Dünən Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi münasibətilə "Mir Cəlal Paşayev - 110" adlı kitab sərgisinin açılış mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə dünyanın müxtəlif ölkələrində çoxsaylı mədəni-kütləvi tədbirlərin keçirildiyini deyib. O, ədibin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verib, yazıçının Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, görkəmli yazıçı zəngin yaradıcılığı, sanballı əsərləri ilə nəinki Azərbaycan, həmçinin, dünya oxucusunun sevgisini qazanıb, əsərləri müxtəlif dillərə tərcümə olunub. Kitabxananın direktoru özünəməxsus yazı üslubu olan, hekayələrini hamının başa düşəcəyi dildə yazan istedadlı qələm ustası, işıqlı şəxsiyyətin əziz xatirəsinin daim yaddaşlarda yaşadığını söyləyib. Vurğulayıb ki, Azərbaycan ədəbiyyatı nəzəriyyəsininin yaradıcılarından olan Mir Cəlal Paşayev ədəbiyyat xəzinəmizi öz nəsr əsərləri ilə daha da zənginləşdirib, filoloji mühitdə diqqətəlayiq yer tutan məqalələr yazıb, monoqrafik tədqiqatlar aparıb. Realist Azərbaycan nəsrinin yeni səviyyəyə yüksəldilməsində müstəsna xidmətləri olmuş bu görkəmli şəxsiyyət müasir yazarlar nəslinin ədəbi-estetik müəllimi olub. K.Tahirov Milli Kitabxananın əməkdaşları tərəfindən ədibin yubileyi münasibətilə təkmilləşdirilmiş fundamental biblioqrafik vəsait və elektron məlumat bazası hazırlandığını və yaxın günlərdə təqdimatının keçiriləcəyini deyib.
Direktor müavinləri Ə.İsmayılova və M.Hacıyeva görkəmli yazıçının yaradıcılığı haqqında çıxış ediblər.
Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş "Mir Cəlal Paşayev - 110" adlı, böyük ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, uşaqlar üçün işlədiyi kitablar, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, tərtib etdiyi, ön söz yazdığı, redaktə etdiyi kitablar, rus və başqa dillərdə çap olunmuş əsərləri, habelə həyat və yaradıcılığını əks etdirən nəşrlərdən ibarət geniş sərgi ilə tanış olublar.