Mehmed Əli Ağca tərəfindən sui-qəsdə məruz qalan Papa II İohann Pavelin içərisində olduğu avtomobil 31 il sonra aşkara çıxıb.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əziz Peter Meydanında təxminən 10 min insanın qarşısında reallaşan sui-qəsd cəhdi 31 ildən sonra yenidən İtalyanın gündəminə gəlib.
Tarixə düşən Papanın FİAT markalı avtomobili sabahdan etibarən Vatikan muzeyində sərgilənəcək. Qeyd edək ki, avtomobilin sərgilənməsi Papanın seçilməsinin 34-cü ildönümünə təsadüf edir.
Vatikan muzeyinin səlahiyyətli nümayəndəsi Sandro Barbaqallo avtomobil haqda belə açıqlama verib: “Avtomobil yenidən ayağa qalxan yaralı kilsəni təmsil edir”.
Əslən polşalı olan Kardinal Karol Vojtyla II İohann Pavel adını alaraq Papa seçilməsindən təxminən 2 il sonra sui-qəsdə məruz qalıb. Xatırladaq ki, Mehmed Əli Ağça tərəfindən 13 may 1981-ci ildə əlindən və qarnından iki güllə yarası alan Papa dərhal əməliyyat olunaraq xilas olunsa da əvvəlki durumunu bərpa edə bilməmişdi. O sui-qəsdə məruz qalmasından 4 gün sonra Mehmed Əli Ağçanı əfv edib.
Nigar Məhərrəm