Almaniya xarici işlər naziri Ziqmar Qabriel yeni hökumətin tərkibində yer almayacaq.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Z. Qabriel bunu "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Z. Qabriel bildirib ki, bu barədə bu gün ona Almaniya Sosial Demokrat Partiyasının sədri seçiləcək Andrea Nales və partiyanın sədri vəzifəsini icra edən Olaf Şolts məlumat verib.
Qeyd edək ki, Almaniya Bundestaqına seçkilər 2017-ci ilin sentyabr ayında keçirilib. Seçkilərdən sonra sosial-demokratlar və Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik İttifaqı / Xristian-Sosial İttifaqı arasında koalisiya qurulması ilə bağlı danışıqlar başlanıb. Fevralın 7-də koalisiya qurulması ilə bağlı layihə razılaşdırılıb. Sosial Demokrat Partiyasının üzvləri arasında fevralın 20-dən martın 2-dək poçt vasitəsi ilə keçirilən səsvermənin nəticələrinə əsasən sosial demokratların 66,02 faizi "Böyük koalisiya"nın qurulmasına müsbət yanaşıb.