|
|
|
|

başqa nə var, başqa nə yox, soruşma,
köhnə təklik, köhnə darıxmaqdı bu.
gəl, bir gün özün bax qadın gözüylə,
gör nə təklik, gör nə darıxmaqdı bu.
boğazım sıxılır qəhər əliylə,
üzülmür ayağım yerdən hələ ki.
arabir yadımdan çıxır gedənlər,
yəni dincəlirəm hərdən hələ ki.
yuxum da yozulur darıxmağa, qız,
tərslikdən hamısı hələ çin çıxır.
sevgi çıraq imiş, nə cin, nə arzu
içindən darıxan Ələddin çıxır.
gərək qulağını burum bu ömrün,
bəlkə bir gün gələ ağıl başına.
bir adam verirsən, darıxmaq düşür,
kül olur bu ömrün nağıl başına.
gəlir, xoşbəxtliyim tıkkatık, gəlir,
keçir düz yanımdan görməmiş kimi.
tənhalıq elə bir divdi ki, ömrü,
yeyir, harda tutdu, görməmiş kimi.
de, görüm, bu necə ömürdü axı,
hamıya bir nağıl yazısı düşür.
çıxıb gedənlər də demir bu ömrə
neçə il darıxmaq cəzası düşür.
başqa nə var, başqa nə yox soruşma,
hələ ki, birtəhər darıxıram da.
lll
çətini gedincədi,
hə,
sonra kim ölə, kim qala.
kimi uçulmuş ev kimi üşüyər,
xəbərin olmaz,
kimi qaçılmış ev kimi qapısı,
çəpəri olmaz,
bu sürünən tənhalığın öldürən
zəhəri olmaz,
qanını çəkincədi,
hə,
sonra kim ölə, kim qala.
kimi səhraya bənzərdi,
külək sovurar, sovurar,
çölü özgəni yandırar, içi özünü qovurar,
hürər itin əvəzinə,
nə bir kəlmə cavab alar,
karvanlar keçincədi,
hə,
sonra kim ölə, kim qala.
o da, bu da, sən də, mən də,
biz, demə, bir adammışıq,
biz yox imiş, o da, bu da, sən də,
mən də yalanmışıq,
qorxulu yuxu görmüşük,
ayrı-ayrı oyanmışıq,
bir qurtum su içincədi,
hə,
sonra kim ölə, kim qala.
çətini gedincədi....
lll
xərçəngə tutulanların eşqinə,
saçlarımı uzatmıram, biləsən.
dizlərimi göynədir
bu soyuqluq hər gecə,
dizlərimə döyməsəm,
dizlərimə yağmasam,
heç yatmıram, biləsən.
dodağımı çeynəyir
içimdəki hirs mənim,
barmağımı saraldır
siqaretlər, tüstülər.
mən hər şeyə dözərəm,
bircə üşüməyəydim,
ya bir adam gələydi,
sən olmasan da olar,
ya da ki, tez gələydi,
tez gələydi istilər.
böyrəyimə dözərəm,
ciyərimə dözərəm,
mən hər şeyə dözərəm,
nə olsun ki, getmisən,
hamını incidirsə
tale yaramazlığı.
yalanın ömrü azdı,
düzünü deyim sənə,
əlimi, ayağımı bütün ili üşüdür,
biraz sənin yoxluğun, biraz da qan azlığı.
lll
gəl, öyrət mənə saymağı,
sənəcən nə qədər sayım?
de ki, neçə gecə sayım,
de ki, neçə səhər sayım.
sən də yaxşı bilirsən
ki,
titrək olur
tənhaların əlləri.
bu nazik barmaqlarımın,
dizlərimin ucu göynər,
saçlarından ötəri...
ürək elə, mesaj yaz,
darıxma, qayıdıram,
bu gün, sabah gəlirəm.
gələnəcən özünə
biraz da bax, gəlirəm.
qayıdıram, içəsən
əllərimdən isti çay,
isti kökə yeyəsən,
dayan, tapdım deyəsən,
deyim, neçə gecə say,
bu gün, sabah gəlirəm,
ürəklənim cavab yazım
tənhaların
bütün ili qış olur.
dönüb ana qarğışına,
tənhaların qarğışı da
tutmayan qarğış olur.
isti çay, isti kökə,
o sonranın işidi.
qayıtmaq istə, sonrası
ayaqların işidi.
qayıt, bayrama çevirək
bu təkliyi yıxmağı.
təkliyə barmaq yelləyib
qışqıraq ki, demişdik
bir gün devirəcəyik
bu zalım darıxmağı...
ikimiz yola verərik
ömrün bütün qışların.
Sonra sənə sayaram,
sevdiyim qarğışları.
gəl, ötüb gedək saatı
saatı öldürməyə.
hamını bir-bir yaşadıb
həyatı öldürməyə.
səni and verirəm, Günəş,
o kökə qoxusuna,
qol-qola, çiyin-çiyinə
gedək qış yuxusuna.
Emin AKİF



