Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədr seçilən İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi dəstək verəcəyini açıqlaması Azərbaycan ictimaiyyətində az da olsa, nikbinliyə əsas yaradıb.
Rəsmi Roma Avropada mövcud olan münaqişələrin - Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Donbass problemi ilə yanaşı, Dağlıq Qarabağ məsələsinin də dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli yolla həlli istiqamətində aktiv iş görəcəyini bəyan edib.
İtaliyanın Avropa İttifaqında əsas söz sahiblərindən biri olduğunu nəzərə alan bəzi siyasi ekspertlər digər Qərb dövlətlərinin də separatizmə qarşı siyasi iradə nümayiş etdirə biləcəyi ehtimalını yüksək qiymətləndirirlər. Xüsusilə, Kataloniya böhranından sonra böyük güc mərkəzləri separatçı meyllərin Avropa üçün nə qədər böyük təhlükə mənbəyi olduğunu anlayıb, bu proseslərin bumeranq effekti verdiyinin fərqinə varıblar. Lakin adıçəkilən münaqişələrin digər tərəfində Rusiya amilinin dayanması İtaliya və ümumilikdə Qərb dairələri üçün bu prosesin o qədər də asan başa gəlməyəcəyini deməyə əsas verir.
Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, son dövrlər Avropa İttifaqı dövlətlərin ərazi bütövlüyü prinsipinə dəstək nümayiş etdirməyə başlayıb: “İspaniyanın Kataloniya, Fransanın Korsika bölgəsində baş verən separatizm meyllərindən sonra Qərb siyasi dairələri bu təhlükəyə qarşı ciddi mübarizə aparacağını bəyan edib. Hətta keçən il sonlarında bununla bağlı xüsusi bəyanat da qəbul edilib”.
İtaliyanın da çoxmillətli ölkə olduğunu xatırladan Q.Hüseynli bildirib ki, müxtəlif vaxtlarda bu ölkədə də separatizm meylləri özünü göstərib. Bu mənada, rəsmi Romanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həllini fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirməsinin pozitiv məqam olduğunu deyən politoloq hesab edir ki, İtaliya Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi aqressiv separatizmə qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çalışacaq: “Çünki hazırda dünyada olduqca mənfi xarakterli hadisələr baş verir. Bunların içində ən təhlükəlisi separatizm faktorudur”.
Q.Hüseynlinin fikrincə, artıq Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə daha aydın mövqe ifadə etməyə başlayıb: “Hazırda Avropa dövlətləri ikili standartlardan uzaqlaşma siyasəti həyata keçirir”.
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli baxımından 2018-ci ilə müəyyən ümidlər bəsləmək olar, ancaq həddindən artıq nikbin olmağa ciddi əsaslar yoxdur. Bu il həm Azərbaycan, həm Rusiya, həm də Ermənistanda seçkilər keçirələcəyini xatırladan Q.Hüseynli düşünür ki, bu baxımdan danışıqlarda ciddi dəyişikliklərin baş vermə ehtimalı o qədər də yüksək deyil.
Keçmiş dövlət müşaviri əlavə edib ki, əgər ATƏT münaqişənin həll variantlarına əl gəzdirsə, birmənalı mövqe ortaya qoysa, danışıqlara təkan verə bilər.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, hazırda beynəlxalq hüquq, ədalət prinsiplərinə heç sözdə də əməl olunmur: “Aparıcı dünya dövlətləri, həmsədrlər ölkələrin rəhbərləri Ermənistanın təcavüzkarlıq siyasətini dilə gətirmək istəmirlər. Halbuki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərar və qətnamələri var. Lakin bunların heç birinə əməl edilmir. Bu onu deməyə əsas verir ki, böyük dövlətlər yalnız özlərinə sərf etdiyi halda BMT qətnamələrini əsas götürür, icrasını təşkil edir. Digər hallarda isə qərarlar yalnız kağız üzərində qalır”.
QHT sədri qeyd edib ki, vəziyyət o həddə çatıb ki, artıq BMT qətnamələrinin kağız üzərində qalmasına da imkan verilmir: “Sonuncu dəfə BMT-də Qüds məsələsinə dair qətnamə qəbul olunanda ABŞ birmənalı şəkildə qərarı qəbul etmədyini bəyan edib. O zaman ortaya belə bir sual çıxır: əgər BMT qətnamələrinə əməl olunmursa, bu qurumun varlığının nə önəmi var? İndiki halda BMT böyük dövlətlərə yalnız özlərindən zəif ölkələri təsir altında saxlamaq üçün lazımdır”.
Hərbi ekspert xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü, dünyanın ən güclü dövlətləri - ABŞ, Rusiya və Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir: “Həmin dövlətlər üçün bu məsələni həll etmək çox sadədir. Ancaq real iş görülmür, işğalçıya qarşı ciddi addımlar atılmır. Bunun əksinə, Ermənistana iqtisadi və hərbi yardımlar edilir, siyasi dəstək göstərilir. Bu dövlətlər kənara çəkilsə, Azərbaycan bir neçə gün ərzində problemi həll edər. Lakin buna imkan verilmir. Həmsədrlər tərəfləri sözdə razılaşmağa dəvət edirlər. Azərbaycan buna da etiraz etmir. Halbuki, 2016-cı ilin ilin aprel ayında sözügedən dövlətlər Ermənistanla razılaşmağa imkan vermədilər. Həm Rusiya, həm ABŞ, həm də Fransa diplomatik və digər kanallar vasitəsilə çağırışlar etdi ki, atəşkəs bərpa olunsun. Onlar bildirdilər ki, hərbi əməliyyatlar dayandırılsa, münaqişənin sülh yolu ilə həllini tapmasına ciddi dəstək verəcək, Qarabağ düyünü tez bir zamanda çözüləcək. Təəssüflər olsun ki, verilən vədlər yerinə yetirilmədi və münaqişə öz həllini tapmadı”.
E.Həsənli vurğulayıb ki, Ermənistana real təzyiqlər edilmədiyi halda vasitəçiliyin heç bir önəmi yoxdur: “Ya həmsədr dövlətlər real iş ortaya qoymalı, ya da kənara çəkilib Azərbaycanın öz torpaqlarını geri qaytarmasına imkan verməlidirlər”.
2016-cı ilin aprel ayında Ermənistanın 25 illik mifinin Azərbaycan ordusu tərəfindən alt-üst edildiyini deyən E.Həsənli qeyd edib ki, budəfəki hərbi əməliyyatlar əvvəlkindən qat-qat böyük olacaq.
Ekspert hesab edir ki, hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsini yalnız müharibə yolu ilə həll etmək olar: “Bizim ümidimiz Azərbaycan ordusunadır”.
Qeyd edək ki, ATƏT-də sədrlik Avstriyadan İtaliyaya keçib. Rəsmi Roma 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək. İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşmaya, zorakı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, eləcə də etimadın bərpası olacaq. Rəsmi Romanın bu məsələ ilə bağlı xüsusi bəyanatında qeyd olunub ki, Ukraynanın şərqindəki vəziyyətin Minsk razılaşmaları və danışıqların Normand formatına uyğun şəkildə nizamlanmasına tam siyasi dəstək veriləcək, Avropanın digər problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət yetiriləcək.
ATƏT-ə sədrliyin İtaliyaya həvalə edilməsinə dair qərar hələ 2016-cı ilin iyulunda 57 üzv ölkə tərəfindən yekdilliklə qəbul edilmişdi. İtaliyanın o zamankı xarici işlər naziri Paolo Centiloni ölkəsinin sədrliyinin əsas vəzifələrinin Ukrayna böhranı və ATƏT məkanında dondurulmuş münaqişələrin həlli, miqrant və qaçqın probleminin nizamlanması olacağını bəyan etmişdi. İtaliyanın xarici işlər naziri vəzifəsində P.Centilonini əvəzləyən Ancelino Alfano həmin tezisləri dəfələrlə təkrarlayıb.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, Avropa Şurası Parlament Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumların qətnamələri mövcuddur.
Ceyhun ABASOV