|
|
|
|
Dəyərli ənənəyə çevrilmiş “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bank bu günlərdə daha bir mühüm mədəni aksiyanı həyata keçirib.
2010-cu ildə start verilən bu layihə üzrə indiyədək bir sıra qiymətli nəşrlər hazırlanıb, önəmli sərgilər təşkil edilib.
Görkəmli rəssamlarımızdan Böyükağa Mirzəzadənin, Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin, Nadir Əbdürrəhmanovun, Xalidə Səfərova və Mahmud Tağıyevin, Vəcihə Səmədovanın, Kamal Əhmədin, Fazil Əliyevin, Gennadi Brijatyukun, Rza Məmmədovun, Qorxmaz Sücəddinovun, şəhid heykəltəraş Samir Kaçayevin bədii albomları və sərgiləri məhz bu layihə sayəsində gerçəkləşib. Poeziyamızın parlaq nümayəndələri olan Məmməd Arazın, Hüseyn Arifin, Mikayıl Müşfiqin, Xəlil Rza Ulutürkün seçilmiş əsərləri, həmçinin numizmat alim professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı “Xalq Əmanəti” kimi işıq üzü görüb.
Bu dəfə isə layihə çərçivəsində üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” - milli mədəni irsimizin sütunlarından sayılan ozan-aşıq yaradıcılığınümunələrinin möhtəşəm toplusu hazırlanaraq təqdim olunub. Bu nəşr özündə aşıq şeiri incilərini, eləcə də qəhrəmanlıq və məhəbbət dastanlarını ehtiva edir. “Xalq Əmanəti” silsiləsindən 16-cı nəşr olan “Aşıq ədəbiyyatı antologiyası” nüfuzlu alimlərimizin 2 ildən artıq müddətdə davam edən ardıcıl elmi-tədqiqat işlərinin bəhrəsidir. Nəşrin tərtibçiləri Əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır. Elmi redaktoru M.Qasımlı olan nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı, bədii tərtibatçısı və dizayneri Tərlan Qorçudur. Üçcildlikdə naməlum müəlliflərin əsərlərinə, arxaik və əcnəbi sözlərdən ibarət geniş lüğətə də yer verilib.
“Aşıq ədəbiyyatı antologiyası”nın təqdimat mərasimində Azərbaycanın tanınmış elm, ədəbiyyat və mədəniyyət adamları, ictimai xadimlər, aşıq sənətinin nümayəndələri, media və biznes mühitinin təmsilçiləri iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun fikrincə, Xalq Bank bu antologiyanı ərsəyə gətirməklə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinə, onun maddi sərvətləri mənəvi zənginliyə çevirmək devizinə sadiqliyini bir daha nümayiş etdirib. Akademik deyib ki, son illər ölkəmizdə aşıq sənətinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs Siyahısına daxil edilməsi də bu yüksək münasibətin təzahürüdür. Məhz o baxımdan, “Aşıq ədəbiyyatı antologiyası”nın “Xalq Əmanəti” kimi nəşri Xalq Bankın doğma Azərbaycana, onun qədim və zəngin mədəniyyətinin təbliğinə müstəsna xidməti hesab oluna bilər.
Akademikin sözlərinə görə, bu nəşrdə toplanan bədii nümunələr həm mədəni-intellektual, həm də ideoloji planda böyük dəyər və önəm kəsb edir. Antologiya aşıq ədəbiyyatı ilə bağlı ciddi və sanballı qaynağa çevrilməklə bərabər, onun geniş tirajı istər ölkə daxilində, istərsə də xaricdə bu sahə ilə maraqlanan insanlar, araşdırıcılar üçün əlverişli istifadə imkanları açacaq.
N.Cəfərov qeyd edib ki, birinci cilddə 168 müəllifin poetik əsərləri yer alıb və həmin əsərlər bu sahənin biliciləri olan alimlər, folklorşünaslar tərəfindən ətraflı tədqiq edilərək nəşrə salındığı üçün sözügedən toplu son dərəcə səhih, yəni mükəmməl mənbə rolunu oynayacaq. Ozan-aşıq sənətimizin əcdadı sayılan Dədə Qorqudun da bu antologiyada təmsil olunmasını akademik N.Cəfərov daha bir əlamətdar cəhət kimi nəzərə çatdırıb. Millət vəkili bildirib ki, əsərlərin yüksək peşəkarlıqla aparılan seçimi və tədqiqi zamanı bu sahədə əvvəllər əldə edilmiş nailiyyətlərə, mətnşünaslıq-folklorşünaslıq elmimizin keçmişdə qazandığı uğurlara ehtiramla, həssaslıqla yanaşılması da olduqca diqqətəlayiq cəhətdir.
Son iki ildən artıq müddətdə antologiya üzərində böyük əmək sərf etmiş professor Məhərrəm Qasımlı çıxışına Ümummilli lider Heydər Əliyevin düşüncə irsinə müraciətlə başlayıb. “Kitabi-Dədə Qorqud”u, ozan-aşıq sənətimizi milli estetikanın, mənəvi dəyərlərimizin mötəbər qaynağı kimi yüksək qiymətləndirmiş Ulu öndərə istinad edən alim deyib: “Məhz bu məqama əsaslanmaqla biz öz milli-vətənpərvərlik borcumuzu daha aydın dərk etməli, ozan-aşıq sənətinə, yüzillər boyu milli ruhumuzu, mənəvi varlığımızı misilsiz şeirlərlə, dastanlarla qoruyub yaşatmış aşıqların, el sənətkarlarının sayəsində yaranan bu möhtəşəm xəzinəyə böyük diqqətlə yanaşmalıyıq”.
Professorun sözlərinə görə, aşıq sənətinin inkişafında sufi dünyagörüşün, təsəvvüf düşüncəsinin rolu sovet dövründə qəsdən pərdələnib və arxa plana keçirilib. O baxımdan, hazırkı antologiya bu boşluğu doldurmaq, aşıq ədəbiyyatını hərtərəfli tədqiq və təqdim etmək üçün də gözəl bir vəsilə olub. Antologiyanın elmi redaktoru deyib ki, nəşrdə yer alan hər bir ədəbi nümunə üzərində çox böyük ciddiyyət və dəqiqliklə iş aparılıb, bu sahədə professor Mahmud Allahmanlı və layihənin rəhbəri Rafiq Həşimovla sıx əməkdaşlıq öz layiqli nəticəsini verib.Antologiyanın mündəricəsindən söz açan M.Qasımlı ulu ozan Dədə Qorqudun ədəbiyyatşünaslıq və folklorumuzun tədqiqi tarixi boyu ilk dəfə məhz bu nəşrdə ədəbi şəxsiyyət kimi təqdim olunduğunu, aşıq sənətimizin mənbəyinin ona bağlandığını diqqətə çatdırıb. Burada indiyədək aşıq poeziyası toplularında yer almayan 60-a qədər müəllifin yaradıcılığı, həmçinin, bir çox ədəbi nümunənin müəllifinə dair dəqiqləşdirmələr öz əksini tapıb. Professor hər bir cild haqqında müfəssəl danışaraq, nəşrin redaktoru Şəhla Tahirqızının da nəşr üzərindəki əməyini xüsusi qeyd edib. Çıxışın sonunda Xalq Banka minnətdarlığını dilə gətirən M.Qasımlı “Xalq Əmanəti” layihəsinin əsl vətənsevərlik və milli-mədəni təəssübkeşlik örnəyi olduğunu vurğulayıb.
“Aşıq ədəbiyyatı əsrlərdən bəri çağlayan tükənməz sənət və mənəviyyat çeşməsidir” - görkəmli ədəbiyyatşünas, söz sənətimizin, xüsusən Kərkük folklorunun fədakar tədqiqatçısı professor Qəzənfər Paşayev çıxışına bu fikirlə başlayıb. Aşıq ədəbiyyatının araşdırılması və təbliğinin vacibliyinə diqqət çəkən Q.Paşayev dövlətin bu sənətə yüksək diqqət və qayğısından ətraflı söz açıb. Professor təqdim edilən bu antologiyanın Xalq Bankın milli mədəniyyətə növbəti parlaq töhfəsi olduğunu bildirib.
Tanınmış ədəbiyyatşünas professor Şirindil Alışanlının qənaətinə görə, indiyədək ölkəmizdə aşıq ədəbiyyatını bu qədər geniş, hərtərəfli şəkildə əks etdirən, fundamental elmi tədqiqatın yekunu kimi ortaya çıxan sanballı antologiya hazırlanmamışdı. Antologiyanın məziyyətlərindən bəhs edən alimin fikrincə, bu nəşr aşıq ədəbiyyatına dair yeni araşdırmalara təkan verəcək.
Antologiya üçün baxımlı və məzmunlu illüstrasiyalar yaratmış Xalq rəssamı Arif Hüseynov bu dəyərli nəşrə görə Xalq Banka, layihənin rəhbərliyinə minnətdarlığını bildirib, həmçinin, bədii tərtibatçı və dizayner T.Qorçunun işini təqdir edib.
Saz-söz sənətimizin tanınmış nümayəndələrindən Aşıq Ulduz və Aşıq Əhliman aşıq yaradıcılığına verilən böyük qiymət üçün dövlət rəhbərliyinə minnətdarlıq ünvanlayıb, Xalq Bankın “Xalq Əmanəti” layihəsini və bu antologiyanın nəşrini alqışlayıblar.
Antologiya ilə bağlı bir təsirli və əlamətdar məqam da budur ki, tərtibçilər hələ 2015-ci ilin əvvəlində mərhum Xalq şairi Zəlimxan Yaqubdan, Aşıqlar Birliyinin sədri və sazın-sözün görkəmli bilicisi olaraq, bu nəşr üçün bir məqalə yazmağı xahiş ediblər. Müraciəti fərəhlə qarşılayan şair, məqaləni mütləq yazacağı barədə vəd verib. Amansız xəstəlik onu günbəgün zəiflədib əldən salsa da, şair yenə öz vədini yerinə yetirib, “Dahilik, müdriklik, sadəlik” adlı məqaləsini qələmə alaraq, yaradıcı heyətə çatdırıb. Z.Yaqubun bu nəşri görməsinə, çox təəssüf ki, əcəl aman vermədi. Ancaq onun son əsərlərindən olan həmin məqalə antologiyada öz layiqli yerini tutub. Unudulmaz şairin bu yadigar sətirləri “Aşıq ədəbiyyatı antologiyası”nın “Xalq Əmanəti” kimi nəşrinin əhəmiyyətini bir daha təsdiqləyir: “Aşıq kimi nəsillərin yaddaşında qalmaq, eşq ocağını ətəkləmək, qalamaq, alovlandırmaq, sözün alınmaz qalasına çevrilmək, heç kəsin bacarmadığını bacarmaq hünər işidir... Aşıq yaradıcılığı ruhumuzun danışan dilidir. Bu dil aranın-yaylağın, gülün-çiçəyin,... yerin-göyün, buludun-şimşəyin, gözəlliyin, məhəbbətin... dilində danışır, bizi də bu ruhda danışdırır, bu ruha kökləyir”.
Xədicə RƏHMAN