Sirli bir fərmandı dünya,
Kim deyir dərmandı dünya,
Köhnə dəyirmandı dünya,
Ömrümüz üyünür hələ.
Baxır-baxır gözü bizə,
Dayanıbdı üzü bizə,
Tanrı hansı üzümüzə,
Bizimlə öyünür hələ.
Fani dünyadan qaçanın,
Ruhu göylərdə uçanın,
Məzarı çiçək açanın,
Ürəyi döyünür hələ.
lll
Eşq əhli bu yollarda qoşasa,
Bir-birinin ürəyini oxşasa,
Qoca dünya sevgi ilə yaşasa,
Ömrü boyu dayaqları laxlamaz.
Təbiidir ağlayırsan, gülürsən,
Ayrılığı həm də, dözüm bilirsən,
Sevirsənsə ancaq özün bilirsən,
Heç kim gəlib ürəyini yoxlamaz.
Dedi, ağılla sev, rəhmətlik babam,
Alovlanmır, tüstülənir eşq sobam,
Əlim bala batıb, ay elim, obam,
Deyirlər ki, özü sevən ağlamaz.
Ürək yoxsa, sevda nədən bilinər,
Azalıb sevgili qız, sevgili nər,
İraq olsun, tükənsə sevgililər,
Dünya bizi bircə gün də saxlamaz...
lll
Heç vaxt görmədiyim fələk
Söylə, atın nə rəngdədi.
Ora burdan çoxmu fərqli,
Suyun, otun nə rəngdədi.
Yerdə gəzən əjdahalar
Məni udmamış, gəl apar.
Nakam sevgilərin ahı
Məni tutmamış, gəl apar.
Məni də, götür tərkinə
Bu yerdən üzülüm gedim.
Sevənlərimin gözünə
Yaş olum süzülüm gedim.
Arxamca həsrətim güldü,
İçimdə səsim darıxdı.
Nə durmusan, yüyəni çək,
Tez ol, nəfəsim darıxdı.
lll
Gül bilim dərim səni,
Könlümə sərim səni,
Arabir görüm səni,
Gözüm yadırğamasın.
Bir az qərib eyləyim,
Sözü zərif eyləyim,
Səni tərif eyləyim,
Sözüm yadırğamasın.
Sözünü üzülmə de,
Mənə bax, özümə de,
Nəyin var üzümə de,
Üzüm yadırğamasın.
Əynimdə sarı köynək,
Ürəyim göynək-göynək,
Toy yoxdu, yoxdu neynək,
Dözüm yadırğamasın...
lll
Yol gedirdim, sən yolumdan eylədin,
Baxışınla neçə dastan söylədin,
Öyünmə ki, məni şair eylədin,
Ürəyimdə beş-on kəlmə söz qalıb.
Haqqım yoxdu bu sevdanı danmağa,
Müntəzirəm gecə-gündüz anmağa,
Təzədənnən alovlanıb yanmağa,
Nə bir kösöv qalıb, nə bir köz qalıb.
Ömrü boyu sən günahkar bil məni,
Qılınc götür neçə yerə böl məni,
Deyirsən ki, yaddaşınnan sil məni,
Siləmmirəm, eh məndə də üz qalıb.
Mənə sərf eləmir, yada saldıqca,
Özüm üzülürəm belə qaldıqca,
Adam huşsuz olur yaşa dolduqca,
Bir az da döz, unutmağa az qalıb...
lll
Mən sənə nə başa salım sevgidən,
Onun alovuna yanıb biləsən.
Ayrılığın qarı, içinə yağa
Ürəyin buz kimi donub, biləsən.
Əzəldən çətindi, qayadı, daşdı,
Yoxdu məhəbbətin" asan xidmət"i,
Ölsəm də, yadımnan çıxmaz o qızın,
Baxıb sonsuzluğa "susan" xidməti".
Çox da ki, həyatı görüb gəlmişəm
Çox da ki, özümdən oxuyuram mən,
Bu sevgini əzbərləmək çətindi,
Hələ də üzündən oxuyuram mən...
lll
İnanmıram bir də səni görəm mən
O da bir fürsətdi gəldi də getdi.
Bəxtim tez özünü yetirdi mənə,
Üzümə bir dəfə güldü də getdi.
Nə tez gəldi keçdi ömürdən illər,
Yığılıb üst-üstə, bu yaş hardandı?
Deyirlər ağlamaz özü yıxılan,
Mən ki ağlamıram, bu yaş hardandı?
Həyatın dəyişib, başın qarışıb,
Deyəsən, o köhnə bağlar qırılıb,
Bir dəfə görməyə həsrət qalmışam,
Kiminsə baxmaqdan gözü yorulub
Hərəyə bir cürə verilir sevgi
Kimiyə əzabla, kimiyə hazır.
Görünür, dünyanın işi belədi,
Kimlərsə qovuşur, kimsə şer yazır...
lll
İllər keçib, o gedənsən, o gedən,
Unutmağn çarəsiymiş vaxt, zaman.
Bilmirəm, heç sən də üşüyürsənmi,
İçi buz bağlamış ayrılıqlardan.
Yuxuma yalvardım, görməsin səni,
Qorxurdum gözümü yummağa, neynim.
Gördüyüm yuxular qatmaqarışıq,
Döndülər dolaşıq yumağa neynim.
Nə nəfəsin gəlir, nə gözün baxır,
Əriyib axıram sənsizliyinə.
Nə bir parça şəkil, nə də ki heç nə,
Oturub baxıram sənsizliyinə.
Ömrümü, günümü yola verirəm,
Ürəyim əl çalır, ruhum oynayır.
Bu necə nifrətdi, dərddi bilmirəm,
Altından yenə də, sevgi qaynayır...
lll
İllər ötüb gedir ömür payından,
Bu dünyanın suyundandı suyundan,
Çox öyünmə dostlarının sayından,
Sədaqəti olan adam ayrıdı.
Bir az da dərindən düşünsən əyər,
Çarəsiz fikirlər qəddini əyər,
Çoxları gözünə ədəbli dəyər,
Mərifəti olan adam ayrıdı.
Gizlinim yox, nəyim varsa üzdədi,
Ömür hələ yollardadı, izdədi
Çox insanlar əməldə yox, sözdədi,
Cəsarəti olan adam ayrıdı
Hər gələnə, gedənə söz verməyin,
Hər "aşiq"in əlinə saz verməyin
Sevgi yoxsa, heç kimə üz verməyin,
Məhəbbəti olan adam ayrıdı...
Xaliq RƏHİMLİ