,
eni dünya axtarmağa...
Sənsə
Eh... e...y...Murov!
dayağı ol,
sənə dayaq duranın,
qoyma büdrəsin
yoxsa
sən özün də
yıxılarsan!
Naməlum əsgərin məzarı önündə
Müharibədə qəhrəmancasına həlak olmuşlara
Nə sinə döyüb
saç yoldular,
nə də
yaşıl bir söyüdün
qol-budağını doğradılar.
Oturub bir az
sakit-sakit ağladılar.
Nə kövrək,
qərib bir bayatı
oxundu.
nə də
bir matəm marşı
çalındı
məzarıstan yolunda.
Düşmən gülləsi
azalsın deyə
neçə mərmi,
neçə qəlpə apardı
o özüylə bu dünya dan
ayağımda
ürəyimdə,
qolunda...
Hardasa naməlum bir
əsgər qəbri var,
dəstə-dəstə,
qucaq-qucaq gül qoyurlar üstünə.
Hardasa, üçgünc
qara bir xəbərə bükülüb
məlum bir ər yatır
sığınıb,
arvadının köksünə.
nə vaxtsa öləcək...
lll
Dəniz olmaq istəyirəm
Dəniz olmaq istəyirəm
bir şərtlə ki,
hərə bir yelkənli qayıqda
qonağım ola.
Qabardam sinəmi
dalğa-dalğa,
atam qayıqları
sahilimdən üç gün boyu
uzağa.
Nə yaxşı olardı,
onda görərdik
kimin gücü,
cürəti çatır
yaşamağa.
Bəs sonra?
Sonra sahildə bir işıq
olmaq istəyirəm -
dənizdə azanların
gözündən tutub
sahilə çıxarmağa.



