Ermənistanın yeni baş naziri Nikol Paşinyan işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər edərək Dağlıq Qarabağ münaqişəsinin həllində sələflərinin işğalçılıq siyasətini davam etdirəcəyini nümayiş etdirib.
O, əvvəlcə Xankəndidə qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb, separatçıları başına yığaraq hərbi müşavirə keçirib, daha sonra birlikdə Şuşaya yollanıblar.
Düşmən ölkənin yeni baş naziri İrəvandakı etiraz aksiyalarında sosial-iqtisadi böhrandan çıxış yolunu Qərbə inteqrasiyada gördüyünü bəyan etsə də, kreslosuna əyləşdikdən sonra əvvəlki çıxışlarından fərqli olaraq Rusiya ilə münasibətlərin daha da genişləndirilməsini vacib hesab etdiyini deyib. Bu o deməkdir ki, Paşinyanın hakimiyyəti dövründə də Ermənistan Rusiyanın vassalı olmaqda davam edəcək. Bu vədinə xilaf çıxan N.Paşinyanın onu baş nazir kürsüsünə qaldıranların etimadını tamamilə itirməmək üçün Dağlıq Qarabağla bağlı boğazdan yuxarı bəyanatlar səsləndirib. Qondarma rejimi "müstəqil dövlət" kimi tanımağa cəsarət edə bilmədiyi halda işğalçı ölkənin yeni baş naziri Azərbaycanla danışıqlara separatçıların sözdə bərabərhüquqlu tərəf kimi iştirakı şərtilə qatılacağını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi N.Paşinyanın sayıqlamalarına reaksiya verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilkin bəyanatları cavabdan daha çox böyük suallar doğurur və anlaşılmır: "Bu nədir? Sadəlövhlükmü, yoxsa mövzu barədə məlumatlı olmamaqmı? Bəlkə də, hamısıdır. Yaşayarıq, görərik".
H.Hacıyev vurğulayıb ki, Ermənistanda Serj Sarkisyan hakimiyyətinə qarşı etirazlar başlayanda rəsmi Bakı İrəvanda proseslərə ayıq başla yanaşan siyasi qüvvənin hakimiyyətə gələcəyinə ümid edirdi: "Hər halda Azərbaycan prosesin başlanğıcında bəyan etmişdi ki, regionda baş verən hadisələrə ayıq qiymət verən və sağlam düşünən bir qüvvənin hakimiyyətə gələcəyinə ümid edir".
Xəyalpərəst Paşinyan Türkiyə ilə münasibətlərin qurulmasının mümkünlüyündən danışıb. O, iki ölkə arasında münasibətlərin qurulması üçün rəsmi Ankaranın nəinki heç bir ön şərtini qəbul etməyəcəklərini, hətta özlərinin bir neçə şərt irəli sürəcəklərini - "Böyük Ermənistan" xülyasına uyğun sözdə problemli məsələlərin üzərinə gedəcəklərini bəyan edib. Yeni baş nazir uydurma "erməni qoyqırımı" iddialarını davam etdirmək niyyətindədir.
Bir sözlə, N.Paşinyan praqmatik siyasət yürütmək əvəzinə bu cür sərsəm bəyanatlar verməklə Ermənistanın acı taleyini dəyişə biləcəyini düşünür.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsiylə bağlı bəyanatlarına situativ - şəraitin ona məcburən dedirtdiyi fikirlər kimi yanaşır: "Paşinyan uzun müddət Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarı olub. Məhz Qarabağ məsələsinə görə, Petrosyanın bütün tərəfdarları, o cümlədən, Paşinyan təzyiqlərə məruz qalmışdı. İndi Paşinyan yenicə baş nazir olduğu üçün publikaya oynayır, fikirlərini tez-tez dəyişir".
M.Əhmədoğlu bildirib ki, N.Paşinyanın rəhbəri olduğu "Yelk" (Çıxış) blokunun məqsədi Ermənistanı Avrasiya İqtisadi Birliyindən - Rusiyanın təsir zonasından uzaqlaşdırmaqdır: "Amma hazırda Paşinyan əvvəlki fikir və məqsədlərindən fərqli olaraq Ermənistanın Avrasiya İttifaqında qalmasının vacibliyindən danışır".
Ermənistanın yeni baş nazirinin fikirlərinin sürətlə dəyişdiyini deyən politoloq hesab edir ki, bu, həm də Paşinyanın psixoloji problemlərin olduğunu göstərir: "Ermənistanın yeni baş naziri, xüsusilə, Dağlıq Qarabağ münaqişəsiylə bağlı səsləndirdiyi fikirləri ilə dərin zəkaya, siyasi savada malik olmadığını ortaya qoyub. O, nə Dağlıq Qarabağ münaqişəsinin tarixini, nə də rəhbərlik etdiyi ölkənin və beynəlxalq təşkilatların bu məsələylə bağlı mövqeyini dərindən bilir. Bu mənada, Paşinyanın ortaya qoyduğu sualların mütləq əksəriyyətinin cavabı erməni ictimaiyyətinə məlumdur. Əgər o, Azərbaycanla danışıqlarda iştirakçı kimi Dağlıq Qarabağın adını çəkəndə həmin bölgənin erməni əhalisini nəzərdə tutursa, onlar Dağlıq Qarabağ azərbaycanlılarıyla birlikdə istənilən vaxt prosesə qoşula, dialoq qura bilərlər".
Mərkəz rəhbərinin sözlərinə görə, Nikol Paşinyan Serj Sarkisyan və Edvard Nalbandyanın bu məzmunda bəyanatlarına diqqət yetirsəydi, məlumatı olardı ki, onların Dağlıq Qarabağın statusu, bölgə ermənilərinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı fikirləri həmişə şərti xarakter daşıyıb.
M.Əhmədoğlu hesab edir ki, Nikol Paşinyan bu cür siyasətlə çox uzağa gedə bilməcəyək: "Əgər Azərbaycanın Ermənistana qarşı yürütdüyü təcridetmə siyasəti nəticəsində sosial-iqtisadi problemləri daha da dərinləşən ölkəni iflasdan çıxarmaq üçün Sarkisyana 10 il vaxt verilmişdisə, Paşinyana belə fəaliyyətlə heç 10 ay da hakimiyyətdə qalmağa imkan yaratmayacaqlar".
Mərkəz sədri əlavə edib ki, düşmən ölkə sosial-iqtisadi problemlərini həll etmək istəyirsə, Dağlıq Qarabağ münaqişəsində konstruktiv mövqe ortaya qoymalı, işğal etdiyi torpaqları geri qaytarmalıdır.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Ermənistanda 10 dənə prezident və baş nazir dəyişsə də, seçildikdən sonra hər birinin ilk səfər trayektoriyası eyni olacaq: birinci Xankəndiyə gələcək, sonra Moskvaya ağalarının yanına uçacaq. Təəssüf ki, Ermənistanda bu trayektoriyanı poza biləcək siyasətçi yoxdur. Ancaq bunu bilə-bilə biz də əllərimizi sallayıb Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara səfərlərinə seyrçi qalmalı deyilik. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə baş verəndən sonrakı bəyanatları ilə uzağa gedə bilməyəcəyik, başqa addımlar lazımdır. Ermənistan rəsmilərindən hər hansı birinin torpaqlarımıza qeyri-qanuni səfəri cəbhə bölgəsində gərginliyə səbəb olmalıdır. Bu səbəbi biz yaratmalıyıq. Gələn də bilməlidir ki, onun hər səfəri 5-10 erməninin ölümünə səbəb olur. Bundan sonra "bu qədər ölümə görə Qarabağa getməyə dəyərmi" sualı üzərində qara-qara düşünməlidirlər".
Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, Ermənistan uçuruma gedən ölkədir. O, SİA-ya bildirib ki, Sarkisyanın devrilməsi və Paşinyanın baş nazir təyin olunması Ermənistanın məhvini sürətləndirir: "Çünki xainlərin ömrü uzun olmur. Onsuz da iqtisadiyyatı yox dərəcəsində olan Ermənistan son etiraz aksiyaların sayəsində böhranı dərinləşdirib. Düşünürəm ki, Paşinyanın da baş nazirliyi uzunmüddətli olmayacaq. Uzağı bir ilə Ermənistanda yenə də etirazlar və çevriliş baş verəcək. Çünki Ermənistan rəhbərliyi dövlətin siyasi kursunu özü müəyyənləşdirmir".
Deputatın sözlərinə görə, Paşinyan təcrübəsiz küçə adamıdır: "Ermənistanın məhvə doğru getməsinin və müstəqil siyasətin yürüdə bilməməsinin kökündə ancaq Azərbaycanın torpaqlarının işğal altında saxlaması dayanır. Məhz ona görə Ermənistan dünyadan təcrid olunub. Hətta onlara havadarlıq edənlərin fikirləri də dəyişilməkdədir. Son zamanlar Rusiya siyasətçilərin dilindən eşidilən ifadələr də bunu deməyə imkan verir".
A.Badamov hesab edir ki, Ermənistanın stabilləşmə yolu ancaq Azərbaycan torpaqlarından - işğalçılıq siyasətindən əl çəkməkdən keçir: "Düşünürəm o gün yaxınlaşmaqdadır".
Ceyhun ABASOV