Pərvinin həmsöhbəti Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğludur.
Pərvin: Nəsib müəllim, mərhum Xalq şairi Məmməd Araz sizin haqqınızda yazırdı ki, “Nəsib dünyanı həm olduğu kimi, həm də istədiyi kimi görmək istəyir...” Uzun illər Rusiyada yaşamağınıza, işləməyinizə baxmayaraq Vətənə də tez-tez gəlirsiniz. Buraları istədiyiniz kimi görə bilirsinizmi?
Nəsib Nəbioğlu: Əlbəttə, bu gün Azərbaycanda ürəkaçan, qəlb oxşayan mənzərələr çoxdur. Şəhərlərimiz abadlaşır, Bakımız günü-gündən gözəlləşir, körpülərin, körpü qovşaqlarının çəkilməsi, yaşayış və inzibati binaların müasir formada tikilib yaradılması məni olduqca sevindirir.
Bu il mən bir neçə dəfə Yevlaxda, Gəncədə, Göygöldə, Tərtərdə, Bərdədə oldum. Burada məskunlaşan qohumlarımla, yerlilərimlə görüşdüm. Mən ümumiyyətlə, Azərbaycana hər gələndə imkan daxilində onları ziyarət edirəm. Paytaxtla yanaşı, sadaladığım şəhərlər də yenidən qurulub, hələ bu abadlıq işləri davam etdirilir. Bütün bunlar Azərbaycanın yaxşı gələcəyindən xəbər verir. Bunu görməmək, dəyərləndirməmək ən azından nadanlıq olar.
Pərvin: Amma müsahibələrinizdən birində demişdiniz ki, Azərbaycana gələndə sevinə bilmirsiniz...
Nəsib Nəbioğlu: Bəli, demişəm. Mənim doğulduğum torpaq, doğma Kəlbəcərim, Qarabağım azad olmayınca, necə sevinə bilərəm? Hər dəfə Vətənə gələndə düşünürəm ki, mən necə övladam, gedib atamın qəbrini ziyarət edə bilmirəm... (kövrəlir) ...Bir neçə ay öncə Murov dağına getmişdim. Orda məni çox ağrıdan bir dəmir lövhə var idi. Yazılmışdı ki, Kəlbəcər - 80 km. Bundan xeyli kövrəldim, təsirləndim. Şeir qaraladım:
Burdan Kəlbəcərə elə yaxındı,
Bir göz qırpımında aşıb gedərdim,
Toğana, yolların necə çətindi?
Başımın üstünə ələnib dərdim...
Yəqin ki, gələcəkdə bir poema yazacağam bu barədə. Vətənimizə gəlib qaçqın qohumlarımla görüşəndə çox pessimistləşirəm. Fikirləşirəm, görəsən çoxmu çəkəcək bu ağrılar? İşğal olunmuş torpaqlarımızın adını sadalaya bilməyən gənclər görəndə, torpağını itirib maddiyyat peşində olan məmur görəndə çox düşünürəm, lap çox...
Pərvin: Çıxış yolunu tapa bilirsiz?
Nəsib Nəbioğlu: Çıxış yolu birliyimizdədir. Məncə birləşməklə, hər kəsin əlindən gələni etməsilə, həqiqətlərimizi dünyaya düzgün çatdırmaqla istədiyimizə daha tez nail ola bilərik... Hər şey təbliğ olunduğu kimi, xeyirxahlıq, insanlıq da təbliğ olunmalıdır. Əslində bu sahədə təcrübəmiz var. Azərbaycanın qədim ədəbi abidəsi “Avesta”da Zərdüşt insanlara xeyir düşüncə, xeyir söz, xeyir əməl aşılayırdı. Mənə elə gəlir ki, bizlər də bir yazıçı, ictimai xadim olaraq ilk növbədə insalara xeyirxahlığı, alicənablığı, mehribanlığı, birliyi aşılamalıyıq.
Pərvin: Birlikdən danışmışkən bir məsələyə münasibətinizi bilmək istərdim. Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmişdiniz. Səhv etmirəmsə, ən böyük nümayəndə heyəti Rusiyadan gəlmişdi. Bəlkə də uzun illər bir ölkənin tərkibində olduğumuzdan Rusiyada həmyerlilərimiz daha çoxdur. Ümumiyyətlə, sizcə, azərbaycanlıların təşkilatlanma, birləşmə xarakteri nə dərəcədə formalaşıb?
Nəsib Nəbioğlu: Əslində, azərbaycanlılar müxtəlif dövrlərdə, dönəmlərdə Rusiyada məskunlaşıblar. Amma ən çox məskunlaşma prosesi Sovet imperiyasının süqutundan sonra olub. Təəssüf ki, Rusiyada yaşayan həmyerlilərimizin sayı barədə dəqiq məlumat yoxdur. Mən bir xeyli araşdırma apardım, amma bir dəqiq rəqəm ala bilmədim. Hər halda səfirimiz Polad Bülbüloğlu müsahibəsində rəsmi təsdiq olunmuş sayı açıqlamışdı ki, 650-700 min nəfər azərbaycanlı yaşayır Rusiyada. Amma bununla belə, yəni sayımız çox olmasına baxmayaraq, təşkilatlanma məsələsi tam ürəkaçan deyil. Şübhəsiz, Rusiyada diaspora təşkilatımız da var, fəaliyyət də göstərir. Amma di gəl ki, orada da mənfəət güdmə, birləşə bilməmək qüsurlarımız üzə çıxır. Ümumi birlik zəifdir. Diaspora işimizi gücləndirməyə ehtiyac var. Lakin istər Diaspora Təşkilatımız, istər Tofiq Məliklinin başçılıq etdiyi “Ocaq” cəmiyyəti Azərbaycanı, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmək, dərdlərimizi çatdırmaq baxımından əllərindən gələni edirlər. Leyla Əliyevanın yaratdığı “Amor” Gənclər Təşkilatı da çox işlər görür.
Pərvin: Ölkəmizdən kənarda yaşayan azəri ailələri var ki, övladları orada dünyaya gəlib. Sizcə, bu uşaqlara azəri, türk olduqlarını anlatmaq, dərk etdirmək üçün nə eləmək lazımdır?
Nəsib Nəbioğlu: Ən düzgün yol göstərməkdir. İnsan öz gözü ilə gördüyünü daha yaxşı dərk edir. İmkan daxilində bu uşaqları tez-tez Azərbaycana gətirmək lazımdır. Amma bu məsələdə də ağrılı məqamlar var. Hər yay Rusiyadan on minlərlə azərbaycanlı öz tarixi, doğma vətənlərinə gəlirlər. Dediyiniz kimi, uşaqlarına vətəni yaxından tanıtmaq, qohumluq əlaqələrini qüvvətləndirmək, ana dillərini təkmilləşdirmək, adət-ənənələrimizi, mədəniyyətimizi yaxından öyrənmək məqsədilə... Bir də onları ölkəmizlə əlaqələlərini kəsməmək arzusu, istəyi gətirir Azərbaycana. Bəs Azərbaycanda bunları nə gözləyir? Azərbaycan miqrasiya qanunvericiliyinə əsasən dünyanın istənilən ölkəsindən Azərbaycana gələn əcnəbilər, (çox təəssüf ki, biz də onların sırasındayıq) 30 gündən artıq qaldıqları təqdirdə 3 gün ərzində Daxili İşlər Nazirliyinin müvafıq orqanlarında qeydiyyatdan keçməlidirlər. Həmin qanun Azərbaycanda doğulmuş, sovetlər zamanından Rusiyada və başqa keçmiş sovet respublikalarında yaşayan azərbaycanlıların vətənimizə sərbəst gəlib-getmələri üçün çətinliklər yaradır. Hesab edirəm ki, qanuna müəyyən əlavələr eləmək lazımdır. Yəni deyək ki, ölkəyə gələn çinli ilə, əslən azəri, türk olan xarici ölkə vətəndaşı arasında fərq qoyulmalıdır. Azərbaycanda üzləşdiyimiz problemlərlə bağlı müəyyən təşkilatlara müraciətlər etmişik.
Pərvin: Nəsib müəllim, ədəbiyyatımızın təbliği ilə bağlı bir məsələni soruşmaq istəyirəm... Hazırda belə fikirlər var ki, dünyaya çıxmağımız, tanınmağımız rus dilinin vasitəsi ilə ola bilər. Bu baxımdan əsərlərin rus dilinə tərcüməsi çox vacibdir. Rusiyada bizim ədəbi nümunələrimizi ruscaya tərcümə edən mütəxəssislər varmı, ümumiyyətlə bu iş necə qurulur?
Nəsib Nəbioğlu: Rusiyada yaxşı tərcüməçilər var. Müəyyən əsərləri ruscaya çeviriblər. Məsələn, Alla Axundova çox peşəkar tərcüməçidir. Bəzi yazıları tərcümə edib. Amma təəssüf ki, artıq yaşı bu işlə ardıcıl məşğul olmağa imkan vermir. Mən tamamilə razıyam ki, ruscaya tərcümə olunmaqla, Rusiya mətbuatı vasitəsilə dünyaya çıxa bilərik. Ancaq bu işlə sistemli məşğul olmaq lazımdı. Yaxşı əsərləri burada da tərcümə elətdirib bizə göndərsələr, çapına məmnuniyyətlə kömək edərik. Həm də artıq tanınmış yazıçıların əsərləri ilə yanaşı yeni müəlliflərin, gənclərin yazılarının tərcümə olunmasına, Rusiya mühitində tanınmasına çalışmalıyıq.
Pərvin: Ümumiyyətlə, çağdaş Azərbaycan ədəbi mühitini ardıcıl izləmək imkanınız olurmu? Gündəmdə olan məsələlərə, ədəbi aləmdə gedən proseslərə münasibətiniz necədir?
Nəsib Nəbioğlu: Əlbəttə, indi texnikanın yaratdığı imkanlar daxilində mətbuatı, ədəbiyyatı izləmək daha asandır. Son illərdə ədəbi mühit çox qaynardır. Bu məni sevindirir. Lakin məni qane etməyən məqamlar da var. Görkəmli ədibimiz Anara qarşı haqsız təhdidlər, qərəzli tənqidlər məni bir ziyalı kimi ağrıdır. Bəzi insanlar Anarın kim olduğunu anlamırlar. Onu yaxşı tanısaydılar, cəfəngiyyat yazmazdılar. Anar müəllim çox böyük insandır, yüksək intellekt sahibidir, zəngin və ensiklopedik biliyə malik şəxsiyyətdir. Onu təkcə Azərbaycanda yox, eləcə də Rusiyada, Türkiyədə və digər dövlətlərdə görkəmli bir ədib, ziyalı insan kimi tanıyırlar. Mən Moskvada dəfələrlə Anar müəllimin təmiz rus dilində maraqlı, məntiqli çıxışlarına qulaq asıb fəxarət hissi keçirmişəm. Onun hər zaman milli mövqeyimizdən çıxış etməsi, xalqımıza, millətimizə bağlılığı məni olduqca sevindirib, gözümdə daha da ucaldıb. O ki, qaldı AYB-nin sədrliyi məsələsinə, Anar müəllim iş başındadır, öz vəzifəsini layiqincə icra eləyir. Bu gün Yazıçılar Birliyində onu əvəz edə biləcək başqa yazıçı görmürəm. Anarın öz yerində qalması ümümi ədəbiyyatımızın, mədəniyyətimizin xeyrinədir.