Tanınmış dilçi alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru Buludxan Xəlilovun "Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz" adlı yeni kitabı "Bakı Çap Evi" nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Vilayət Əliyevdir.
Kitabda Azərbaycan Respublikasının dövlət dilinin Konstitusiyada rəsmiləşdirilməsi üçün ziyalılar tərəfindən irəli sürülən alternativ variantlar (Azərbaycan türkcəsi, Azəri türkcəsi, Azərbaycan türk dili və s.) təhlil olunur. Bu məsələ müzakirə obyekti kimi fikir və mövqeləri üzə çıxarır. 1995-ci ildə Dövlət dilinin adı ilə bağlı müzakirədə fikir söyləyən hər bir kəsin mövqeyinə Ulu Öndər Heydər Əliyev tərəfindən diqqətlə yanaşıldığı tədqiqat zamanı diqqətdən qaçırılmır. Belə ki, müəllifin Heydər Əliyevin dilimizlə bağlı görüşlərini, fikirlərini əks etdirən "Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyevin taleyüklü məsələlərin həllində rolu", "Heydər Əliyev və Azərbaycan dilinin nəzəri məsələləri" və s. məqalələri də kitabda yer alıb.
Kitabda Dövlət dilinin adı ilə bağlı müzakirədə tarixi keçmişimizə, tarixi və milli dəyərlərimizə xüsusi önəm verilir. Mənbələrə, faktlara, reallıqlara istinad edərək dövlət dilinin adı ilə bağlı fikir yürüdən ziyalılarımızın mövqeyi aydın məntiqlə şərh olunur. Eyni zamanda burada ziyalıların dilimizin adı ilə bağlı yeni konstitusiya layihəsinin müzakirəsindəki çıxışları da verilir.
Professor Buludxan Xəlilovun "Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz" kitabından dilçilər, ədəbiyyatşünaslar, tarixçilər və siyasətçilər faydalana bilərlər.
Qeyd edək ki, Buludxan Xəlilov 90-cı illərdən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə, publisistik esselərlə çıxış edir. O, "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktorudur, Ədəbi dilin tədqiqinə dair çoxlu sayda kitabın - monoqrafiyaların, dərsliklərin, dərs vəsaitinin 300-dən çox elmi, elmi - publisistik məqalənin müəllifidir. Onun daha öncələr çap olunmuş "Dil-söz çələngi", "224 qədim türk sözü", "Azərbaycan dili antalogiyası", "Dil, Ədəbiyyat, Mədəniyyət" və s. kitabları dilin təbliği, gənclərin maariflənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Nəzrin