Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin klassik rəqs kafedrasının müdiri, pedaqoji elmlər namizədi, dosent Yelena Perlina Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi (BXA) rəhbərliyinin dəvəti ilə akademiyada ustad dərsləri keçirib.
Y. Perlina ustad dərsləri zamanı tələbələrə klassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat verib, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətlərini nümayiş etdirib. Eyni zamanda, dərslərdə iştirak edən müəllim heyətinə də öz tövsiyələrini verən Y. Perlina klassik və müasir rəqslərin vəziyyətindən, eləcə də dünyada xoreoqrafiya sahəsində gedən proseslər və yaranan yeni cərəyanlar haqqında danışıb.
Dərsdən sonra qonaq ona ünvanlanmış suallara cavab verərək, qeyd edib ki, tələbələrin nümayiş etdirdikləri rəqs hərəkətləri və müəllimlərin tədris metodikası Bakı Xoreoqrafiya Akademiyasının tədris prosesinin Rusiyanın A. Y. Vaqanova adına Rus Baleti Akademiyasının ənənələrinin özündə ehtiva etməsinin bariz nümunədir. Çünki Rus Baleti Akademiyası bugünədək də özündə dünya klassik rəqsinin ən qədim elementlərini olduğu kimi qoruyub saxlamağa müvəffəq olmuşdur.
Sonda Y. Perlina bu cür görüşlərin mütəmadi olacağına ümidvarlığını və qonaqpərvərliyə görə akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib.
Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılar tərəfindən də yüksək qiymətləndirilib. Onlar bu cür görüşlərin beynəlxalq təcrübənin öyrənilməsində mühüm rolunu vurğulayıblar.
Şahanə MÜŞFİQ