Bu günlərdə XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Mirvarid Dilbazinin “Fikir ümmanında” adlı seçilmiş şeirlər kitabı işıq üzü görüb. Kitaba Xalq yazıçısı Elçin ön söz yazıb. Həmin ön sözü oxuculara təqdim edirik.
Bütün quşlar susmuş, bir quş ötür tək
Bu axşam meşədə civildəyərək.
Uçmağı öyrənmiş elə bu səhər;
Günəşə vurulmuş, göyə vurulmuş...
Mirvarid Dilbazi
Elə bil, dünən idi – ancaq baxın, aradan on altı ildən artıq bir vaxt keçib – və 1997-ci ildə biz Respublika Sarayında Mirvarid Dilbazinin 85 illik yubileyini onun özü ilə bir yerdə bayram edirdik. O yubiley gecəsini mən açdım və indi, Mirvarid xanımın bu kitabına kiçik ön söz yazarkən, axtarıb, o giriş sözümün stenoqrafik yazısını tapdım və mən böyük bir məmnuniyyətlə də o yazını onun yeni kitabının oxucularına təqdim edirəm.
Mən ona görə “böyük məmnuniyyətlə” yazıram ki, artıq söhbət XXI əsrin oxucularından gedir və hərgah Mirvarid Dilbazinin yeni kitabı bugünün oxucularına təqdim edilirsə, deməli o, XXI əsrdə də yaşayan şairədir.
Budur, həmin unudulmaz yubiley gecəsindəki mənim o qısa çıxışım:
“Bu gün biz sevimli Mirvarid xanımın, bizim əziz ağbirçəyimizin, görkəmli sənətkarımızın yubileyini keçirmək üçün bu saraya toplaşmışıq.
Bu sarayın həqiqətən gözəl ədəbi-mədəni ənənələri yaranmışdır. Bir müddət əvvəl biz burada Mirvarid xanımın həmkarı Səməd Vurğunun 90 illik yubileyini keçirdik. Lap bu yaxınlarda isə Süleyman Rüstəmin 90 illik yubileyi münasibətilə bu saraya yığışmışdıq. Biz bu qələm sahiblərini, onların sənətinə, ana dilimizin, ədəbiyyatımızın qarşısındakı xidmətlərinə görə yad etdik, xatırladıq.
Bu gün də bizim sevimli Mirvarid Dilbazinin təntənəli yubiley gecəsi!
Və nə böyük xoşbəxtlikdir ki, biz bu təntənəni şeirimizin ağbirçəyi Mirvarid xanımın özünün iştirakı ilə qeyd edirik, onun isti nəfəsini bilavasitə hiss edirik.
Mirvarid Dilbazi XX əsr Azərbaycan şairlərinin o nəslinə mənsubdur ki, onlar yalnız ədəbiyyatımızın deyil, ümumiyyətlə, müasir mədəniyyətimizin inkişafı naminə böyük xidmətlər göstərmişdir. İndicə adlarını çəkdiyim Səməd Vurğun, Süleyman Rüstəm, eləcə də Mikayıl Müşfiq, Rəsul Rza, Osman Sarıvəlli, Əhməd Cəmil, Nigar Rəfibəyli və başqaları...
Vaxt, zaman bu qələm sahiblərinin çoxunu cismən bizdən uzaqlaşdırsa da, elə bil ki, ruhən onlar bizə daha da yaxınlaşırlar.
Bu, heç nəyə, hətta vaxta, zamana belə tabe olmayan Sözün gücü, Sözün qüdrətidir.
Özü bu dərəcədə zərif olan Mirvarid xanım həmişə bir kişi qüdrəti ilə o böyük hərfli Sözün qeyrətini çəkmişdir.
Mirvarid xanım məhəbbətdən, təbiətdən, təmiz, pak insani hissiyyatdan yazmışdır, ancaq eyni zamanda, bütün bu zərifliyin, kövrəkliyin arxasında xalqa, Vətənə, ana dilinə böyük bir Vətəndaş bağlılığı dayanmışdır.
Mirvarid xanım xoşbəxt bir sənətkardır. Onun əsərləri zamanın sınağından çıxmışdır və böyük el məhəbbəti, sevgisi, ehtiramı qazanmışdır.
Mirvarid xanım xoşbəxt bir insan və canlı bir tarixdir. O, əlində qələm, XX əsr Azərbaycan tarixini cismən yaşamışdır. Hələ uşaq ikən Azərbaycan Demokratik Respublikasının vətəndaşı olmuşdur.
Sonra Sovet Azərbaycanı və ziddiyyətli, mürəkkəb, bəzən kədərli, hətta qorxunc, qəddar, bəzən də sevincli bir yaşantı.
Sonra nəhəng Sovet imperiyasının tarmar olması.
Və nəhayət, bir daha müstəqil Azərbaycan!
Mirvarid xanım bütün bu epoxal hadisələrin şahidi olmuşdur və bütün bu dövr ərzində o öz qələmi ilə əslində, xalqın, Vətənin, ana dilinin naminə bədii mücadilə aparmışdır.
Və burası da, əlbəttə, təsadüfi deyil ki, möhtərəm Prezidentimiz Heydər Əliyev Mirvarid Dilbazini müstəqil respublikamızın yüksək mükafatı ilə təltif etmiş və öz ürək sözlərinin ifadəsi olaraq ona təbrik məktubu göndərmişdir.
İndi isə mən, əzizim Mirvarid xanım, sizin özünüzə müraciət edirəm.
Sizin 85 illiyiniz mənim üçün həm də şəxsi bir bayramdır, çünki mən hər dəfə sizi görəndə, elə bil, sizinlə birlikdə, uşaqlıq çağlarımdan etibarən əhatələrində olduğum, sonralar bərabər işlədiyim, yalnız ədəbi deyil, ən səmimi insani münasibətlərdə olduğum görkəmli qələm sahiblərimizi, o cümlədən, İlyas Əfəndiyevi də görürəm, onların hərarətini hiss edirəm.
Əslində, bu gün onlar da buradadırlar, bizim başımızın üstündədirlər və mən, az qala, cismani surətdə hiss edirəm ki, bu gözəl gecədə, bu sənət, poeziya məclisində onların da ruhu şad olur.
Bundan gözəl nə ola bilər?”
lll
O yubiley gecəsində Mirvarid xanım səhnədə mənimlə yanaşı əyləşmişdi və indi bu sətirləri yazarkən, elə bil, bu kiçik vücudlu, zərif ağbirçəkdən gələn o mehriban (və güclü!) hərarəti yenidən hiss edirəm.
85 yaşlı Mirvarid xanımdan gələn o hərarətdə bir maqnit gücü var idi və elə bil, o hərarət insanın içinə dalğa-dalğa bir nikbinlik, yaşamaq, yaratmaq eşqi dolurdu.
Yuxarıda mən o yubiley gecəsinə “unudulmaz” dedim və bu unudulmazlığın daxili mündərəcatında, əlbəttə, bir tərəfdən bir “heyhat...” əhval-ruhiyyəsi var – Mirvarid xanım artıq haqq dünyasındadır, o biri tərəfdən isə cismani ömrün mənəvi bir ömürlə əvəz olunması da var, çünki Mirvarid xanımın poeziyası bu “gidi dünya” kədərinin çərçivələrindən kənara çıxmağı bacarmış, illərin sınağından çıxmışdır.
lll
Mirvarid xanım məhəbbət şairəsidir və buradakı “məhəbbət” sözünü mən ən geniş mənada işlədirəm – yanlız “aşiq-məşuq” məhəbbəti yox, ümumiyyətlə, insana məhəbbət, təbiətə, millətə, Vətənə məhəbbət...
Tez gedib,
Gec gələnim,
Milli azadlığım mənim!
Xoş gəlibsən vətənə!
Mirvarid Dilbazinin həmin Vətən məhəbbəti “İstiqlal nəğməsi”ndə Azərbaycan müstəqilliyini belə salamladı və bu sözlər tam bir səmimiyyətin ifadəsi idi, çünki onun onillikləri ehtiva edən yaradıcılığı bu sözlərin müqabilində heç vəchlə gözükölgəli deyildi.
Bu poetik səmimiyyət Mirvarid xanımın poeziyasına xas olan ən ümdə cəhətlərdən biridir və uzun illər onu tanıyan, onunla təmasda olan bir adam kimi deyə bilərəm ki, bu poetik səmimiyyət Mirvarid xanımın özünün xislətindən axıb gəlirdi.
Baxın, Mirvarid xanımın lirik qəhrəmanı hansı bir səmimiyyətlə öz sevgisini ifadə edir:
Niyə başa düşmürəm mən dənizin dilini?
Bilim, harda itirdim məhəbbət sahilini?
O sahil ki, orda mən bir qanadlı quş idim,
Sənə vurulmuş idim...
Eyni zamanda, Mirvarid xanım deyəndə ki:
Şairəm, odludur ürəkdə qanım,
Odludur həsrətim, eşqim, hicranım...
– şairənin bu “poetik bəyanatı”nı onun poeziyasının estetik siqləti, bədii çəkisi təsdiq edir, yəni Mirvarid xanımın yaradıcılığındakı poetik iddia ilə poetik imkan arasında üzvi bir vəhdət var.
Onun, misal üçün, Cənub həsrəti nə qədər zərif və incədirsə, bir o qədər də odlu-alovludur. Onun eşqi nə qədər saf və təmizdirsə, bir o qədər də etibarlı və sədaqətlidir. Onun hicranı nə qədər kədərli-qüssəlidirsə bir o qədər də əzm və dözümdən xəbər verir.
Oxucu yəqin mənimlə şərik olar ki, bizim ən gözəl romanslarımızdan biri Ağabacı Rzayevanın A.Puşkinin məşhur şeirinə (“Gözəl qız, gəl, yetər, oxuma belə // Gürcüstanın qəmli nəğmələrini...”) yazdığı “Oxuma, gözəl” romansıdır və baxın, Mirvarid xanımın bəstəkar rəfiqəsinin xatirəsinə yazdığı şeirdə nə qədər səmimi bir həzinlik, qüssə var:
“Gözəl qız, gəl, yetər, oxuma belə”,
Oxuma bu həzin, qəmli nəğməni...
Vurma mizrabını o qəmli telə,
Oxuma... Pərişan edərsən məni...
İndi isə Mirvarid xanımın yurdu işğal olunmuş Anaya dediklərinə fikir verin:
Yurd deyib ağlama, gözünə qurban!
Orda nə yurd qalıb, nə ocaq daşı.
Orda düşmənlərin tökdükləri qan,
Orda nalələr var, orda göz yaşı...
... Amandır, ağlama, mərdlər anası!
Sıyır qılıncını dərdlər anası!
Və buradakı bu sərtliyin, hətta mən deyərdim ki, amansızlığın özündə də bir səmimiyyət var, incəlik, zəriflik var, çünki yurdu işğal edilmiş o Ananı amansızlığa çağıran şairənin özü də böyük hərfli Anadır və başqa bir şeirində olduğu kimi, onun özünün də sinəsi dağlı, gözü yaşlıdır:
Oğul deyib, mən sinəmi dağlaram,
Ağ başıma qara yaylıq bağlaram,
Ağlayanda gizlin-gizlin ağlaram...
O, nə üçün ağlayanda “gizlin-gizlin” ağlayır?
Çünki:
Düşmən mənim göz yaşımı görməsin!
lll
... Xatirə məni 1993-cü ilə aparır.
Yeni vəzifəyə təyin edilmişdim və iş başında görüşdüyüm ilk insanlardan biri də Mirvarid xanım oldu. Bir müddət sonra isə ondan bir məktub aldım və bu o vaxtlar idi ki, Mirvarid xanımın bacısı, yazıçı Yaqut xanım (görkəmli ədəbiyyatşünasımız, mən gənclik illərində Nizami adına Ədəbiyyat İnstitutunda işləyəndə, bizim direktorumuz, professor Mirzağa Quluzadənin həyat yoldaşı) vəfat etmişdi.
O məktubda mənimlə və İlyas Əfəndiyevlə bağlı yazılmış və bu gün mənim üçün çox əziz və qiymətli olan sözlər var və 20 dekabr 1993-cü il tarixli bu məktubu tam oxumaq, belə ümid edək ki, gələcək tədqiqatçılar üçün maraqlı olacaq, ancaq oxucuda Mirvarid xanımın şəxsiyyəti və məramı haqqında müəyyən bir təsəvvür yaratmaq üçün həmin məktubdan heç olmasa kiçik bir parçanı da, olsun ki, bir az şəxsi təvazödən uzaqlaşıb, bu kitabın oxucularına təqdim etmək istəyirəm.
Mirvarid xanımın həmin məktubunda belə bir abzas var:
“Vəzifələr məhək daşıdır. İnsanın kamilliyi, naqisliyi burada sınanır. Vəzifələr sözün əsil mənasında nəcib, xeyirxah, ondan asılı olanlara ləyaqətini uca tutan ziyalılara, nəcib əməkçi insanlara verilməlidir. Ləyaqətli, kamil şəxs başqasının ləyaqətini də gözləyə bilir. Vəzifə başında sizinlə ilk görüşümüzdən sonra yuxarıda dediyim müsbət keyfiyyətləri sizdə tapdığıma çox şad oldum”.
Mənim hələ uşaqlıq çağlarımdan etibarən tanıdığım və ehtiram bəslədiyim Mirvarid Dilbazi ömrünün sonuna kimi məhz belə bir ləyaqətlə yaşadı və mənim üçün olduqca xoşdur ki, onun bu yeni kitabı da məhz həmin ləyaqət hissinin poetik ifadəsidir.
O məktubda bu cür iki cümlə də var: “Bu məktubu gecikdirdiyim üçün məni üzürlü hesab edin. Yeganə bacımı itirməklə dərdim yaşımdan çox oldu”.
Ömrünün sonlarına yaxın 82 yaşlı şairənin dərdi yaşından çox idi.
Bu gün 102 yaşlı Mirvarid Dilbazi isə xoşbəxt sənətkardır, çünki illər keçir, o isə həmişə öz oxucusu ilə bir yerdə olur.
Mirvarid xanımın xəstəxanada yazdığı belə bir kiçik şeiri də var:
Dörd divar,
Bir tavan,
Bir döşəmə.
Bir də
Ürəyimdə sıxıntı,
Kədər.
Sabahı gözləyən ümidlər...
Sabahım da bu günümə bənzəsə əgər?..
Oxucunun qarşısındakı bu kitab Mirvarid xanımın həmin “sabahı”nın təcəssümüdür və nə yaxşı ki, o “sabah”ın işığı heç vəchlə xəstəxana palatasına sığışmır, şairənin ürəyindəki nigarançılığı əridib yox edir, onun “sabahı gözləyən ümidlərini” gerçək edir.
28 noyabr 2013.
Bakı.