Azərbaycan Teatr Xadimləri İttifaqına qədər olan yolu qısa bir zaman içərisində qət edib, 3-cü mərtəbəyə qalxdım. Məqsədim Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinin müdiri işləyən, teatrşünas Çingiz Ələsgərli ilə görüşmək idi. Mən və oxucuların bir qismi Çingiz müəllimi tanısa da, onu daha geniş oxucu auditoriyasına təqdim edirəm.
Teatrşünas, dramaturq və nasir. Teatr Xadimləti İttifaqının 3-cü mərtəbəsində müsahibə almaq istədiyim şəxsin otağındayam. Hal – əhval tutduqdan sonra məqsədimi ona bildirirəm. O, razılığını bildirir və söhbətimizə başlayırıq.
– Çingiz müəllim, zəhmət olmasa ilk öncə özünüz haqqında oxuculara məlumat verərdiz.
–Mən nə az, nə də çox, düz 30 ildir ki, teatr sahəsində çalışıram. Uğurlarım da olub, uğursuzluqlarım da. Lap əvvəldən başlayaq, 1952 – ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. Əslən bakılıyam və bununla hər zaman qürur duymuşam. Amma əlbəttə ki, Azərbaycanın hər bir guşəsi mənə əzizdir. Mən sözün daha geniş mənasında, özümü azərbaycanlı sayıram. 1977 – ci ildə M. Əliyev adına İncəsənət İnstitutuna daxil olub, 1983 – cü ildə bitirmişəm. Teatrşünas ixtisasına yiyələnmişəm.1979 – cu ildən bu günə qədər mədəniyyət sahəsində çalışıram. Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində şöbə müdiri, Azərbaycan Teatr Xadimləri İttifaqında aparıcı mütəxəssis, Mədəniyyət Nazirliyində baş mütəxəssis, Hüseyn Cavidin Ev Muzeyində elmi katib, “Azərbaycan” qəzetində müxbir, “ ANS “ televiziya kanalında redaktor, hazırda Azərbaycan Teatr Xadimləri İttifaqında yaradıcılıq şöbəsinin müdiri vəzifəsində çalışıram. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “ Ssenari yaradıcılığı və dramaturgiyanın əsasları “ fənnini tədris edirəm.
– Mümkünsə, bir qədər yaradıcılığınız barədə danışın.
– İlk pyesim 1989 – cu ildə Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulub. Tamaşanın rejissoru istedadlı sənətkarımız Füzuli Sərkərov idi. Bu pyesin qəbulu üçün o dövrdə Mədəniyyət Nazirliyində incəsənət baş idarəsinin rəisi işləmiş Vaqif Əlixanova minnətdaram. Sonrakı illərdə müxtəlif janrlarda pyeslər yazmışam. Dram əsərlərimin sayı artıq 20 – yə çatır. Onlardan 12 – si Dövlət Dram Teatrlarında tamaşaya qoyulub. Dram əsərlərimi bəyənib teatrların repertuarlarına saldıqlarına və bununla mənə bir yaradıcı insan kimi etimad göstərdiklərinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, şəxsən mədəniyyət nazirinin müavini Ədalət Vəliyevə minnətdaram.
– Çingiz müəllim, nəsr sahəsindəki fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
– Nəsr sahəsində də ara-sıra qələmimi sınayıram. Kiçik ölçülü yumoristik hekayələr yazmağa üstünlük verirəm. Bir neçə kiçik hekayələrim mətbuatda çap olunub. Bundan əlavə vaxt imkan verəndə, tərcümələr edirəm, yumoreskolar və monoloqlar yazıram. Bir sözlə, məni narahat edən hər mövzu ətrafında düşünüb, hansı janra daha yaxın olduğunu müəyyənləşdirdikdən sonra beynimdəki hazır materialı kağıza köçürürəm. Ancaq bütün hallarda mənə yaxın olan janr dramaturgiyadır. Son dövrlərdə ssenari yaradıcılığı ilə də maraqlanıram. Sağlıq olsa, bir necə ssenari yazmaq haqda düşünürəm.Teatrşünaslıqla bağlı məqalələr də yazıram.
– Teatr və dramaturgiya sahəsində sizi narahat edən nədir?
– Araz, sözün düzü, gəl mən əvvəl, narazılıqdan yox, uğurlardan danışım. Çünki uğurlar çoxdur. Bakıda və bölgələrdə işləyən teatrların əksərində repertuar zənginliyi ilə rastlaşırıq. Repertuarda istər müasir, istərsə də klassik nümunələrə yer verilir. M.F.Axundzadə, C.Cabbarlı, Ə.Haqverdiyev və s. Müasir dramaturqlardan İlyas Əfəndiyev, Anar, Elçin Əfəndiyev, Əli Əmirli və başqalarının əsərlərinə rast gəlmək olar. Repertuarda yeni adlara da rast gəlsəydik pis olmazdı. Yeni ad, yeni əsər deməkdir. Hər halda ümid edək ki, gələcəkdə teatrlarımızın repertuarında yeni adlara da rast gələcəyik.Çünki başqa cür teatrlarımızın inkişafından söhbət gedə bilməz. Teatrlara yeni nəsil, yeni düşüncə tərzi gəlməlidir.
– İndi bir çox teatrlara xarici rejissorlar dəvət olunurlar və onlar öz quruluşları ilə teatrların repertuarına rəngarənglik gətirirlər. Sizin buna münasibətiniz necədir?
– Buna münasibətim çox yaxşıdır. Özü – özlüyündə çox böyük və lazımlı bir layihədir. Ancaq yaxşı olar ki , bu layihəyə daha çox dünya miqyasında tanınmış rejissorlar cəlb edilsin. Akademik Dövlət Dram Teatrı məhz belə səviyyəli rejissorlarla işləməyə üstünlük verir. Bundan həm Azərbaycan teatrı qazanar, həm də yetişməkdə olan gənc nəsil nə isə əxz edər.
– İşlədiyiniz Azərbaycan Teatr Xadimləri İttifaqındakı fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
– Azərbaycan Teatr Xadimləri İttifaqı, bizim sədrimiz, Respublikanın Xalq artisti, görkəmli rejissor Azər Paşa Nemətovun başçılığı ilə çox böyük layihələrə imza atır. İttifaqın keçirdiyi, müsabiqələr, festivallar, yubiley tədbirləri, anım gecələri teatr sahəsinin inkişafına xidmət edir. Biz yaradıcı təşkilat olaraq, teatr sahəsində olan durğunluğun aradan qaldırılmasına çalışırıq. Bu məqsədlə Həsən Əblucun və Müxlis Cənizadənin xatirəsinə həsr olunmuş bədii qiraət müsabiqələri, keçən il keçirdiyimiz və bu il də keçirəcəyimiz “2 + 1” eksperimental teatr festivalı dediklərimizin bariz nümünəsidir. İttifaq genişmiqyaslı layihələrini həyata keçirməklə, gənclərin teatr prosesində rolunu artırmağa çalışır. Azərbaycan Teatr Xadimləri İttifaqında yaradılmış gənc dramaturqların və gənc rejissorların laboratoriyası artıq ilk bəhrəsini verməyə başlayıb. Gənc dramaturqların əsərləri Beynəlxalq Teatr Konfederasiyası tərəfindən seçilərək çap edilib. Rejissorların ustad dərsləri Cənnət Səlimovanın başçılığı altında artıq müəyyən nəticələr verməyə başlayıb. Artıq sentyabr ayında Azərbaycan Teatr Xadimləri İttifaqında dramaturqların, rejissorların və teatrşünasların laboratoriyaları ayrı – ayrılıqda fəaliyyət göstərəcək. Azər Paşa Nemətov laboratoriyaların fəaliyyətinə çox böyük önəm verir. Bundan əlavə Azərbaycan Teatr Xadimləri İttifaqı “Ömrün səhifələri” seriyasından kitablar çap etdirir. Artıq Şəmsi Bədəlbəyli və Məhərrəm Haşımovun 100 illiyinə, onların həyat və yaradıcılığına həsr olunmuş toplu işıq üzü görüb və oxucuların ixtiyarına verilib. Hal – hazırda Hökümə Qurbanova və Həsən Turabov haqqında da toplu hazırlanır. Həmçinin tanınmış rəssam Arif Əbdülrəhmanovun ‘‘Rəssamın teatrda rolu” toplusunu çap edərək, teatr ictimaiyyətinə ərmağan etmişik. Onu da qeyd etməliyik ki, Azərbaycan dilində bu səpkili kitab ilk dəfə çap olunur.
– Dediklərinizdən belə məlum olur ki, İttifaq yaradıcı təşkilat olaraq, geniş səpkili işlər görəcək, Dövlət Proqramına uyğun olaraq Azərbaycan teatr mədəniyyətinin inkişafına xidmət etməyə çalışacaq.
– Əlbəttə, bu, belə də olmalıdır. Teatr sahəsində çalışan hər kəs 140 illik tarixi olan milli teatrımıza xidmət etməlidir. Bu il üç yubiley qeyd edirik. Azərbaycan Teatr Xadimləri İttifaqının – 115, Azərbaycan Milli Teatrının – 140 və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univetsitetinin – 90 illik yubileyləri...
Araz Həsənli