Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilib. Kitabın elmi redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitabın tarixi əhəmiyyətindən söz açıb: “Təqdimatı keçirilən kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmalar fondlarından toplanmış materiallar – diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur. Bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı “Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə açılır. Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olub. O, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə və idarəçiliyinə ruh verən, onu canlandıran bir insan idi. Şah İsmayıl paytaxtın mərkəz olaraq ölkənin idarəçiliyində vacib rolunu ortaya qoymuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Şah İsmayıl Xətainin nümunəsi Azərbaycan tarixinin ən müxtəlif dövrlərində həmişə bir örnək olaraq qalıb və qalacaq”.
Tədbirdə görkəmli alimlərin kitabla bağlı dəyərli fikirləri dinlənilib və fikir mübadiləsi aparılıb.