Bugünlərdə “Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb.
Jurnalın bu sayında görkəmli ədib, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yazılar yer alıb. İntiqam Qasımzadənin “Ədib”, Nəriman Həsənzadənin “Xəlvətdə yanan şam” (dramatik poema), Nizami Cəfərovun “Bir gəncin manifesti”ndən “Bir səfirin manifesti”nə”, Təyyar Salamoğlunun “Dirilən adam” Balzak realizmi ilə sosrealizm arasında” yazıları oxuculara təqdim edilib.
Jurnalın poeziya bölməsində Rəşid Faxralı, Anar Amin, Vəfa Mürsəlqızı, Kəmaləddin Qədim, Vəliyulla Novruz, Elnur Abdiyev, Zirəddin Qafarlı, Fəridə Hacıyeva, Allahşükür Ağa kimi müəlliflərin şeirləri dərc olunub.
Mübariz Cəfərlinin 50 illik yubileyinə həsr olunmuş xüsusi bölmədə yazıçının “Yerin altındakı gümüşüyarpaq ağac” povesti, Məmməd Orucun “Yazıçı ömrü” əsərləri yer alıb.
Jurnalın nəsr hissəsində Reyhan Yusifqızının “Cəbhə yolları - 25 il sonra” əsəri, “Debüt”də Natiq Nəsirovun “Qurd payı” hekayəsi çap olunub.
“Dünya, səndən kimlər keçdi...” adlı xüsusi bölmədə professor Asif Rüstəmli “Bir görüşün tarixçəsi” essesi ilə akademik Aslan Aslanovdan danışıb.
“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Ülviyyə Rəhimova “Təhkiyədə məkan”, “Türk dünyamız” rubrikasında Namiq Əhmədov “Türkiyəyə məhəbbətlə”, “Kitablar, rəylər” bölməsində tənqidçi Vaqif Yusifli “Unudulmaz Qabilimiz” yazıları ilə çıxış ediblər.
“Ədəbi kaleydoskop”da Zümrüd dünyanın on ən məşhur qadın yazıçısından söz açıb.
Ən son nəşrlər haqqında məlumat ənənəvi olaraq jurnalın “Kitab rəfi” rubrikasındadır.
Şahanə MÜŞFİQ