“Azərbaycanda əsasən Böyük Qafqazın cənub yamacı və Naxçıvan Muxtar Respublikasının dağlıq əraziləri sel təhlükəli ərazilərdir”.
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Kiçik Qafqaz, Quba-Xaçmaz bölgəsinin ərazilərindəki çaylarda da tarixi sellər müşahidə olunur.
A.Verdiyevin sözlərinə görə, son illərdə daşqın və sel hadisələrində artım tendensiyası müşahidə olunur: “Əsasən Böyük Qafqaz ərazisindəki çaylarda daşqınlar daha çox olur”.
Baş hidroluq bildirib ki, yay aylarında çaylarda sululuq azalır: “İyun, iyul və avqust ayları, xüsusən də iyul və avqustda yağıntılar az düşür, hava şəraiti isti keçir. Çaylarda buxarlanma artır, bunun nəticəsində çaylarda sululuq azalır. Bu ilin aprel-may aylarında yağıntılar nisbətən çox olsa da, iyunda sululuq normadan az olub. Buna baxmayaraq, sel və daşqınların ən çox müşahidə olunduğu aylar iyul-avqust aylarıdır. Çünki uzun müddət istilər, quraqlıq olur, çayın hövzəsinə yağan leysan yağışlar nəticəsində sel hadisəsi müşahidə edilir”.
A.Verdiyev qeyd edib ki, son illərdə ən güclü sel 2016-cı ilin iyulun 2-dən 3-nə keçən gecə müşahidə olunub.
Onun sözlərinə görə, iyul-avqust aylarının ayrı-ayrı günlərində çay hövzəsinə leysan yağışlar yağarsa, sel hadisəsi istisna olunmur: “Qeyd edim ki, yaxın 3 gündə respublikanın şimal və qərb rayonlarında yağış yağacaq. Leysan xarakterli yağışların gözlənilməsi ilə əlaqədar dağ çaylarında, xüsusən də Böyük və Kiçik Qafqazın çaylarında qısa müddətli sel və daşqınlar istisna olunmur”.