Bəzən kimsə sənin kitabın, yazılarınla bağlı yazı yazır və sən də həyəcanla baxıb görürsən ki, burada heç nə yoxdu. Daha doğrusu, heç nə deyilməyib. Tənqidi yazı yazmaq doğrudan da elə asan iş deyil. Deyirlər, bir şeiri tədqiq etmək o əsəri yazmaqdan daha çətindir...
Ədəbiyyatımızın cəfakeşi, tanınmış tənqidçimiz Vaqif Yusifli isə bu baxımdan əsl sənətkardı. Elə buna görə də onunla hər görüş bir bayram təəssüratı yaradır. Bu fikir aprelin 28-də Abşeron Rayon Mərkəzi Kitabxanasında onunla keçirilən görüşdə də tez-tez səsləndi.
Məlum olduğu kimi aprelin 20-də hörmətli Vaqif müəllimin 70 yaşı tamam oldu. Bu münasibətlə onunla müxtəlif görüşlər keçirildi, haqqında dəyərli yazılar yazıldı. Və təbriklər hələ də davam etməkdədir. Bu da illərlə onun çəkdiyi zəhmətin bir nişanəsi, ona olan xoş münasibətin bir göstəricisidi. Kitabxanada Vaqif müəllimin yubileyi ilə bağlı keçirilən görüşdə də ona olan səmimi münasibətin bir daha şahidi oldum.
Kitabxananın direktoru, şair Məlahət Yusifqızı tədbirdə ilk sözü söyləyərək, Vaqif müəllimi salamladı və onunla bu görüşün bir bayram olduğunu vurğuladı. Sonra o, 80-ci illəri xatırladı: "Haqqımda yazmaq üçün heç kəsə ağız açmamışam və uzun illər gözləmişəm. Sonra "Pərvanə" məclisinin üzvlərinin yazılarından ibarət eyniadlı almanax çap olunub və mənim də şeirlərim ora daxil edilib. Baxdım ki, Vaqif müəllim ancaq mənim haqqımda yazıb. Mən onda düşündüm ki, necə təmənnasız adamdı. Vaqif Yusifli ədəbiyyatımız üçün çox işlər görüb. Onun xidmətləri hansı yöndən baxsan dəyərlidi. Çünki o, əsl sənətkardı. Qoy, dualarımız sizinlə olsun, Vaqif müəllim!"
Adətən yubilyara sonda söz verilir. Amma bu dəfə istisna olaraq birinci Vaqif müəllimə söz verildi. V.Yusifli onunla görüşə gələn qonaqları salamladı və ilk sözü bu oldu: "Heç özüm də bilmirəm, necə gəlib bu yaşa çatdım... Mən həqiqət aşiqi olmuşam. Həmişə çalışmışam, yazmışam. Kim oxuyub, kim bəyənib bunu axtarmamışam. Məni bəzən haqsız tənqid də ediblər. Ancaq öz işimdən, yolumdan ayrılmamışam. Mən kiməm, deməmişəm... Xahiş edirəm, məni çox tərifləməyin!"
Şair Firdovsi Cəfərov Vaqif müəllimin mədəni bir insan olduğunu söyləyərək bunu yazdığı yazılarda da hiss olunduğunu söylədi: "O heç vaxt müəllifi təhqir etməyib. Onun yazarlar üzərində böyük haqqı sayı var"...
Hacı İsrafil qeyd etdi ki, adətən tənqidçilər kənarda qalır. Onlar haqqında az danışılır, az yazıılır. Onun qəlbi çox böyükdü. Xəstə olanda da qələmi yerə qoymayıb...
Şərqşünas, şair Hafiz Rüstəm isə bunları söylədi: "O, sadə, xalqa yaxın bir insandı. 90-cı illərdə sanki ədəbiyyatda bir durğunluq vardı. Ancaq o, yenə də yazırdı. Yəqin ona görə bu gün xalqın belə sevimlisinə çevrilib".
Nurəddin Mehdixanlı, Balayar Sadiq, Rəfael Laçınlı, Mürvət Qədimoğlu, Narıngül, Aləmzər Sadıqqızı, Xaliq Laçınlı, Şəfəq Sahibli, Səmayə Güləliqızı və başqaları da Vaqif müəllimlə bağlı ürək sözlərini söyləyib, onu təbrik etdilər...
Sonda söz yenə də Vaqif müəllimə verildi. O, qısaca öz tərcümeyi-halından danışdı, tənqid tariximizə nəzər saldı.
İllərdir, mən də V.Yusiflinin yazılarını oxuyuram və ondan öyrənirəm. Hiss etmişəm ki, həmişə böyük qəlbi, geniş dünyagörüşü və biliyi olan qələm sahibi daha sadə dildə yazır, hər kəs anlasın deyə. Onda yazı da nəğməli çay kimi oxunub keçir.
Tədbirdə çıxış edənlərin əksəriyyəti Vaqif müəllimin onun haqqında yazdığı yazıları xatırladı. Deyirlər, insanın etdiyi xeyirxahlıqlar bir gün onun özünə qayıdır. Elə ona görə də onunla görüş bu qədər səmimi keçdi və belə xoş təəssüratlarla yadda qaldı... Vaqif müəllim mənim də şeirlərimlə bağlı bir neçə dəfə yazı yazıb və "Ədalət" qəzetində çap etdirib. Və bu yazılar mənim üçün çox əziz və dəyərlidir. O, müəllifləri incəliklə tənqid edir: nə tərifləyib göyə qaldırır, nə də ruhdan salır.
Vaqif müəllim, nə yaxşı varsınız. Allahdan sizə can sağlığı arzulayıram. 70 yaşınız mübarək olsun!
Mina RƏŞİD