Onunla III Gənc Ədiblər Məktəbinin yekun toplantısında tanış olduq. Məzunlar arasında o da var idi. Əlindəki "Üç çizgi" və "Sərhəd" jurnalları diqqətimi cəlb etdi. Ayaqüstü onun təhsili, fəaliyyəti, yaradıcılığı haqqında söhbət etdik.
Kənan Allahverdiyev 1997-ci ildə doğulub. Hazırda Türkiyənin Eskişehir Osman Qazi Universitetində Memarlıq fakültəsində təhsil alır. Türkiyədəki fəaliyyəti yalnız təhsili ilə yekunlaşmır. O, həm də vətəndən kənarda vətəni üçün işlər görən, Azərbaycanın gerçəklərini sərhədlərdən kənarda da eşitdirmək və qəbul etdirmək naminə fəal şəkildə çalışan gənclərimizdəndir.
K. Allahverdiyev təhsil aldığı Eskişehirdə yaradılmış Azərbaycanlılar dərnəyinin aktiv üzvlərindən biridir. Dərnəyin mətbu orqanı olan "Üç çizgi" jurnalı üç aydan bir çap olunur. Demək olar ki, hər sayda həmyerlimiz öz şeirləri ilə jurnalda təmsil olunur. Elə həmin gün oraya gətirdiyi jurnallarda da "Cümhuriyyət" və İraq türkmənlərinə həsr etdiyi şeirləri çap olunmuşdu.
Şeirlər demişkən, söhbətimiz əsnasında elə onun ədəbiyyata və Gənc Ədiblər Məktəbinə gəlişi haqqında da danışdıq. Öyrəndik ki, 15-16 yaşlarından şeir yazmağa başlayıb: "Şeirlərimin əsas mövzusunu vətənpərvərlik və sevgi təşkil edir. Elə Türkiyədəki dərgilərdə də milli ruhlu şeirlərim çap olunur. İki il öncə Gənc Ədiblər Məktəbi haqqında məlumat aldım və buraya qatılmaq istədim. Onda hələ Türkiyəyə getməmişdim və toplantılarda daha çox iştirak edə bilirdim. Buraya gəlməkdə birinci məqsədim özüm kimi yaradıcı gənclərlə tanış olmaq, onların yaradıcılığını öyrənmək, hər dəfə qonaq olan tanınmış yazıçı və şairlərimizin təcrübələrindən yararlanmaq idi. Düşünürəm ki, bu məktəb bizə bu cür şərait yaratmaqla gələcəkdəki ədəbi fəaliyyətimizin formalaşmasında, yazı texnikamızın inkişafında, nəyi yazıb, nəyi yazmamağı müəyyənləşdirməyimizdə mühüm rol oynayır".
Söhbətimizin bu yerində Kənandakı şairlik istedadının elə-belə yaranmadığını, irsi olduğunu da öyrənirik. Belə ki, onun babası Surxay Allahverdiyev dövrünün tanınmış qələm sahiblərindən olub, bir sıra mətbu orqanda, o cümlədən, 1998-ci ildə "525-ci qəzet"də şeirləri çap olunub.
Eskişehir Azərbaycanlılar Dərnəyində keçirilən tədbirlərin əsas mövzusu ölkəmizin tarixində mühüm hesab olunan günlər, Qarabağ işğalı, ermənilərin azərbaycanlılara təcavüzü, milli bayramlarımız və s.dir. Orada hər il Xocalının və digər işğal altındakı torpaqlarımızın zəbt olunduğu günlər yad edilir, bu hadisələr haqqında türkiyəli və xarici tələbələr geniş şəkildə məlumatlandırılır: "Bu qədər təbliğ olunmağına baxmayaraq, onların yenə də bizim tariximiz, faciələrimiz haqqındakı məlumatları çox azdır. Kənardan nələrsə etməklə onlara çox da təsir edə bilmirik. Buna görə də bilavasitə orada, onların arasında təbliğat aparılmalıdır. Biz də gənclər olaraq, üstümüzə düşən bu vəzifənin öhdəsindən gəlməyə çalışırıq. Dərnəyimiz çox fəaldır. Xüsusən, gənclər aktiv fəaliyyət göstərirlər. Türkiyədə Azərbaycan həqiqətlərinin geniş təbliğinə çalışırıq. Yerli gənclərdən bizə qoşulanlar azdır. Ancaq yenə də tədbirlərimizdə bizim dəvətimizlə gəlib iştirak edirlər.
Dərnəyimizin hər həftə gerçəkləşdirdiyimiz "Çərşənbə söhbəti" olur. Orada üzvlər həmin həftənin mühüm günlərini, hadisələrini xatırlayır və iştirakçılara bu haqda məlumat verirlər. Ötən ilin mayın 18-də biz bir gün qabaqkı, yəni, mayın 17-də baş vermiş Laçının işğalını xatırladıq, ona həsr olunmuş geniş tədbir keçirdik. Tədbirimizə azərbaycanlı və türkiyəli gənclər, o cümlədən, orada təhsil alan xarici tələbələr, müəllimlər, bir sıra ictimaiyyət nümayəndələri qatılmışdılar. Mən Laçınla bağlı video çarx hazırlamışdım. Həm şifahi, həm də görüntülü şəkildə düşmənin xalqımıza qarşı etdiyi zorakılığı onlara çatdırdıq, Laçının erməni işğalında olan Azərbaycan torpağı olduğunu söylədik. Mən həmçinin, tədbirdə özümün Laçına həsr etdiyim şeirimi də oxudum. Hiss etdim ki, danışdıqlarımız, verdiyimiz məlumatlar onlar üçün də çox maraqlıdır".
Həmsöhbətim özünün və üzvü olduğu dərnəyin gələcək planları haqqında da məlumat verdi. 2018-ci ilin Cümhuriyyətimizin 100 illik yubileyi münasibətilə Prezidentimiz tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması oradakı soydaşlarımızın da diqqətindən kənarda qalmayıb və onların builki fəaliyyət planlarında bu əlamətdar hadisə ilə bağlı tədbirlər və müsabiqələr də nəzərdə tutulub: "Artıq bununla bağlı işlərə başlanılıb. Cümhuriyyətimizlə bağlı məqalə müsabiqəsi elan olunub. İndidən bununla bağlı məlumat Türkiyənin hər yerinə çatdırılıb. Layiqli müsabiqə və tədbirlər həyata keçirməyi planlaşdırmışıq".
Şahanə MÜŞFİQ