Millət vəkili Qənirə Paşayeva Türkiyənin Karabük vilayətində Karabük dərnəkləri tərəfindən Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı çalışmalarına görə ödülə layiq görülüb.
525.az-ın məlumatına görə, mükafat millət vəkilinə Karabükdə keçirilən tədbir zamanı təqdim olunub. Görüşdə Karabükə səfər etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva burada özünü Azərbaycandakı kimi hiss etdiyini və Türkiyəni də özünə vətən bildiyini deyib. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında əlaqələrin getdikcə genişləndiyini deyən millət vəkili Qənirə Paşayeva “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür” deyib. O, bildirib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanında olub və olacaq.
Qardaş Azərbaycanın millət vəkilini Karabükdə salamlamaqdan məmnunluğunu ifadə edən Karabükdən millət vəkili seçilmiş Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, AK Partinin sədr müavini Mehmet Ali Şahin Türkiyənin daima qardaş Azərbaycanın yanında olduğunu söyləyib. Karabüklülərə Türkiyə Böyük Millət Məclisində onları təmsil edən qadın millət vəkilinin yoxluğundan heç narahat olmamalarını söyləyən Mehmet Ali Şahin artıq karabüklülərin millət vəkili Qənirə Paşayevanın timsalında qadın millət vəkilləri olduqlarını deyib:
"Qənirə xanımı biz yalnız Azərbaycan Parlamentinin millət vəkili olaraq görmürük, Türkiyə Parlamentinin fəxri bir millət vəkili olaraq da görürük. Karabükün iki millət vəkili var, biri mən, digəri isə Osman Kahveci, biz bundan sonra Qənirə xanımı üçüncü millət vəkilimiz elan etmişik".
Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun əbədi olduğunu söyləyən Mehmet Ali Şahin Azərbaycanın getdikcə daha da inkişaf etməsindən və güclənməsinə çox sevindiklərini deyiblər. Karabükə səfəri çərçivəsində millət vəkili Qənirə Paşayeva Mehmet Ali Şahin ilə birlikdə Ovacık, Soğanlı bölgələrində yol açılışlarında iştirak ediblər və bu kəndlərin sakinləri ilə görüşüblər. Kənd sakinlərinin qarşısında etdiyi çıxışı zamanı millət vəkili Qənirə Paşayeva Karabükdə olmaqdan məmnunluğunu ifadə edib və burada özünü doğma evində hiss etdiyini bildirib. Azərbaycandakı qardaş-bacılarınızın salam və sevgilərini sizə gətirmişik deyən millət vəkili Qənirə Paşayeva çıxışında Daglıq Qarabağ probleminə geniş yer verib. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda belə deyib:
"Bu gün Karabükdə yol açılışlarında iştirak etdik. İnşallah yaxın zamanlarda birlik və bərabərlik içində Ermənistanın işğalı altında olan o gözəl torpaqlarımızı azad edib orada tikəcəyimiz yeni yolların, məktəblərin, binaların açılışlarında bərabərcə iştirak edərik. İnşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Daglıq Qarabağımızda keçirərik".
Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili, AK Partinin sədr müavini Mehmet Ali Şahin də çıxışında Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayırıb və Türkiyənin bundan sonra da qardaş Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləyəcəklərini xüsusi vurğulayıb:
“Ermənistan işğal etdiyi Azərbaycanın torpaqlarını işğaldan azad etməyənədək Ermənistan ilə sərhədlər açılmayacaq və biz bu qərarımızı heç zaman dəyişməyəcəyik”.