2017-ci ilin son günlərində İranda yüksək qiymət artımları səbəbindən baş verən etiraz dalğası dünya gündəmini zəbt edən əsas mövzulardan biri oldu. Sosial-iqtisadi narazılığın qısa müddətdə hökumət əleyhinə üsyana çevrilməsi dünyanı 3 qütbə böldü: İran hakimiyyətinin yanında olan, üsyançıları dəstəkləyən və bu məsələdə bitərəf qalan dövlətlər.
Rəsmi Tehran üsyanın arxasında ABŞ, İsrail və Səudiyyə Ərəbistanın dayandığını bəyan edərək, xalqı xarici siyasi dairələrin maraqlarına uymamağa çağırdı. ABŞ birmənalı olaraq üsyançıları dəstəklədiyini bəyan etdi. Narazılığın pik həddə çatması bəzi beyin mərkəzlərində İranla bağlı hazır ssenariləri işlək vəziyyətə gətirdi. Xüsusilə İranda yaşayan etnik azərbaycanlıların - türklərin ayağa qaldırılması prosesinə süni təkan verməyə çalışanlar rəsmi Bakını, o cümlədən, Ankaranı hadisələrin mərkəzinə çəkməyə çalışırdılar. Lakin həm Türkiyə, həm də Azərbaycan rəsmi Tehrana öz dəstəyini ifadə edərək, yaranmış situasiyada bəzi xarici dairələrin tərəfləri qarşı-qarşıya qoymaq cəhdlərini sıradan çıxardı.
Çünki həmin xarici siyasi dairələrin məqsədi heç də regionda sabitlik yaratmaq, ayrı-ayrı xalq və millətlərin hüquqlarını qorumaq deyil. 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsini nəinki həll etməyən, hətta işğalçı ilə təcavüzə məruz qalan tərəfləri belə ayırd etməkdə “çətinlik çəkən” Qərbi İranda yaşayan azərbaycanlıların taleyimi narahat edir? Təbii ki, əsl məqsəd region dövlətləri arasında münasibətləri gərginləşdirməklə İranda vəziyyəti iflic etməyə nail olmaqdır. Lakin bu zaman Azərbaycan, Türkiyə dövlətlərinin də eyni aqibəti yaşamayacağına heç kəs zəmanət vermir.
Bu barədə Rusiyanın “Vestnik Kafkaza” xəbər portalı hazırladığı “İrandakı xaosun qarşısını türklər aldı” sərlövhəli analitik məqalədə İran İslam Respublikasında qiymət artımları ilə əlaqədar baş verən genişmiqyaslı etiraz aksiyalarının hökumət əleyhinə üsyana çevrilməsinin qarşısının alınmasında Azərbaycan türklərinin xüsusi rol oynadığını qeyd etdi. Bildirildi ki, İranda baş verən etiraz dalğası ABŞ və onun bir sıra müttəfiqlərinin arzu etdiyi anti-hökumət islahatlarına gətirib çıxarmadı: “Doğrudur, yeni il ərəfəsində baş verən hadisələr İran hakimiyyəti üçün gözlənilməz oldu. İnsanların küçələrə çıxmasının əsas səbəbi istehlak məhsullarının qiymətlərinin həddən artıq yüksəlməsi olsa da, iqtisadi tələblər birdən-birə siyasi xarakter aldı. Dekabrın 28-də baş verən nümayişlər zamanı etirazçılar hərbi və siyasi obyektləri ələ keçirməyə çalışdılar. İranın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İranın böyük şəhərlərində - Tehran, Məşhəd, İsfahan və Rəştdə 2018-ci ilin yanvarın 2-nə qədər davam edən etiraz mitinqlərində təxminən 42 min nəfər insan iştirak etdi”.
Nəşr İranda yaşayan etnik azərbaycanlıların hökumət əleyhinə üsyanı dəstəkləmədiyini xüsusi qeyd edir: “İranda yaşayan azərbaycanlılar mitinqləri dəstəkləsəydi, bu, ölkə əhalisinin azı 40 faizinin hökumətə qarşı olduğunu ortaya qoyacaqdı və belə şəraitdə hakimiyyət mövcudluğunu qoruya bilməyəcəkdi”.
İran azərbaycanlıların yaşayış səviyyəsi, iqtisadi və sosial problemləri, o cümlədən, işsizlik məsələsi daha kütləvi xarakter daşısa da, onlar Qərb təşviqatına meydan vermədilər. Əslində, bu üsyanı “İrana qarşı Türk sövdələşməsi” kimi təqdim etməyə çalışırdılar. Lakin ABŞ-ın təzyiqlərinə baxmayaraq Türkiyə bu prosesdə üsyançıların yerində yer almadı. Prezident Rəcəb Tayyib Ərdoğan İranın hazırkı rejimini fəaliyyətindəki bəzi çatışmazlıqlara baxmayaraq regionda sabitliyin faktorlarından biri kimi qiymətləndirdi. Rəsmi Ankara Qərb avantüristlərinin İrandakı bu oyunlarının Suriyadakından daha böyükmiqyaslı vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini hesab edir. Həmçinin, Azərbaycan da üsyançıları dəstəkləməkdən imtina etdi. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd etdi ki, Azərbaycan İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.
Məhz Türkiyə və Azərbaycanın bu dəstəyindən sonra İran hakimiyyəti ölkədə vətəndaş müharibəsinin qarşısını almağı bacarıb, vəziyyəti öz nəzəratinə götürməyə nail oldu. Nəticədə İran İslam İnqilabı Keşikçilər Korpusunun komandiri, general Məhəmməd Əli Cəfəri üsyanın yatırıldığını elan etdi.
Nəşr ümid edir ki, Tehran hakimiyyəti bu iğtişaşların qarşısının alınmasında həlledici rol oyanan Türkiyə və Azərbaycanın, həmçinin, İran azərbaycanlılarının rolunu lazımi səviyyədə qiymətləndirəcək, dost və düşmənlərini daha yaxşı tanıyacaq.
Ceyhun ABASOV